Məhkəmə qərarları › İş №e-2(011)-5758/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5758/2024

26.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5758/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı cavabdeh "Azərbaycan X3" QSC-yə qarşı əmlakın əşyalarla birlikdə əvvəki vəziyyəti bərpa edilərək təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh "Azərbaycan X3" QSC-yə qarşı əmlakın əşyalarla birlikdə əvvəki vəziyyəti bərpa edilərək təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İşin halları:

2. ünvan 1 ünvanında, 0.06192 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), dövlət mülkiyyətində olan əmlak kimi özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı mülkiyyətinə özgəninkiləşdirilmişdir, yəni Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona satılmışdır. Sonradan iddiaçı yuxarıda göstərilən əmlak kompleksinə dair hüquqməyyənedici sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinə təqdim etmişdir. Həmin sənədlərə əsasən İddiaçı 0.06192 ha torpaq sahəsi üzərində istifadə hüququ, ümumi sahəsi 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə ona **********61-12301 reyestr nömrəli çıxarış verilmişdir. Əvvəllər həmin müəssisədə istehsalat prosesi normal getsə də, sonrakı illərdə həmin ərazidə yerləşən Cavabdeh QSC-nin tərkibində olan X2 tərfindən törədilən müxtəlif maneçiliklər və əngəlləmələr nəticəsində müəssisənin fəaliyyəti dayandırılmışdır və bu günə qədər də istehsalın bərpası mümklün olmamışdır. Belə ki, cavabdehin və onun tabeliyində olan X1 rəhbərliyinin mühafizə xidmətinə verdiyi göstərişə əsasən müəssisənin mülkiyyətçisi İddiaçı son illərdə ümumiyyətlə öz obyektinə buraxılmır. İddiaçının bu məsələ ilə bağlı Cavabdeh QSC-nin rəhbərliyi və yaxud nümayəndəsi ilə görüşmək cəhdləri, onun qəbul edilməməsi səbəbindən, heç bir nəticə verməmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 513.8 kv.m ölçüdə olan əmlak kompleksi, içərəsində olan avadanlıqlarla, yəni xammal üçün 2 ədəd Soyuducu Kamera 54 kv.metrlik, hazir məhsul üçün 2 ədəd Soyuducu Kamera 58 metrlik, duzlama üçün 15 ədəd vanna, don acmaq üçün 5 ədəd stelaj, 20 ədəd barel ( bocka), qablasdirmaq üçün 10 ədəd dəmir stol (fasovka), balıqların qurudulması üçün 10 ədəd kamera, yük daşınması üçün 5 ədəd araba, 1 ədəd tərəzi, havalandirma sistemi, ofis mebelləri, 4 ədəd komputer dəsti, 2 ədəd CANON printerləri, 7 ədəd GREE kondisonerləri, 2 ədəd SONY televizorları, o cümlədən ofis binası tamamilə dağıdılaraq məhv edilmişdir. İddiaçının X3 QSC -nin rəhbərliyi ilə əmlak kompleksinin tam həcmdə avadanlıqlarlı ilə birlikdə əvvəlki vəziyyətdə bərpa edilməsinin təmin edilməsi ilə bağlı danışıqların aparılması ilə əlaqədar çoxsaylı cəhdləri heç bir nəticə vermədiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmişdır. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi X3 QSC-nin iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin məhv etməsi ilə bağlı hərəkətləri mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmişdir. Belə ki, cavabdeh təqsirli, qanunazidd (mülki qanunvericiliyin normaları pozan) hərəkətlərlə İddiaçı birbaşa xüsusilə külli miqdarda zərər vurmaqla özü əsassız varlanmışdır.

Tərəflərin izahatı:

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsində baxılacaq inzibati iş ilə hazırki mülki işin iclas saatları arasında 35 dəqiqə fərq mövcud olması səbəbindən məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir.

4. Cavabdeh "Azərbaycan X3" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə baxmağı mümkün hesab edir.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ( AR MPM):

1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

6. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

8. Belə ki, iddia ərizəsinə və mülki iş materiallarına əsasən, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddia tələbinin ümumi və yaxud kommersiya məhkəmələrində baxılmalı olması ilə bağlı qeyd etmək lazımdır ki, bu tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, mübahisənin xarakterindən irəli gəlir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

9. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.

10. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı hər üç xüsusiyyət yoxlanmalıdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. (§6)

12. Mülki işin materiallarından müəyyən edilir ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən əmlaklar və qeyd edilən torpaq sahəsi əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisəyə məxsus olduğundan və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və hazırda aktiv VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) mövcud olması səbəbindən hazırki mülki işə kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı da aktiv VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) mövcuddur və o da sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarın 20-cı bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

14. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyət qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdeh "Azərbaycan X3" QSC-yə qarşı əmlakın əşyalarla birlikdə əvvəki vəziyyəti bərpa edilərək təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair 2(011)-5758/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar