Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-284/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə və qeyrisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə, ünvan 3 və Səbail Rayon İcra Şöbəsinə qarşı notariusun 28 yanvar 2022-ci il tarixli 8İ-482 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında Səbail rayon İcra şöbəsi tərəfindən məlumat verilmişdir ki, cavabdeh Bank "xxxx" tərəfindən, Bakı şəhəri 29 saylı notariat ofisi vasitəsi ilə, 8İ-482 nömrəli qeydi ilə, ipoteka predmetinə tutma yönəldilməsi haqqında 28 yanvar 2022-ci il tarixli icra qeydi informasiya sisteminə daxil olaraq, icra olunması üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydindən məlum olmuşdur ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-dan qötürdüyü ipoteka krediti üzrə gecikmə baş verdiyi üçün, Bank "xxxx" ASC tərəfindən icra qeydi vasitəsi ilə Səbail rayon icra şöbəsinə yönəldilmişdir. Həmin icra qeydində göstərilir ki, iddiaçı ilə bağlanmış kredit və ipoteka müqaviləsinə əsasən güya ki, 61795,31 manat əsas borc, 13935,89 manat məbləğində faiz borcu, 16956,06 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 130891,95 manat borcu vardır. İddiaçı tərəfindən kifayət qədər kredit ödənişi olmuşdur və hazırda "xxxx" ASC tərəfindən icra qeydində yuxarıda qeyd olunan şişirdirilmiş məbləğ qanuna ziddir. Bundan başqa kredit və ipoteka müqavilələrinin ləğv olunması yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Bütün bunları nəzərə alaraq həmin icra qeydi ləğv olunmalıdır və iş üzrə məhkəmə araşdırmas ıaparılmalıdır. Belə ki, iş üzrə məhkəmə çəkişməsində olduğu zaman, ekspertiza təyin olunur və ekspert rəyinin nəticəsində sübuta yetiril ki, borc şişirdirilmişdir və ya şişildirilməmişdir. İca qeydində göstərilən borc bir mənalı şişirdirilibdir. Aydındır ki, bu məbləğ qanunna ziddiyət göstərir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və mülki iş materiallarında olan sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli 8İ-482 nömrəli icra qeydinin surətindən məlum olur ki, Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1025, ünvan 1 ünvanında yerləşən BANK "xxxx" ASC VÖEN:********** tələbi ilə ipoteka qoyan- məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməsini təklif etmişdir. (Öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 61795.31 AZN əsas borc, 13935.89 AZN faiz borcu, 16956.06 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 130891.95 AZN təşkil edir.) İş materiallarında olan Bank "xxxx" ASC-nin ünvan 3 ünvanladığı ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, DEK-00073-05/20A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi üçün icra qeydinin aparılması xahiş edilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEKG-00073-05/20A nömrəli Kredit Xətti Müqaviləsinin surətindən görünür ki, İddiaçı illik 19 faiz ödəmək şərtilə 24 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEKG-00073-05/20A nömrəl X2 surətindən görünür ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEKG-00073-05/20A nömrəli Kredit Xətti Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzil yenidən ipoteka qoyulur. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Bank "xxxx" ASC İddiaçı kredit müqaviləsi üzrə əsas borc, faiz və dəbbə pulunun ödənilməsi məqsədilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli, PROF-2021/1209 saylı bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bank "xxxx" ASC-nin Promo Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli elektron müraciətə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzil dair tutma yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilə tutmanın yönəldilməsi barədə İddiaçı bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli DEKG-00073-05/20A nömrəli Kredit Xətti Müqaviləsi üzrə borcu əsas borc üzrə 100000 manat, vaxtı keçmiş faiz borcu üzrə 13883.11 manat, dəbbə borcu üzrə 16956.06 manat, cəmi 130891.95 manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzil Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Bakı şəhəri, 29 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Görünüdüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra qeydi borclunun olduğu yer üzrə notarius tərəfindən aparılır. Lakin borclu İddiaçı Səbail rayonu ərazisində qeydiyyatda olmağına baxmayaraq, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, onun barəsində icra qeydi aparan Bakı şəhəri 29 saylı notariat ofisi Nəsimi rayonu ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müddəaları pozulmaqla aparılmışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə əsasən İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması üçün icra qeydi əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli, ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli təqdim edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq. 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Lakin icra qeydinə dair notariat işinin surətində olan borclunun hesabından çıxarışda müddəti keçirilmiş borcun məbləği göstəilməmiş, maliyyə arayışında isə borc üzrə faiz və cərimələrin hesablanmaq tarixi və məbləğləri göstəilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olmayan sənədlər notarius tərəfindən borcun mübahisəsiz olub-olmadığına dair düzgün qərarın qəbul edilməsi üçün yetərli olmamışdır. xx.xx.2021-ci il tarixli arayışda müddəti keçirilmiş borcun məbləği, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməmişdir. Buna görə də, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı kimi qəbul edilə bilməz. Beləliklə borcluya ünvanlanmış bildirişlər və borc barədə tərtib edilmiş arayış borcun mübahisəsiz olduğunu təsdiq etmir. Digər tərəfdən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli bildiriş qanunvericiliyin tələblərinə uyğun olsa da, mülki iş materiallarına əlavə edilmiş poçt qəbzində həmin bildirişin göndərildiyi və təqdim edildiyi tarixlər qeyd edilməmiş, eyni zamanda bildirişin İddiaçı tərəfindən deyil, Ağayev soyadlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli digər bildiriş isə ümumiyyətlə qanunvericliyin tələblərinə uyğun tərtib edilməyib. Belə ki, həmin bildirişdə ipotekanın müvafiq reyestrdəki qeydiyyat anı və nömrəsinə istinad edilməməklə yanaşı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq da edilməmişdir. Eyni zamanda tutmanın yönəldilməsi haqqında bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bank "xxxx" ASC-nin Promo Filialına ünvanladığı məktubdan görünür ki, Bank "xxxx" icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müvafiq orqana xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Halbuki “İpoteka haqqında” 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda davam edə bilməz: “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Göründüyü kimi borclu İddiaçı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericilklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və bununla da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququndan məhrum edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri 29 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 8İ-482 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi İddiaçı konstutsion hüququ olan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Beləliklə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyən Bakı şəhəri 29 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 8İ-482 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 29 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 8İ-482 nömrəli icra qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-284/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-284/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver