Məhkəmə qərarları › İş №e-2(011)-2655/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2655/2024

31.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2655/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı “əmrin və müqaviləyə edilmiş dəyişikliklərin ləğv edilməsi, əvvəlki vəzifənin bərpa edilməsi, əmək normalarının və əmək funksiyasının həcminin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı “əmrin və müqaviləyə edilmiş dəyişikliklərin ləğv edilməsi, əvvəlki vəzifənin bərpa edilməsi, əmək normalarının və əmək funksiyasının həcminin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq əmək müqaviləsinin şərtlərinin və iddiaçının tutduğu vəzifənin dəyişdirilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş əmrin və 10 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi, iddiaçının məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsinə bərpa edilməsi, məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsi üzrə AR Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən əmək funksiyasının həcminin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən müəyyən edilməsi, hüquq xidmətlərinə dair ödənilmiş 1.300 manat məbləğində pulun, ödənilmiş 40 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 aprel 2005-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən elə həmin tarixdən bugünə qədər 7 nömrəli Şəhər Poliklinikasında müxtəlif vəzifələrdə çalışmışdır. Uzun müddət, yəni 01 dekabr 2022-ci il tarixədək məşğulluq təsnifat kodu ********** olan Terapevt/Sahə həkimi-terapevt vəzifəsində işləmişdir. Daha sonra iddiaçının razılığı ilə 01 dekabr 2022-ci il tarixdən məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsində işləmişdir və əmək haqqı 1.287 manat olmuşdur. 25 yanvar 2023-cü il tarixdə eyni vəzifədə qalmaqla əmək haqqı 1.360 manat olaraq müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Terapevt/Həkimterapevt vəzifəsində işlədiyi müddət ərzində 7 nömrəli şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova tərəfindən iddiaçının əmək funksiyaları əsassız olaraq məhdudlaşdırılmışdır. İddiaçı ilə eyni vəzifədə işləyən digər terapevt/həkim-terapevtlər iddiaçıdan fərqli əmək funksiyaları da icra edirlər, lakin iddiaçının eyni funksiyaları icra etməyinə süni maneələr yaradılır. İddiaçı terapevt/həkim-terapevt vəzifəsində çalışaraq yalnız qonaq qismində gələn, yəni ailə həkimlərində qeydiyyatda olmayan xəstələrin qəbulu, müayinə və müalicəsi ilə məşğul olur. İddiaçı ilə eyni vəzifədə işləyən həkimlər isə iddiaçının yerinə yetirdiyi əmək funksiyalarını yerinə yetirsələr də, əlavə olaraq və iddiaçıdan fərqli olaraq sağlamlıq haqqında tibbi arayışların, peşə ilə bağlı tibbi müayinələrin, sürücülük vəsiqəsi almaq üçün tibbi arayışların işlənilməsi və verilməsi funksiyaları da yerinə yetirirlər. Qeyd olunan hallarla bağlı iddiaçının 7 nömrəli şəhər poliklinikasının rəhbərliyinə iradını bildirməyinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Əksinə 7 nömrəli şəhər poliklinikasının rəhbərliyi tərəfindən iddiaçının razılığı və məlumatı olmadan əmək müqaviləsində vəzifəsi ilə bağlı qanunsuz olaraq dəyişiklik edilmiş və vəzifəsi məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkimterapevt vəzifəsindən məşğulluq təsnifat kodu ********** olan Həkim ümumi/Həkim-terapevt vəzifəsinə keçirilmişdir. Vəzifəsinin dəyişməsi barədə məlumatı əmək hüquqlarının müdafiə olunması üçün müvafiq araşdırma apararkən araşdırma nəticəsində əldə etmişdir. Hesab edir ki, belə bir qanunsuz hərəkətin edilməsində məqsəd iddiaçının əvvəlki vəzifəsi üzrə əmək funksiyası ilə bağlı haqlı tələblərinin qarşısını almaqdır. Eyni zamanda, qeyd edilməlidir ki, 7 nömrəli şəhər poliklinikası Bakı Baş Səhiyyə X9 Şəxsin tabeçiliyində fəaliyyət göstərən tərkib tibb müəssisədir. Həmin tibb müəssisənin baş həkimə ayrıca möhür təqdim edilsə də və əmək müqaviləsində həmin möhürdən istifadə olunsa da, müstəqil hüquqi şəxs deyil və işəgötürən olaraq Bakı Baş Səhiyyə X9 Şəxsi çıxış edir və əmək müqaviləsində işəgötürəni təmsil edən şəxs olaraq 7 nömrəli şəhər poliklinikasının baş həkimi X4 təmsil edir. Pozulmuş hüquqlarının bərpası ilə əlaqədar dəfələrlə 7 nömrəli şəhər poliklinikasının baş həkimi X3 müraciət olunsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Hətta tərəfindən mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədi ilə Bakı Baş Səhiyyə X9 Şəxsin əmək müqaviləsində təmsilçisi olaraq çıxış edən 7 nömrəli şəhər poliklinikasının baş həkimi X3 müraciət göndərilsə də, heç bir münasibət bildirilməmiş və mediasiya prosesində iştirak edilməmişdir. Qeyd olunan hərəkətlər nəticəsində iddiaçının əmək hüquqlarınının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, 7 nömrəli şəhər poliklinikasının rəhbərliyi tərəfindən iddiaçının vəzifəsinin dəyişdirilməsi ilə bağlı nə əmrin surəti, nə də digər sənədlər qərəzli şəkildə təqdim edilmir. Öz imkanları hesabına hansı sənədləri əldə edə bilmişsə hazırki iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar əlavə olaraq məhkəmə və hüquqi xidmət üçün xərclər çəkilmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı 7 nömrəli Şəhər poliklinikasının terapiya şöbəsinin müdiri X12 cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, təsnifat kodunun dəyişməsi iddiaçının hər hansı hüququnu pozmamış, onun əmək funksiyasında hər hansı dəyişikliyə səbəb olmamışdır. Bakı şəhəri üzrə bir çox səhiyyə qurumlarında belə dəyişikliklər aparılmış, bu dəyişikliklərin tətbiq edilməsi TƏBİB tərəfindən verilmiş göstəriş əsasında həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X2 nümayəndə X5 ilə eyni mövqedə olmuşdur. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçı terapevt fəaliyyəti ilə praktik məşğul olmaq üçün sonuncu dəfə 2022-ci ildə sertifikasiyadan keçmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı 7 nömrəli şəhər poliklinikasında məşğulluq təsnifat kodu ********** olan Terapevt/Sahə həkimi-terapevt vəzifəsində çalışmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə 02 dekabr 2022ci il tarixdə edilmiş dəyişikliyə əsasən iddiaçı məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsinə keçirilmişdir. Daha sonra müqaviləyə 10 oktyabr 2023cü il tarixdə edilmiş dəyişikliyə əsasən iddiaçı məşğulluq təsnifat kodu ********** olan Həkim (ümumi)/Həkim-terapevt vəzifəsinə keçirilmişdir. İş materiallarında mövcud olan elektron bildirişdə iddiaçının 7 nömrəli şəhər poliklinikasında məşğulluq təsnifatı üzrə həkim (ümumi); əmək müqaviləsi üzrə həkimterapevt vəzifəsində çalışdığı qeyd edilmişdir. 7 nömrəli şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, 2023-cü ilin oktyabr ayında “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tapşırığına əsasən Bakı şəhəri üzrə bütün tibb müəssələrinin ştat cədvəlləri yenilənərək struktur bölmədə ümumi poliklinika şöbəsi - poliklinika şöbəsi adlandırılmışdır. Poliklinika şöbəsində yerləşdirilən heç bir tibb işçisinin əmək müqaviləsində (vəzifəsində, iş saatlarında, əmək haqlarında və məzuniyyət hüququnda) dəyişiklik olmamışdır. Bu səbəbdən yeni əmək müqaviləsi işçiyə təqdim olunmamışdır. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞnin tabeliyindəki müəssisələrin ştat cədvəlinin təsdiq edilməsi barədə əmrdən görünür ki, hüquqi şəxsin tabeliyində olan 7 nömrəli şəhər poliklinikasında ştat cədvəllərinin təsdiq edilməsi nəzərə alınmışdır. 7 nömrəli şəhər poliklinikasının 10 oktyabr 2023-cü il tarixli 99 nömrəli əmrinə əsasən, 2023-cü ilin yeni ştat cədvəlinə uyğun olaraq 7 nömrəli şəhər poliklinikasının : Ümumi poliklika şöbəsinin tibb qeydiyyatçılar və kiçik tibb işçilərinin əmək müqavilələrində müvafiq dəyişiklik edilməklə şöbələrinin adı dəyişdirilərək Qeydiyyat bölməsi və Təsərrüfat bölməsi adlandırılmışdır. İş materiallarında olan məşğulluq təsnifatından görünür ki, həkimlər 2211 kodu ilə ümumi praktika ilə məşğul olan həkimlərə və 2212 kodu ilə ixtisaslaşmış həkimlərə bölünür. İş materiallarında olan tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarına əsasən həkim terapevtin nümunəvi vəzifə təlimatları müəyyən edilmiş, iddiaçı da təlimata imza ataraq tanış olduğunu qeyd etmişdir. İddiaçı hüquqlarının pozulması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 46-cı maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 46-cı maddəsinin 6-cı bəndinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən qanunsuz olaraq əmək müqaviləsinin şərtlərinin və iddiaçının tutduğu vəzifənin dəyişdirilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş əmrin ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı əmək müqaviləsinin şərtlərinin və tutduğu vəzifənin dəyişdirilməsi ilə bağlı əmrin mövcud olduğuna istinad etsə də belə bir əmrin mövcudluğuna dair sübutlar nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, nə də araşdırılma zamanı belə bir əmrin mövcud olduğu aşkar edilmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Çünki mövcud olmayan əmrin ləğvi ağlabatan deyil. Məhkəmə iddia tələbinin 10 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iddiaçı onun tutduğu vəzifənin təsnifat kodunun dəyişməsini əsas gətirərək bütövlükdə əmri mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi əmək müqaviləsinin ləğvi üçün əsaslar aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin iddiaçının məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsinə bərpa edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya terapiya ixtisası ilə məşğul olmaq üçün müvafiq sertifikasiya şəhadətnaməsi verilmişdir. İddiaçının müqavilə əsasında hazırda rəsmiləşdirildiyi təsnifat kodu ümumi həkimlərə aid olan koddur. Halbuki iddiaçı həkim-terapevt olaraq ixtisaslaşmış həkimlər kateqoriyasına aiddir. Məhkəmə araşdırması zamanı cavabdehi təmsil edən nümayəndələri təsnifat kodları üzrə fərqin olmadığını qeyd etsələr də, elektron sistemə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, kodlarda fərq var. Belə ki, iddiaçının bildirişində hər iki kod üzrə vəzifə tutduğu göstərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, vəzifənin dəyişdirilməsi iddiaçının razılığı ilə həyata keçirilməli idi. Araşdırılmadan görünür ki, iddiaçıdan belə bir razılıq alınmamış, ona məlumat verilmədən əmək müqaviləsində dəyişiklik edilmişdir. Odur ki, cavabdehin istinad olunan hərəkəti qanunsuzdur. Yuxarıda istinad olunanlara əsasən iddia tələbi bu hissədə təmin olunmalı və iddiaçı məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkimterapevt vəzifəsi üzrə AR Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən əmək funksiyasının həcminin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarına əsasən həkim terapevtin nümunəvi vəzifə təlimatları müəyyən edilmiş, iddiaçı da təlimata imza ataraq tanış olduğunu qeyd etmişdir. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquq xidmətlərinə dair ödənilmiş 1.300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 18 yanvar 2024-cü il tarixli müqavilənin və qəbzin surətindən görünür ki, iddiaçıya göstərilmiş hüquqi yardımın məbləği 200 manat olaraq müəyyən edilmişdir və həmin məbləğ iddiaçı tərəfindən “Kredo” Vəkil bürosunun hesabına ödənilmişdir. Odur ki, məhkəmə, hüquqi xidmətlərə görə ödənilmiş 200 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanunauyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 7 nömrəli şəhər poliklinikasında məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkimterapevt vəzifəsinə bərpa olunmalı, hüquqi xidmətlərə görə ödənilmiş 200 manat cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-dən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, iddiaçı 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ödəmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı 7 nömrəli şəhər poliklinikasında məşğulluq təsnifat kodu ********** olan Terapevt/Həkim-terapevt vəzifəsinə bərpa olunsun. İddiaçı hüquqi xidmətlərə görə ödədiyi 200 (iki yüz) manat, 40 (qırx) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞdən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar