Məhkəmə qərarları › İş №e-2(011)-6404/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6404/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6404/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Merkuri BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:

1. İddiaçı Merkuri BOKT ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir.

5. Belə ki, Elektron məhkəmə informasiya sistemindən Cavabdeh barəsində əldə edilmiş məlumatlara əsasən, o, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

6. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də aydın olduğu kimi yalnız mülki iş icraata götürüldükdən sonra məhkəmə araşdırması zamanı mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs vəfat etdiyindən mülki prosessual münasibətin subyekti, mülki işdə tərəf kimi qəbul edilə bilməz.

7. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də ölmüş şəxsə qarşı məhkəmədə iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.

8. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia tələbinin irəli sürülməsi və həmin şəxsin tərəf kimi qəbul edilməsi yolverilməz olduğundan, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

9. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 114, 153.2, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. İddiaçı Merkuri BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.

2. İddiaçı Merkuri BOKT ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 65 manat dövlət rüsumu geri qaytarılsın.

3. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar