Məhkəmə qərarları › İş №e-2(011)-6248/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6248/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6248/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı vərəsə Cavabdeh əsas məbləğ üzrə 827,57 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 96,99 manat, cərimə borcu üzrə 626,60 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 3,40 manat, cəmi 1558,56 manat məbləğində kredit borcu və dövlət büdcəsinə ödənilmiş 35,58 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin хeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: xx.xx.2015-ci il tarixdə “X1 Azərbaycan” QSC və Babayev Aslan Əlabbas oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Babayev Aslan Əlabbas oğluna istehlak yönümlü 1000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Babayev Aslan Əlabbas oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2025-ci il tarixli 2148 nömrəli məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi Cavabdehdır. O mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş Babayev Aslan Əlabbas oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yrinə yetirməmişdir. Babayev Aslan Əlabbas oğlunun vərəsəsi Cavabdeh tərəfindən Bank ilə Babayev Aslan Əlabbas oğlu arasında imzalanmış Qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımınca icra edilməmişdir ki, kredit üzrə borc qalmışdır. Cavabdehin etirazının dəlilləri: Cavabdeh məhkəmə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti ötürülüb. Çünki iddiaçının cavabdeh olaraq ondan tələb etdiyi məbləğlə bağlı iddianın əsasını QSC “X1” ilə mərhum həyat yoldaşı Babayev Aslan Əlabbas oğlu arasında 12 fevral 2015-ci il tarixində bağlanmış kredit verilməsi haqqında müqavilə təşkil edir. Müqavilə 5 il müddətinə bağlanıb və 2020-ci ildə müqavilə müddəti bitib. Bu müqavilədən yaranan mübahisə üzrə isə iddiaçı məhkəməyə 2025-ci ildə müqavilə müddəti bitdikdən 5 il sonra müraciət edib. Beləliklə, iddiaçı iddia müddətini ötürüb. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları “X1 Azərbaycan” QSC ilə Babayev Aslan Əlabbas oğlu arasında xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Babayev Aslan Əlabbas oğluna illik 34%-lə, 5 il müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2025-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2023-ci il tarixdə vəfat etmiş Babayev Aslan Əlabbas oğlunun vərəsəsi arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.18 kv/m, yaşayış sahəsi 28.88 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Babayev Aslan Əlabbas oğlunun hazırda Banka ödənilməmiş 827,57 manat əsas, 96,99 manat faiz, 626,60 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, 3,40 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri borcu olmaqla, cəmi 1558,56 manat borcu qalmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 372. İddia müddəti anlayışı372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Babayev Aslan Əlabbas oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Babayev Aslan Əlabbas oğlu müqavilə əsasında iddiaçıdan kredit xəttinin açılmasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit xətti müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləğləri azaldılmalı, 58 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Babayev Aslan Əlabbas oğlunun ölümündən sonra Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, Cavabdeh miras əmlakı qəbul etmiş, bununla da, mərhumdan qalmış əmlak hüquqlarının (miras aktivi) ilə yanaşı vəzifələrin (miras passivi) toplusunu da qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən kredit xətti müqaviləsi üzrə əsas, faiz və cərimə borcları Cavabdeh bankın xeyrinə tutulmalıdır. Məhkəmə Cavabdeh iddia müddətinin təqbiqi ilə bağlı ərizəsinə qiymət verərək bildirir ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş həm mədaxil, həm də məxaric əməliyyatlarını özündə əks etdirən hesabdan çıxarış məlumatlarından görünür ki, mərhum Babayev Aslan Əlabbas oğlu kredit xətti müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra bankın təqdim etdiyi limitdən faydalanaraq müxtəlif tarixlərdə - öldüyü gündən dörd gün əvvəlki tarixədək - xx.xx.2023-cü il tarixinədək kartdan aktiv şəkildə istifadə edərək müxtəlif ödənişlər həyata keçirmiş, habelə öldüyü andan bir neçə saat əvvəl xx.xx.2023-cü il tarixinədək karta mədaxil həyata keçirmişdir. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş, bankın nümayəndəsinin təqdim etdiyi daşıyıcıda əks olunmuş Babayev Aslan Əlabbas oğlu ilə bankın əməkdaşı arasında telefon danışığını özündə əks etdirən 2023-cü il tarixlik səs yazıları dinlənilmiş, müvafiq zəngdə mərhuma məxsus köhnə kartın yeni kart ilə əvəz edilməsi öz əksini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhumun kredit xətti müddətinin bitdiyi andan sonra olan hərəkətlə borcu etiraf edən hərəkətləri kimi qiymətləndirilməlidir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iddia müddətinin axımının kəsilməsinə gətirib çıxarır. Sonuncu dəfə kredit xətti üzrə ödəniş xx.xx.2023-cü il tarixdə aparıldığından iddia müddəti həmin andan yenidən başlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazirki iddia məhkəməyə qanunvericiliklə müəyyən edilmiş 3 il müddət ərzində verildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi əsassızdır. Məhkəmə xərcləri: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddiası qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu, komissiya haqqı və poçt xərcləri cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, komissiya haqqının əvəzi olaraq 4 manat, poçt xərclərinin əvəzi olaraq 3,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə Kredit müqaviləsi üzrə əsas borca görə 827,57 (səkkiz yüz iyirmi yeddi manat əlli yeddi qəpik) manat, faiz borcuna görə 96,99 (doxsan altı manat doxsan doqquz qəpik) manat, cərimə borcuna görə 58 (əlli səkkiz) manat, komissiya haqqının əvəzi olaraq 4 (dörd) manat, poçt xərclərinin əvəzi olaraq 3,40 (üç manat qırx qəpik) manat, cəmi 989,96 (doqquz yüz səksən doqquz manat doxsan altı qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar