Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-519/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh əsassız varlanmaya görə 3082.14 euro məbləğində əsas borc, 993.40 euro faiz borc olmaqla, cəmi 4071.94 euro məbləğində pul vəsatinin, həmçinin 93.71 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsi əsasında İddiaçıSC tərəfindən cavabdehə Euro valyutasında **********505322 nömrəli debet (MC Black edition) kartı verilmişdir. Cavabdeh istifadəsində olan **********505322 saylı kartı hesabına müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, euro valyutasında olan kart hesabı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cəmi olaraq 3082.14 Euro məbləğində pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 3082.14 Euro məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 3082.14 Euro məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 3082.14 Euro məbləğində əsas borc, 993.40 Euro faiz borcu olmaqla, cəmi 4071.94 Euro məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2023-cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsinə etiraz etdiyini bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə k, onun icazəsi olmadan onun hesabından pul çəkilmişdir. Kartına 6000 avro yüklənən zaman o, ölkə xaricində olmuş, Bakı şəhərinə qayıtdıqdan sonra sözügedən halın araşdırılması zamanı banka yaxınlaşmış, lakin ona hər hansı açıqlama bildirilməmişlər. Ona bildirilən o, olmuşdur ki, “no debet” əməliyyat edilərək, bank tərəfindən onun hesabında olan pul silinmişdir. Halbuki, bankın belə bir ixtiyarı olmamışdır. Bundan başqa o, bank hesabına 6000 avro pul qoyulacağından məlumatlı olmuşdur. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə pulun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. 352399 nömrəli qaimədən görünür ki, xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixində cavabdehin ünvanında çatdırılmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 93.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizədən görünür ki, Cavabdeh kart hesab valyutası euro olan MC Black Edition plastik kartının verilməsi üçün banka müraciət etmişdir. İş materiallarında olan, arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə overdraft borcu 3082.14 avro, overdraftın faiz dərəcəsi 42%, iddia qaldırılan günə faiz borcu 993.4 avro təşkil edir. Məhkəmə iclasında mütəxəssis kimi iştirak etmiş X4 bildirmişdir ki, Bankın Nizami filialından xx.xx.2022-ci ildə cavabdehə məxsus karta 6000 avro məbləğində pul mədaxil olmuşdur. Qeyd edilən pul cavabdehin kartına yüklənən kimi o, 3000 avro məbləğində pulu kard to kard etmişdir. Lakin sonradan əməliyyat ləğv edilmiş və 6000 avro məbləğində pul kassadan məxaric olunmuşdur. Əməliyyat o hallarda ləğv edilir ki, pulu göndərən hesabın səhv olduğu bildirir və sair səbəblərdən pulu qoyan əməliyyatın ləğvini tələb edir. Buna görə də cavabdehin kartındakı məbləğ mənfiyə düşmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. Həmin Məcəllənin 954.3-ci maddəsinə görə bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Həmin Məcəllənin 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 960.2-ci maddəsinə tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2 -ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 xx.xx.2019-cu il tarixində ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizə ilə İddiaçı ASC-yə müraciət etmiş, həmin ərizədən görünür ki, cavabdeh Kompleks bank xidməti müqaviləsi və İddiaçı ASC-nin bank kartlarından istifadə və xidmət Qaydaları ilə tanış olmuş, onlar ilə razılaşmış və yerinə yetirəcəyini öz imzası ilə təsdiq etmişdir. Odur ki, hazırkı mübahisəni həllində Kompleks bank xidməti müqaviləsinin şərtləri araşdırılmalıdır. Həmin müqavilənin şərtindən görünür ki, overdraft – müştərinin bank hesabında vəsaitin olub-olmamasından asılı olmayaraq müvafiq razılaşmaya əsasən müəyyən edilmiş müddət ərzində geri qaytarılması şərti ilə müvafiq məbləğədək vəsaitin (kreditin) müştəri tərəfindən istifadəsinə yaradılan şəraitdir. Bununla da müəyyən edilir ki, overdraft kredit məhsulu hesab edilir. Həmin müqavilənin 3.1.3-cü bəndindən müəyyən edilir ki, bankın razılığı olmadan hesabdakı vəsaitdən artıq istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur. Bank hesabı müqaviləsinə müvafiq surətdə pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Göründüyü kimi, həm mülki qanunvericiliyin bank hesabı ilə bağlı münasibətləri tənzimləyən normlarında, həm də tərəflər arasında buna dair bağlanmış müqavilədə qeyd olunan xarakterli münasibətlərə borc (kredit) haqqında qaydaların tətbiq edilməsi müəyyən qanuni şərtin (müştərinin hesabdan onda olan vəsaitdən artıq istifadə etməsi) baş verməsindən asılı edilmişdir ki, bu şərtin ödənildiyini sübuta yetirmək vəzifəsi isə iddia edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə cavabdehlə arasında bağlanmış Kompleks bank xidməti müqaviləsi və hesabdan çıxarış məlumatları təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa diqqətlə fikir versək və hesabdan çıxarışda “Debet” qrafasının (+) ödəniş, “Kredit” qrafasının (-) xərc, “Qalıq” qrafasının isə hesabın balansı olduğu nəzərə alınanda görünür ki, xx.xx.2022-ci il tarixində bank hesabında 8.19 avro olmuşdur. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək isə 3650 avro, 500 avro, 6000 avro məbləğində hesaba ödəniş edilmiş, hesabda olan 8.19 avro ilə birlikdə cavabdehin hesabında 10158.19 ( 8.19+3650+500+6000= 10158.19) avro pul olmuşdur. Yenə həmin çıxarışdan görünür ki, xx.xx.2022-ci ildə hesabdan 6000 avro pul çıxarılmış (silinmiş) və hesabdakı pul 4158.19 (101xx.xx-6000=4158.19) avro olmuşdur. Həmin çıxarışdan görünür ki, xx.xx.2022-ci ildə cavabdehin hesabına ayrı-ayrılıqda olmaqla 500 avro, 170.15 avro və 15 avro məbləğində ödəniş edilmiş və cavabdehin hesabındakı məbləğ 4843.34 (4158.19+500+170.15+15=4843.34) avro olmuşdur. xx.xx.2022-ci ildə isə ayrı-ayrılıqda 1015 avro, 1015 avro, 1015 avro və 609 avro məbləğində pul çıxarılmış və cavabdehin hesabındakı pulun məbləği 1189.34 (48xx.xx- 1015-1015-1015-609=1189.34) avro olmuşdur. Hesabdan çıxarışa diqqətlə fikir versək, bundan sonrakı əməliyyatlarda uyğunsuzluq olduğu öz təsdiqini tapır. Belə ki, cavabdehə məxsus kart hesabında 1189.34 avro olmasına baxmayaraq, xx.xx.2022-ci ildə saat 11:10 radələrində hesabdan 3000 avro çıxarılmış, bununla da texniki overdraft yaranmış, yəni cavabdeh hesabdakı vəsaitdən 1810.66 (3000-1189.34=1810.66) avro artıq istifadə etmişdir. Yenə həmin hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən başlanaraq 95.86 avro, 166.20 avro, 203 avro, 76.32 avro, 78.60 avro,17.40 avro,15 avro,50 avro, 7.60 avro, 13 avro, 9.60 avro, 476.73 avro, 23.97 avro və 38.20 avro məbləğində pul çıxarılmışdır. Göründüyü kimi xx.xx.2022-ci il tarixindən edilmiş overdraft nəticəsində 3082.14 (1810.66+95.86+166.20+203+76.32+78.60+17.40+15+50+7.60+13+9.60+476.73+23.97+ 38.20)=3082.14) avro məbləğində pulun cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmiş və cavabdeh 3082.14 avro məbləğində əsassız varlanmışdır. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Məhkəmə iddia tələblərinin 993.40 avro faiz borcunun cavabdehdən tutulması hissəsini isə əsaslı saymır. Belə ki, Kompleks bank xidməti müqaviləsinin 3.3.5-ci maddəsinə əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faziləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır. Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Lakin məhkəmə overdraft nəticəsində cavabdehdən illik 42 faiz məbləğində pulun tutulmasını ağlabatan hesab etmir. Belə ki, müqavilənin belə bir şərt ilə bağlanması cavabdehin əlverişsiz vəziyyətə salması kimi qiymətləndirilir. Buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən tələb edildiyin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50.82 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3082.14 (üç min səksən iki avro on dörd sent) avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50.82 (əlli manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-519/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-519/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver