Məhkəmə qərarları › İş №e-2(010)-2417/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2417/2024

30.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2417/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Şeydayeva (Məlikova) Nazilə İsmayıl qızı və onların vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızının cavabdehlər Cavabdeh1 və Şeydayeva (Məlikova) Nazı̇ lə İ̇smayıl qızına qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2636/2021 nömrəli iş üzrə qəbul etdiyi 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia təmin edilərək, Cavabdeh1 ilə X7 arasında 17 noyabr 2000-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu VVAQ şöbəsində 561 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh1 ilə X1 birgə nikahlarından doğulmuş 26 iyun 2006-cı il təvəllüdlü X5 boşanmadan sonra atası Cavabdeh1 yanında qalması qət edilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun müdiri Vəkil2 ünvanlanmış sorğuya cavabdan görünür ki, Cavabdeh1 aşağıdakı ailə tərkibi ilə ünvan 2 ünvanında qeydiyyatdadır:

1. Keçmiş həyat yoldaşı - Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızı, xx.xx.1983-cü il təvəllüdlü, xx.xx.2001-ci il tarixdən indiyə kimi qeydiyyatdadır;

2. Qızı - X6, xx.xx.2000-ci il təvəllüdlü;

3. Qızı - X9, xx.xx.2002-ci il təvəllüdlü;

4. Qızı - X8, xx.xx.2006-cı il təvəllüdü. Qeyd olunan evlə bağlı hüquq müəyyənedici sənədlərin olması və mülkiyyətçi barədə Əmircan qəsəbə nümayəndəliyində məlumat yoxdur. Qeyd: Sorğuya cavab “Ev təsərrüfatları uçotu kitabında xx.xx.2024-cü il tarixə olan məlumatlara əsasən verilib.

3. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh1 və Şeydayeva (Məlikova) Nazı̇ lə İ̇smayıl qızı mediasiya sessiyasında iştirak etməmişdir.

4. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızının dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2021 (Çıxış), xx.xx.2021 (Giriş), xx.xx.2021 (Çıxış), xx.xx.2022 (Giriş), xx.xx.2022 (Çıxış), xx.xx.2022 (Giriş).

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanın Cavabdeh2, X2, Cavabdeh1 adlarına qeydiyyatdan keçməsi ilə bağlı məlumat və onların adlarına tərtib edilmiş texniki pasport aşkar edilməmişdir. ünvan 2 ünvanında Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 15/1 saylı fərdi yaşayış evinə dair Cavabdeh2, X3, X2, Cavabdeh1 adlarına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 15/1 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

İşin faktiki halları

7. Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə nikahın bağlanması, bağlanmış nikahın xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulması, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 15/1 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızı cavabdehlər Cavabdeh1 və Şeydayeva (Məlikova) Nazı̇ lə İ̇smayıl qızına qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 5 ünvanda yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

9. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı hazırda valideynlərinin yanında qalır və yaşamağa başqa yeri yoxdur. Həmçinin, cehizləri də həmin mübahisə premeti olan mənzildədir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı özü də ailə həyatı qurub. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında cavabdeh Şeydayeva (Məlikova) Nazilə İsmayıl qızı vəkilinin izahatını müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasında cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının həmin evə köçürülməsinə razı deyillər. İddiaçı nikah şəhadətnaməsinə əsasən formal olaraq həmin evə qeydiyyata düşsə də, Konstitusiya Məhkəməsinin Plenum qərarında da deyildiyi kimi qeydiyyat mənzilə köçmək üçün əsas vermir. Təqdim edilmiş videoyazılardan və şəkillərdən də görünür ki, iddiaçı başqası ilə ailə qurmuşdur və uzun müddətdir ki, həmin evdə yaşamır. Həmçinin Cavabdeh1 da ikinci dəfə ailə qurmuşdur və iddiaçının həmin mənzilə köçürülməsini istəmirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq olunan hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

15. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

16. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli AİHM-nin Qərarı

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” 15 yanvar 2010-cu il tarixli Qərarıı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarı

Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsi məntiqsiz görünür.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməs Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

21. Belə ki, yaşayış sahəsinə dair mülkiyyət (digər əşya) hüquqlarının dövlət qeydiyyatına alınmaması halı öz-özlüyündə iddianın rədd edilməsi üçün yetərli əsas sayıla bilməz. Çünki iddiaçının tələbi mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının tanınması deyil, məhrum edildiyi yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Eyni zamanda yaşayış sahəsi bir iqtisadi dəyər kimi mövcuddur və şəxsin mənzil ehtiyacını qarşılayır. Buunla əlaqədar qeyd olunmaılıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

22. Ümumiyyətlə, özbaşına tikili hesab olunan yaşayış sahəsinə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlakı hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

23. Dolayısı ilə, şəxs özbaşına tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək (məsələn, həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək və s.) tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Qanuni nikah rejimi istisna olmaqla, həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.

24. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhvəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ da vardır.

25. Göründüyü kimi iddiaçının hazırki tələbinin təmin olunması üçün sübut edilməli olan əsas məsələ iddiaçının həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunun olmasıdır. Həmin hallara isə özbaşına tikilinin iddiaçının əmlakı, səyi və zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlakı hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyi aiddir.

26. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından və iş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmış və bundan sonra iddiaçı mübahisə predmeti olan evə gəlin köçmüşdür. Qeyd olunan hal iddiaçının özü tərəfindən yazılmış iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Tərəflər arasında olan nikah isə məhkəmə qətnaməsi əsasında xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində bir daha məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 15/1 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin evə dair Cavabdeh2, X3, X2, Cavabdeh1 adlarına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, həmin ünvanında Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızı xx.xx.2001-ci il tarixdən həmin evə müvəqqəti qeydiyyata düşmüşdür. Məhkəmə tərəfindən həmçinin iddiaçının mübahisə predmeti olan evdən məhrum edilib-edilməməsini araşdırmaq məqsədilə Dövlət Sərhəd Xidmətinə sorğu vermiş və məlum olmuşdur ki, tərəflər arasında olan nikah ləğv edildikdən sonra Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızı xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci illərdə ölkə sərhədini tərk etmiş və başqa yerdə məskunlaşmışdır. Göründüyü kimi tərəflər arasında olan nikah ləğv edildikdən sonra iddiaçı 4 ilə yaxın müddətdə həmin evdə yaşamamış və mənzilə ehtiyacı olmadığı üçün evə köçürülmə ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir.

27. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının həmin evdə yaşamaq hüququna əsas verən faktiki hallar da mövcud deyil. Belə ki, iddiaçı ailə quran zaman artıq həmin tikili mövcud idi və iddiaçı həmin evə gəlin köçmüşdür. Həmçinin, özbaşına tikilinin iddiaçının əmlakı, səyi və zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlakı hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyi sübuta yetirilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır.

Məhkəmə xərcləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Odur ki, iddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

31. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ağaxanova (Şeydayeva) Vüsalə Vahid qızının cavabdehlər Cavabdeh1 və Şeydayeva (Məlikova) Nazı̇ lə İ̇smayıl qızına qarşı "mənzilə köçürmə" tələbinə dair iddia rədd edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar