Məhkəmə qərarları › İş №e-2(011)-9285/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9285/2025

17.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9285/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı - İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah dövründə götürülmüş 136.000 manat əsas məbləğli kreditin (hazırda 223.000 manat olaraq formalaşmış) ümumi ailə borcu kimi tanınmasını, sözügedən borcun bərabər bölünərək 1/2 hissəsinin – 111.500 manatın Cavabdeh Arif qızının üzərinə düşməsinə dair qərar qəbul edilməsini, cavabdehdən iddiaçının xeyrinə həmin məbləğin tutulması (və ya bank qarşısında birgə məsuliyyətin tanınmasını) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu iddiaçı tərəfindən ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı ümumilikdə 111 500 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. İddiaçı tərəfindən isə 401,50 manat ödənilməli olduğu halda, dövlət rüsumu ödənilməmişdir. İddiaçı həmçinin Mülki Prosessual Məcəlləsinin 133 və 135-ci maddələrini əsas gətirərək, dövlət rüsumunun ödənilməsindən tam azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddə prosessual müddətlərin bərpası, 135-ci maddəsi isə məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsinə dair müddəalardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumu ödəməkdən azad olunan şəxslər dairəsi müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumu ödəməkdən azad edilməsinə dair hər hansı sənəd məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı ““nikah dövründə götürülmüş kredit öhdəliyinin ümumi ailə borcu kimi tanınması və bölünməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-9285/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-da qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar