Məhkəmə qərarları › İş №e-2(010)-5240/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5240/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5240/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL-EE000900759 nömrəli kredit müqaviləsinə əsasən 862.23 manat əsas borcun, 164.27 manat faiz borcunun, 0.03 manat cərimə borcunun və 30.30 manat dövlət rüsumunun, 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanan xx.xx.2023-cü il tarixli, CL-EE000900759 nömrəli kredit müqaviləsinə əsasən Zəribə İsmayılovaya illik 18.9 %-lə 48 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirasını qəbul etmiş Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən sözügedən şəxslərə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş xx.xx.2023-cü il tarixli, CLEE000900759 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 862.23 manat, faiz borcu 164.27 manat, cərimə borcu isə 0.03 manat təşkil edir. Belə ki, cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.30 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqı ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək əsas və faiz borclarını mübahisələndirmədiyini, qanunauyğun həll edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Bank) və X6 (Borcalan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış CL-EE000900759 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, ““Bank” “Borcalan”a 48 ay müddətinə (xx.xx.2027-ci il tarixinədək), 1200 manat məbləğində, kreditdən istifadəyə görə illik 18,9% ödəmək şərti ilə kredit verməyi, “Borcalan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi, habelə kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, CL-EE000900759 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2023 – xx.xx.2027-ci il tarixləri arasında hər ay 35,82 manat (sonuncu ay 35,47 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X4 Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Vərəsələr: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 862,23 manat əsas, 164,27 manat faiz, 0,03 manat cərimə borcu olmaqla, cəmi 1026,53 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borcalanın qanun üzrə vərəsəsi olan cavabdehlərə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi (həm nağd, həm də kart krediti) üzrə borcun məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 3 (üç) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq məktubunun göndərilməsi barədə poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş vərəsəlik işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-6368 reyestr nömrəli ərizədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2024-cü ildə vəfat etmiş anasından miras qalmış Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Həmin vərəsəlik işinə əlavə edilən xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 415654 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2024-cü il tarixdə “qaraciyər əyriliyinin bədxassəli yenitörəməsi” səbəbindən Bakı şəhərində ölmüşdür. Həmin vərəsəlik işinə əlavə edilən xx.xx.1980-ci il tarixli, İİ-ЖQ seriyalı, 371901 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 və X5 arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 501 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Həmin vərəsəlik işinə əlavə edilən 139 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri ünvan 1 ünvaında qeydiyyatdadır və anası mərhum X6 ölən gününə - xx.xx.2024-cü il tarixədək Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olub və ailə üzvləri ilə birlikdə orada yaşayıb. Ailə üzvləri: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, X10 və X8. Həmin vərəsəlik işinə əlavə edilən Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş reyestr kitabında 1250-ci səhifədə 21360 nömrə ilə xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri ünvan 1 X3 adına qeydiyyatdan keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan (miras qoyan) X6 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda isə X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixə 862,23 manat əsas və 164,27 manat faiz, 0,03 manat cərimə borcu olmaqla, cəmi 1026,53 manat məbləğində borcu vardır. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun vərəsələri olaraq mərhum X1 qalmış mirası notarial qaydada qəbul etmiş, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludur. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş (kredit məbləğinin borcalanın bank hesabına köçürülməsini təsdiq edən ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir), lakin borcalan kredit müqavilələri üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi dəqiq müəyyən edilmişdir. Miras qoyanın qanun üzrə vərəsələri övladları, yəni hazırkı iş üzrə cavabdehlər müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdehlər miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmiş və notariat orqanına müraciət edərək miras əmlakın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Nəticədə miras əmlakın formal qəbulu üsulu (notariat orqanına ərizə verməklə) cavabdehlər tərəfindən realizə edilmişdir. Qeyd edilməlidir ki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qoyanın ölümü ilə əlaqədar açılmış vərəsəlik işi materiallarında onun qanun üzrə vərəsələri olan cavabdehlərin adına hər hansı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin aşkar olunmaması, özözlüyündə mirasın qəbul edilməməsi mənasına gəlmir. Belə ki, miras qoyanın ölümü ilə artıq açılmış miras üzrə cavabdehlər vərəsə statusu əldə etməklə, miras qoyanın əmlak hüquqlarını rəsmi qaydada əldə etmək üçün notariat orqanına müraciət etmiş və mirasın qəbulunun formal üsulunu öz iradəsi ilə həyata keçirmişdir. Müvafiq notariat hərəkətinin davamının aparılmaması və ya hazırda şəhadətnamənin iş materiallarında aşkar edilməməsi mirasın qəbul edilməməsi, bununla da vərəsənin miras qoyanın kreditorları qarşısında yaranmış əmlak vəzifələrinə görə məsuliyyət daşımaması qənaətinə gəlməyə əsas vermir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri ünvan 1 mərhum X3 adına qeydiyyatdan keçirilmişdir. Yəni həmin əmlak miras kütləsinə daxildir və kreditor qarşısında öhdəliyin icrası üçün kifayətdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İstinad edilən maddi hüquq normasının dispozisiya şərtlərindən də görünür ki, qanunverici yalnız bir halda – mirasın notarius tərəfindən siyahıya alındığı halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə vəzifəsindən azad etmiş və digər hallarda sübuetmə yükünü dəqiq bölüşdürməklə bu vəzifəni məhz miras əmlakı qəbul etmiş vərəsəyə aid etmişdir. Hazırda mübahisə edilən hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarı da mövcuddur (xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli). Baxılan iş üzrə mirasın məhz notarius tərəfindən siyahıya alınması ilə bağlı hər hansı sənəd (siyahıya alınma aktı) aşkar edilməmiş, miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə yükü qanunla cavabdehin üzərinə qoyulmasına baxmayaraq, cavabdeh qeyd edilən halların təsdiqinə dair mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mirasın qəbulunun formal üsulunu realizə edən cavabdeh tərəfindən müvafiq miras əmlak qəbul edilmiş hesab edilməli və miras qoyanın ölümündən sonra hazırkı iş üzrə iddiaçı qarşısında mövcud əmlak vəzifələri cavabdeh tərəfindən şəxsən icra edilməlidir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən, onlar, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30,30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 qanun üzrə vərəsələri cavabdehlərdən xx.xx.2023-cü il tarixli, CL-EE000900759 nömrəli kredit müqaviləsi üzrə 862,23 manat əsas və 164,27 manat faiz, 0,03 manat cərimə olmaqla, cəmi 1026,53 manat məbləğində borc və ödənilmiş 30,30 manat məbləğində dövlət rüsumu və 0.80 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməlidir Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:

İddia təmin edilsin. X3 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, CL-EE000900759 nömrəli kredit müqaviləsi üzrə 862,23 (səkkiz yüz altmış iki manat iyirmi üç qəpik) manat əsas və 164,27 (bir yüz altmış dörd manat iyirmi yeddi qəpik) manat faiz, 0,03 (üç qəpik) cərimə borcu olmaqla, cəmi 1026,53 (bir min iyirmi altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,30 (otuz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu, 0.80 (səksən qəpik) manat xidmət haqqı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar