Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-736/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ləğv prosessində olan İddiaçı ASC ilə (bundan sonra – Bank) cavabdeh "xxxx" MMC (Bundan sonra – Cəmiyyət) arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə görə müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinədək kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.
2. Daha sonra, Bankla Cavabdeh1 (bundan sonra – Borc alan) arasında xx.xx.2014-cü il tarixdə 14/157 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin alınması üçün Borc alana 120 ay müddətinə, illik faiz dərəcəsi 14% olmaqla, 46 900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödənişin 728,20 manat (sonuncu ay 728,09 manat) olması müəyyən edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı 39.584,87 manat əsas, 24.335,75 manat faiz borcu və iş üzrə ödənilmiş 281,76 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cəmiyyətlə Bank arasında xx.xx.2014cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri Bankla Borc alan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/157 saylı kredit müqaviləsidir. Həmin müqaviləyə görə Borc alan 06 avqust 2014-cü il tarixli, 14/157 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 A nömrəli evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 kv.m olan 171 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 46.900 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cəmiyyətlə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət Borc alanın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə etirazında qeyd etmişdir ki, borcun Cəmiyyətdən tutulması hissəsini əsassız hesab edir və etirazını bildirir. Borcun cavabdeh Cəmiyyətdən tutulmasının əsası kimi Bankla Cəmiyyət arasında bağlanmış 18 mart 2014-cü il tarixli Kooperativ müqaviləsinə istinad edilir. Lakin maddi hüquq normasına görə xx.xx.2014-cü il tarixli müqavilə borc-kredit öhdəliyinin təminatı qismində çıxış edə bilməz. Həmin müqavilənin predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə zaminlik müqaviləsi deyil, ilkin müqavilədir. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var. Müqavilə tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Lakin hazırki iş üzrə Cəmiyyət Borc alanın kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmişdir və bununla bağlı iddiaçı zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı ilə Borc alan arasında bağlanmış kredit müqaviləsində Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. larını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
9. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
10. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
14. Maddə 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
24. İşin mübahisəsiz halıdır ki, Bankla Borc alan arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Borc alana verməklə öhdəlyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.
25. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da Borc alanın xx.xx.2023-cü il tarixə, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 39 584,87 manat əsas borcu, 24 335,75 manat faiz borcu olmaqla, cəmi 63 920,62 manat məbləğində borcunun olması qeyd edilmişdir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və ona hesablanmış faiz borcunun qaytarılmasını tələb etməkdə haqlıdır.
27. Məhkəmə eyni zamanda, iddia tələbini digər cavabdeh Cəmiyyətə aid hissədə araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
28. Cəmiyyətin nümayəndəsi Bankla aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin Cavabdeh1 kredit borcuna görə məsuliyyət daşımamsını bildirsə də, məhkəmə qeyd edir ki, qanunvericilikdə öhdəliyini müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Bunlara girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar aiddir.
29. Göründüyü kimi, öhdəliyini təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir.
30. Cəmiyyətlə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmeti zaminin (Cəmiyyətin) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında çoxmənzilli yaşayış kompleksində tikdiyi mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinədək kreditləşdirilməsi ilə bağlı Bankla aralarındakı qarşılıqlı əməkdaşlıqla bağlıdır. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir.
31. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Borc alanın öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret öhdəlik qaydası müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir.
32. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə Borc alanın kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, Borc alan isə krediti tam ödəməyindən "xxxx" MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır.
33. Məhkəmə həmçinin iddianın 281,76 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, 14/157 saylı kredit müqaviləsi 39 584,87 manat əsas, 24 335,75 manat faiz borcu olmaqla, cəmi 63 920,62 manat pul, 281,76 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı