Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-434/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı “X7” ASC-nin cavabdeh X4 qarşı (iddiaçının ərizəsi əsasında X1 əsl cavabdeh X6) “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Xətai RİH Başçısının xx.xx.2013-cü il tarixli sərəncamından çıxarışdan görünür ki, cavabdeh qardaşı Vüsal Əsgərbəylinin qəyyumu təyin edilmişdir.
2. İddiaçı ilə Vüsal Əsgərbəyli arasında xx.xx.2022-ci il tarixli oferta mqaviləsi əsasında elektron (SMS xidmətindən istifadə etməklə) qaydada 7941nkAHMb/22 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Vüsal Əsgərbəyliyə 35 ay müddətinə, illik 29,5% olmaq şərtilə, 600 manat kredit verilmişdir.
3. Həmçinin, Vüsal Əsgərbəyli tərəfindən imzalanmaqla xx.xx.2022-ci il tarixdə iddiaçıya ərizə təqdim edilmiş, ərizənin 2, 3 və 5-ci bəndlərində cavabdeh ona azərbaycan manatı ilə cari vədepozit hesabının açılmasını, 62 təqvim günü müddətinədək güzəşt müddəti olan və mobil tətbqində göstərilən məbləğdə kredit xəttinin ayrılmasını xahiş etmiş, kredit xətti üzrə digər şərtləri ofertada qeyd edildiyi kimi qəbul etdiyini, kredit limitinin artırılması və azaldılması barədə Banka müraciət edəcəyi halda, Bankın verdiyi qəbul edəcəyi qərarla, habelə Bankın mülahizəsinə görə ona ayrılmış kredit xətt limitinin azaldılması və artırılmasına razılıq verdiyini, bütün bu məlumatların ona mobil əlavə vasitəsi ilə göndərilməsinə razı olduğunu bildirmidir.
4. Habelə, Vüsal Əsgərbəylinin istifadəsində olan +**********67 saylı telefon nömrəsinə (FİN: xxxxxxx) göndərilmiş bildirişlərin tarixçəsindən müəyyən olunur ki, cavabdehə 35 ay müddətinə, illik 29,5%, aylıq ödəniş 26 manat olmaq şərtilə, 600 manat kredit təklif edilmiş və eyni tarixdə vəsaitin onun kartına köçürülməsi, ödənişin hər ayın 26sı tarixində ediləcəyi bildirilmişdir.
5. Cavabdeh qismində əvvəl X5 cəlb edilsə də, iddiaçının ərizəsi ilə sonradan o, əsl cavabdeh X6 ilə əvəz edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 554,25 manat əsas, 115,91 manat faiz, 5,9 manat cərimə olmaqla, cəmi 676,06 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək 554,25 manat əsas, 115,91 manat faiz olmaqla, cəmi 676,06 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qərtnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Vüsal Əsgərbəyli arasında xx.xx.2022-ci il tarixli ərizəsi və Ümumi oferta müqaviləsinə əsasən ona 600 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd edilən məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı hesabı açır, borcalan isə həmin məqsədli təyinatna uyğun istifadə etməyi bə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023, cümə axşamı tarixinə iddiaçıya 554,25 manat əsas, 115,91 manat faiz borcu olmaqla, cəmi 670,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, qardaşı kredit müqaviləsi bağlayan zaman ona məlumat versəydilər, o, cavabdehlik daşıyardı. Qardaşının nitq qüsuru da var, əgər ətraflı araşdırsaydılar onun fəaliyyət qabiliyyətinin olmadığını müəyyən edə bilərdilər. O, borcun ödənilməsi üçün Bank qarşısında heç bir öhdəlik daşımır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 28.5. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar.
12. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
14. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
15. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
16. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.
17. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər.
18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 1105.1. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
24. Məhkəmə hesab edir ki, iddia tələbinə hüquqi qiymət verilməzdən əvvəl iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsinin etibarlı olub-olmaması məhkəmə tərəfindən yoxlanılmalıdır. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərrdadında qeyd edilir ki, ....Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” Məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
25. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.
26. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
27. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır.
28. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.
29. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir.
30. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli oferta müqaviləsi əsasında elektron (SMS xidmətindən istifadə etməklə) qaydada 7941nkAHMb/22 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Vüsal Əsgərbəyliyə 35 ay müddətinə, illik 29,5% olmaq şərtilə, 600 manat kredit verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3970/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanan zaman Vüsalın fəaliyyət qabiliyyətinin olmaması işin mübahisəsiz halıdır. Qətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə müqavilə bağlanan zaman Cavabdeh öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamışdır. Bu halda, xx.xx.2022ci il tarixdə bağlanmış kredit müqaviləsinin bağlanması zamanı iradə ifadəsinə bağlı olan şərtlər pozulmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixli, 7941nkAHMb/22 saylı kredit müqaviləsi duğundan həmin müqavilə mübahisələndirilən etibarsız əqddir.
31. Məhkəmə qeyd edir ki, qanunda müqavilənin (əqdin) etibarsız hesab edilməsi, etibarsızlıq nəticəsində əldə edillənlərin geri qaytarılması qaydası da (restitusiya qaydası) müəyyən edilmişdir. Bu qayda Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən bu Məcəllədə əqdin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı hazırkı mübahisə üzrə xx.xx.2022ci il tarixli, 7941nkAHMb/22 saylı kredit müqaviləsinin etibarsızlığı ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş başqa nəticələrin olması müəyyən edilmədi. Odur ki, sözügedən kredit müqaviləsi üzrə əldə edilmiş və banka qaytarılmayan pul vəsaiti, habelə həmin puldan istifadəyə görə hesablanmış faizlər də iddiaçıya qaytarılmalıdır. Pul vəsaitinin və ona hesablanmış faizin qaytarılmalı olması kredit müqaviləsinin mahiyyətindən irəli gəlir.
32. Lakin işin əvvəldə də şərh edilən mübahisəsiz hallarından da görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsini imzalamış Vüsal Əsgərbəylinin həmin vaxt fəaliyyət qabiliyyəti olmamışdır. Bu halda, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydasının ona münasibətdə tətbiq edilməsi mümkün olmayacaqdır.
33. Lakin məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Vüsal Əsgərbəyliyə münasibətdə restitusiya qaydasının mümükün olmaması iddiaçının Mülki Məcəllənin 21-ci maddəsi ilə dəymiş zərəri tələb etmək hüququnu istisna etmir. Belə ki, fəaliyyət qabiliyyəti olmayan Vüsal Əsgərbəylinin hərəkətləri nəticəsində iddiaçı bank pul formasında əmlakından, habelə bankın həyata keçirdiyi fəaliyyət nəzərə alındıqda, həmin pul vəsaitindən istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda formasında gəlirlərindən məhrum olmaqla ona zərər dəymişdir.
34. Konkret mübahisəyə gəldikdə, iddiaçıya dəymiş zərərin tələb edilməsinin hüquqi əsası Mülki Məcəllənin 1105-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəadan görünür ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və s. şəxslər ödəyir. Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin vurduğu zərərin əvəzinin qəyyum, yaxud həmin müddəada göstərilən digər qurumlar tərəfindən ödənilməməsinin yeganə şərti isə, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirilməsi ilə bağlıdır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh fəaliyyət qabiliyyəti olmayan qardaşı Vüsal Əsgərbəyli tərfindən kredit müqaviləsinin bağlanmasında onun təqsirini istisna edən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh bütün məhkəmə iclaslarında kredit müqavilənin bağlanmasında iddiaçının təqsirli olmasını iddia edirdi.
35. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh fəaliyyət qabiliyyəti olmayan qardaşı Vüsal Əsgərbəylinin qəyyumu olduğundan iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.
36. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 554,25 manat əsas, 115,91 manat faiz olmaqla, cəmi 670,16 manat pul məbləği, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu X2 tutularaq “X7” ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı