Məhkəmə qərarları › İş №e-2(010)-1181/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1181/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1181/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 350 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1181/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 10:53-də Bakı şəhəri, S.Rüstəmov küçəsində iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “İsuzu NHR 55E” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Nissan Altima” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş AP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Nissan Altima” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 350 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA 78935/21 və PXA 88952/21 nömrəli sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 350 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsinə dair ilkin bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği şirkətin hesabına ödəməkdən yayınmışdır.

Tərəflərin izahatları.

4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iki ödəniş tapşırığı əsasında sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “İsuzu NHR 55E yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Nissan Altima minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən könüllü sığorta üzrə 100 manat azadolma məbləği nəzərdə tutulduğundan zərərçəkmiş şəxsə, yəni öz sığortalısına zərər məbləğindən 100 manat azadolma çıxılaraq 250 manat sığorta ödənişi etmiş və ödədiyi 250 manatı zərərvuran nəqliyyat vasitəsindən, yəni "xxxx" ASC-dən tələb etmişdir. "xxxx" ASC tərəfindən 250 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. Zərərçəkənin 100 manat məbləğini "xxxx" ASC-dən tələb etmək hüququ olduğundan "xxxx" ASC 100 manat məbləği zərərçəkən şəxsin təqdim etdiyi hesaba köçürmüşdür. Beləliklə, "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi üzrə ümumilikdə zərər məbləği olaraq 350 manat sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, yol-nəqliyyat hadisəsi 2020-ci ildə baş vermişdir. Baş vermiş hadisəyə görə 100 manat inzibati cərimə edilmişdir. Avtomobilə dəymiş zərərə görə sığorta şirkəti ondan rəsmi qaydada 250 manat məbləğində pul tələb etmişdir. Sonradan həmin pulu 100 manat da artırıb 350 manat tələb etmişdir. Hesab edir ki, bu artırma qanunsuzdur. Belə ki, şirkətin ondan ilk tələb etdiyi məbləğ 250 manatdır. Odur ki, məhkəmədən iddianın qismən – 250 manat məbləğində təmin edilməsini xahiş etdi.

İş materialları.

6. PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair elektron çıxarışdan görünür ki, “İsuzu NHR 55E” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixinədək əmlaka vurulan zərərə görə 5000 manat məbləğində icbari qaydada sığortalanmışdır. Müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir.

7. PXA88952 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də 26 sentyabr 2020ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığortalanmış “İsuzu NHR 55E” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta müddətində 03 dekabr 2020-ci il tarixdə, saat 10:53 radələrində Bakı şəhəri, S.Rüstəm küçəsində “Nissan Altima” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Sonuncu avtomobilə dəymiş zərərin 350 manat məbləğində olduğu qeyd edilmişdir. Həmçinin ödəniləcək sığorta ödənişinin 250 manat məbləğində olduğu qeyd edilmişdir.

8. PXA78935 nömrəli sığorta aktından görünür ki, sığorta ödənişinin ümumi məbləğinin (350 manat) dəymiş zərərdən 250 manat məbləğinin "xxxx" ASC-yə, qalıq qalan 100 manat məbləğinin isə (azadolma məbləği) sığortalı "xxxx" ASC-yə ödənilməli olması qeyd edilmişdir.

9. AP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 10:53 radələrində Bakı şəhəri, S.Rüstəm küçəsində Cavabdeh idarə etdiyi “İsuzu NHR 55E” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nissan Altima” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.

10. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına MVC0054/21 saylı akta əsasən sığorta ödənişi təyinatı ilə 350 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

11. xx.xx.2021-ci il tarixli, OD1 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin kart hesabına xx.xx.2020-ci il tarixli, 6607 saylı hesaba əsasən azadolma təyinatı ilə 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

12. xx.xx.2020-ci il tarixli, MV-C 00329-20 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-yə məxsus “Nissan Altima” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2019-cu il olan, qara rəngli nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “avtomobillərin tam sığortası” növü üzrə xx.xx.2021-ci il tarixinədək sığortalanmışdır.

13. xx.xx.2020-ci il tarixli, 1923/20 nömrəlli qiymətləndirmə aktından görünür ki, “Nissan Altima” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri və işçilik üçün 350 manat məbləğində xərc çəkilməli olduğu müəyyən edilmişdir.

14. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında yaranmış pul vəsaitinin məbləği (250 manat) barədə məlumat verilmiş, həmin məbləğin 7 iş günü ərzində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

15. “İsuzu NHR 55E” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında qüvvədə olmuşdur.

16. “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən könüllü sığorta edilmişdir. Müqavilə xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında qüvvədə olmuşdur.

17. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “İsuzu NHR 55E” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil Orxan Əbilovun idarə etdiyi “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

18. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə “İsuzu NHR 55E” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə; Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, inzibati cərimə edilmişdir.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 194. Tələbin güzəşti. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 898. Azadolma məbləği və gözləmə müddəti. 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

21. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət. Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

23. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

24. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “İsuzu NHR 55E Yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Nissan Altima minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh tətbiq edilmişdir.

25. Hadisə nəticəsində zərər çəkmiş “Nissan Altima minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər tərtib edilmiş qüsur aktına əsasən 350 manat məbləğində qiymətləndirilmişdir. Həmin avtomobil "xxxx" ASC tərəfindən sığorta olunduğundan müvafiq sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. Ödəniş zamanı zərərçəkmiş avtomobilin sığortaçısı ilə sığortalı arasında bağlanmış sığorta müqaviləsinə əsasən, 100 manat şərtsiz azadolma məbləği tətbiq edilmiş, "xxxx" ASC 250 manat məbləğində sığorta ödənişi həyata keçirmiş, dəymiş zərərin 100 manatı isə sığortalı tərəfindən ödənilmişdir. Bundan sonra "xxxx" ASC ödədiyi 250 manat məbləğində sığorta ödənişini zərərvuran avtomobilin sığortaçısı "xxxx" ASC-dən tələb etmişdir. "xxxx" ASC isə həm 250 manat məbləğində sığorta ödənişini, həm də sığortalının tələbinə uyğun olaraq, 100 manat məbləğində azadolma məbləğini müvafiq olaraq "xxxx" ASC-yə və zərərçəkən avtomobilin sığortalısına ödəmişdir. Hər iki ödənişi təsdiq edən ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir.

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən ondan subroqasiya qaydasında tələb edilən pulun 100 manatı ilə razılaşmamış, bunu onunla əsaslandırmışdır ki, sığorta şirkəti eyni hadisəyə görə ona məktubla müraciət edərək, ondan əvvəlcə 250 manat məbləğində pul tələb etmiş, bir müddət keçdikdən sonra tələbini əsassız olaraq artırmışdır. Məhkəmə bununla bağlı iş materiallarına istinadla qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş avtomobilə dəymiş zərərin məbləği hadisədən bir gün sonra tərtib edilmiş qiymətləndirmə aktına əsasən 350 manat məbləğində qiymətləndirilmişdir. Sadəcə olaraq, zərər çəkmiş avtomobilin sığortalısı və sığortaçısı arasındakı razılaşmaya uyğun olaraq, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi hesablanarkən 100 manat şərtsiz azadolma məbləği tətbiq olunduğundan zərər çəkmiş avtomobilin sığortaçısı "xxxx" ASC dəymiş zərərin 250 manatlıq hissəsini sığorta ödənişi etməklə qarşılamış, qalan 100 manatı isə sığortalı ödəmişdir. Bu səbəbdən sonradan "xxxx" ASC cavabdehin idarə etdiyi zərər vuran avtomobilin sığortaçısı olan "xxxx" ASC-dən subroqasiya qaydasında 250 manat məbləğində pul tələb etmiş, həmin pul "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarından görünür ki, öz növbəsində zərər çəkən avtomobilin sığortalısı da şərtsiz azadolma məbləğinə görə özünün qarşılamalı olduğu 100 manatlıq zərəri "xxxx" ASC-dən tələb etmiş, "xxxx" ASC həmin məbləği sığortalıya ödəmişdir.

27. Məhkəmə hesab edir ki, bununla da zərər çəkən avtomobilin həm sığortalısı, həm də sığortaçısı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri bu zərəri vurmuş şəxsdən tələb etmək hüququnu hazırkı iş üzrə iddiaçı "xxxx" ASC-yə güzəşt etmişdir. Belə ki, "xxxx" ASC həmin hüquqların dəyərini hüquq sahiblərinə ödəməklə bu hüquqları almışdır. Bu baxımdan o, həmin pulları cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

28. Beləliklə, iş materiallarından baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində başqa avtomobilə ziyan dəymiş olması və bu ziyanın iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 350 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

29. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 350 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar