Məhkəmə qərarları › İş №e-2(060)-2047/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2047/2023

20.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2047/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 və həmin birliyin «Etilen-Polietilen» Zavoduna qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1nə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun zaman, yəni 2000-ci ildən 18 noyabr 2022-ci il tarixinə qədər Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti kimi çalışmışdır. Onun uzun illərdir ki, əmək fəaliyyəti var və burada çalışdığı dönəmdə o, hər bir zaman öz əmək funksiyalarını dəqiq bir şəkildə yerinə yetirmişdir. Bu dönəmdə əmək fəaliyyətilə bağlı heç bir intizam və ya inzibati məsuliyyətə cəlb olunmamışdır. “Etilen-Polietilen” zavodunun mühafizə xidməti əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində 18 saylı postun ərazisində iki ədəd, təxminən ümumi çəkisi 20 kq olan mis bağlamaların zavod ərazisindən çölə atıldığını aşkar etmişlər. Həmin saatlarda isə iddiaçı zavodun içərisində öz əmək fəaliyyətini yerinə yetirmişdir. Bu faktı da onunla çalışan bütün əməkdaşlar təsdiq edə bilərlər. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat 08:00-da sutkalıq işə başlamış və xx.xx.2022-ci il tarixdə, saat 07:00-da növbəni təhvil verib işdən çıxmışdır. Yəni həmin vaxt o, zavod daxilində öz əmək fəaliyyətini icra etdiyi yerdə olmuşdur. Bundan sonra isə o, iş vaxtı bitdikdən sonra, yəni saat 07:15 radələrində zavodun çölünə çıxmış və zavodun çölündə olan bankomatdan pul çıxarmaq üçün bankomata yaxınlaşmışdır. Bu zaman da burada olan 2 bağlama onun diqqətini cəlb etdiyi üçün onlara yaxınlaşmışdır. Bu zaman isə bir şəxs iddiaçıya yaxınlaşaraq qollarından tutmuş və bu zaman aralarında mübahisə yaranmışdır. Həmin şəxs Cavabdeh1 “Etilen-Polietilen” zavodunun mühafizə xidmətinin növbə rəisi X4 idi. Həmin şəxsin mühafizə xidmətinin əməkdaşı olduğunu isə sonradan öyrənmişdir. Bundan sonra o iddiaçıya əsassız ittihamlarla yaxınlaşaraq həmin bağlamaları onun oğurladığını iddia etmişdir. Lakin iddiaçı ona səhərə kimi işdə olduğunu, bu bağlamalardan xəbərsiz olduğunu bildirsə də, o bunu nəzərə almamışdır. İddiaçı bağlamalara sadəcə olaraq şübhəli olduqları və qorxduğu üçün yaxınlaşmışdır. Bu zaman iddiaçının bu bağlamaların içərisində mis naqillərin olduğundan xəbəri olmamışdır. Sonradan iddiaçı həmin bağlamalarda mis naqillər olduğunu bilmiş və mühafizə xidmətinin əməkdaşına da bunları söyləyərək onu buraxmasını istəmişdir. Lakin o, polis çağıracağı ilə iddiaçını təhdid etmiş və sonunda DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra isə o, zavod rəhbərliyini bütün bu olanlardan xəbərdar edərək iddiaçını heç bir sübut olmadan əsassız şəkildə oğurluq edən kimi qələmə vermişdir. Zavod rəhbərliyi iddiaçının danışdığı faktiki hallara deyil, mühafizə əməkdaşının əsassız yalanlarına inanmışdır. Nəticədə zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının iddiaçı tərəfindən kobud pozuntusuna yol verildiyinə görə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı üçün razılıq verilməsi üçün zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 nömrəli, xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən iddiaçı ilə heç bir əsaslı sübut təqdim olunmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı üçün razılıq verilmişdir. Nəticədə isə Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinə əsasən daxili intizam qaydalarını pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İşin məhkəmə baxışı zamanı “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu iş üzrə cavabdeh kimi cəlb edilmişdir. “Azərkimya” İstehsalat Birliyinin «Etilen-Polietilen» Zavodu tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində "Azərikimya" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mühafizə xidmətini yerinə yetirən "xxxx" MMC-nin əməkdaşları 18 saylı postun ərazisində iki ədəd təxminən ümümi çəkisi 20 kq olan mis bağlamaların oğurluq məqsədilə zavod ərazisindən çöl hissəyə atıldığını aşkar etmişlər. Saat 07:15 radələrində zavodun 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti iddiaçı həmin bağlamaları atıldığı yerdən götürmək istəyərkən mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçının hadisə yerində saxlanılması anları mühafizə xidmətinin əməkdaşları tərəfindən video görüntülərlə qeydə alınmışdır. Faktla bağlı 102 zəng mərkəzinə məlumat verilmiş və saxlanılan şəxs hadisə yerinə gəliş, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına maddi sübutlarla birlikdə təhvil verilmişdir. Zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə iddiaçının Azərbaycan Respublikasının Əmək Məlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-1725 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 №-li, xx.xx.2022-ci tarixli iclas protokoluna əsasən iddiaçının Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, 23 ildir ki, zavodda baş maşinist kimi fəaliyyət göstərir. Fəaliyyəti ilə bağlı yaşıl kart və müxtəlif mükafatlar almışdır. Zavodun yeni direktoru illərdir ki, ona qarş qərəzli mövqe sərgiləyir. Gecə xx.xx.2022-ci il tarixində iş yerində növbətçi olmuş və səhər saat 07:00-da işdən çıxıb pul çıxarmaq üçün zavodun çölündə hasara yaxın yerdə yerləşmiş bankomata tərəf getmişdir. Bu zaman bankomatdan arxada hasarın dibində iki şübhəli bağlama olduğunu görmüşdür. Bağlamalar onun diqqətini çəkmiş və bunun nəsə təhlükəli bir şey olmasından şübhələnərək bağlamalara yaxınlaşıb. Bağlamalara baxmaq istəyən zaman arxadan kiminsə onun qollarından tutduğunu görüb. Həmin şəxsin sonradan mühafizə xidmətinin növbə rəisi X4 olduğunu bilib. Həmin şəxsdən onu baraxmasını tələb etsə də, həmin şəxs onu buraxmayıb. Bu zaman ürəyi sıxıldığı üçün o, həmin şəxsə onu vuracağını deyib. Bundan sonra şəxs onu buraxaraq oradan uzaqlaşıb. Sonra o, yerdə mobil telefon olduğunu görüb və telefonu götürüb. Həmin ərazini tərk edərək uzaqlaşdıqda isə mobil telefonun ona məxsus olmadığını bilib və geri qayıdıb. Həmin yerə gəldikdən sonra mühafizəçi polis əməkdaşlarını çağırmış və rəhbərliyə məlumat vermişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. O, heç bir bağlamanı oğurlamamışdır. Bütün bunlar ona qarşı qərəzli mövqeyi göstərir. Videoyazı ilə bağlı onu deyə bilər ki, zavod rəhbərliyi tərəfindən ona qarşı daim qərəzli mövqe olduğu üçün bu hadisədən sonra mühafizəçidən xahiş edib ki, rəhbərliyə məlumat verməsin. Çünki bilirdi ki, bu barədə zavod rəhbərliyinə məlumat verilərsə, bundan dərhal ona qarşı istifadə ediləcəkdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında bildirdi ki, müvafiq polis orqanının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından da görünür ki, iddiaçının qeyd edilən məsələdə heç bir təqsiri olmayıb. Şəxsin cinayət törətmədiyi birmənalı şəkildə qərarda əks olunub. İddiaçı tərəfindən cinayətə cəhd belə olmayıb. Belə ki, cinayətə cəhd belə olsa idi, iddiaçı məsuliyyətə cəlb edilərdi. Qanuni qüvvəyə minmiş qərarla iddiaçının təqsirsizliyi təsdiq edildiyi üçün cavabdehin iddiaçı ilə həmin əsasla əmək müqaviləsinə xitam verməsi qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz ərizəsinin məzmununa uyğun zahat verdi, həmçinin bildirdi ki, iddiaçı tərəfindən zavoddan müəyyən materialların çıxarılması ilə bağlı uzun müddətdir ki, zavod rəhbərliyində şübhə yaranmışdır. Belə ki, zavodda fəhlələrin paltardəyişmə otaqlarının pənəcərəsi zavodun çölünə açılır. Bir neçə dəfə iddiaçı işdən sonra əlində çanta ilə paltardəyişmə otağına daxil olmuş, sonradan çantasız otaqdan çıxmışdır. Həmin gecə zavodun mühafizə xidmətinin əməkdaşları saat 05:00 radələrində bağlamanı aşkar etmişlər. Bundan sonra isə həmin bağlamalar nəzarətə götürülmüş və səhər saat 07:00 radələrində iddiaçı həmin bağlamalara yaxınlaşaraq onları götürdüyü vaxt mühafizə əməkdaşə tərəfindən yaxalanmışdır. Həmin bağlamalar bankomatdan bir neçə metr aralıda, hasarın dibində olmuşdur. İddiaçı həmin bağlamaların təhlükəli olmasından şübhələnmişsə, bu barədə mühafizə əməkdaşlarına məlumat verə bilərdi. Video görüntülərlə də müəyyən edilir ki, iddiaçı onu tutmuş əməkdaşla şifahi şəkildə sövdələşməyə çalışır. Belə ki, o, növbə rəisini şirnikləşdirərək həmin bağlamanı aparacağını, pulu isə aralarında böləcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən cavabdehlərin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. “Azərkimya” İstehsalat Birliyi «Etilen-Polietilen» Zavodunun xx.xx.2022-ci il tarixli, 1284 nömrəli intizam tənbehi haqqında əmri ilə daxili intizam qaydalarını pozduğuna görə 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti olan iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən aparılmış yoxlamanın nəticələri üzrə iddiaçı barədə cinayət işini başlanması rədd edilmişdir. «Etilen-Polietilen» X7 Komitəsi Reyasət Heyətinin iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti olan iddiaçının işdən azad olunması haqqında rəhbərliyin müraciəti, işçinin daxili intizam qaydalarını və onunla bağlanılmış əmək müqaviləsi şərtlərini kobud qaydada pozduğu üçün işdən azad olunmasına razılıq verilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, o, mühafizə şirkəti olan "xxxx" MMC-nin növbə rəisidir. O, şirkətin digər əməkdaşları ilə birlikdə «Etilen-Polietilen» Zavodunda mühafizə xidmətini aparırlar. O, xx.xx.2022-ci ildə zavod ərizəsində gecə saatlarında xidmətdə olarkən mühafizəçi ilə birlikdə ərazini yoxlayarkən hasar istiqamətində qaraltı görmüşlər. Fanarı işlək vəziyyətə gətirərkən qaraltı yox olub. Sanki kiminsə onları görərək zavodun içərisinə qaçdığını hiss etmişlər. Lakin, həmin şəxsin üzünü görə bilməmişlər. Bundan sonra zavodun hasarının çöl tərəfində iki bağlama görmüşlər. Bu barədə komanda rəsinə məlumat vermişdir. Rəis də onlara bağlamaları gizli nəzarətdə saxlamağı tapşırmışdır. Bağlamalara baxış keçirdikdə, bağlamalarda təxminən 20 kq mis naqil olduğunu görmüşlər. Bundan sonra mühafizəçi zavodun işinə, öz xidmət yerinə qayıtmışdır. Səhər təxminən 07:00 radələrində iddiaçı zavoddan çıxaraq həmin bağlamalara yaxınlaşmış və bağlamaları götürmək istəyərkən o, iddiaçının qollarından tutaraq onu saxlamışdır. İddiaçı onu vuracağı ilə hədələdiyi üçün iddiaçını buraxmışdır. Sonradan iddiaçı ona gizli sövdələşmə təklif edərək bağlamaları aparmasına şərait yaratmasını xahiş etmiş, bunun müqabilində ona pul təklif etmiş, o bununla razılaşmayaraq iddiaçı ilə danışıqlarını telefonunun kamerasına çəkmişdir. Videogörüntülərdə iddiaçı həmin təkliflərlə ona müraciət edir. Bundan sonra isə o, zavod rəhbərliyinə və 102 xidmətinə hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, zavodda mühafizə xidmətini aparır. xx.xx.2022-ci ildə saat 05:00 radələrində növbə rəisi X4 ilə birlikdə ərazini yoxlayarkən hasar istiqamətində qaraltı görmüşlər. Fanarı işlək vəziyyətə gətirərkən qaraltı yox olub. Sanki kiminsə onları görərək zavodun içərisinə qaçdığını hiss etmişlər. Lakin, həmin şəxsin üzünü görə bilməmişlər. Bundan sonra zavodun hasarının çöl tərəfində iki bağlama görmüşlər. Şənlik Ağayev bu barədə komanda rəsinə məlumat vermişdir. Rəis də onlara bağlamaları gizli nəzarətdə saxlamağı tapşırmışdır. Bağlamalara baxış keçirdikdə, bağlamalarda təxminən 20 kq mis naqil olduğunu görmüşlər. Bundan sonra o, zavodun işinə, öz xidmət yerinə qayıtmışdır. Növbə rəisi iddiaçını tutan zaman o, həmin ərazidə olmamışdır. Sonradan həmin əraziyə gəldikdə belə bir hadisənin baş verdiyini və polis əməkdaşlarının gəldiyini görmüşdür. Məhkəmə iclası zamanı iş materiallarında olan videodiskə tərəflərin və şahid X3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı videomaterialdan görünür ki, iddiaçı çəkiliş aparan şəxsə müraciət edərək “Onu biraz çölə qoy götürüb aparım. Heç kim bilməyəcək ay Şənlik. İkimiz biləcəyik” kimi ifadələr işlədir. İş materiallarına “Azərkimya” İstehsalat Birliyinin və “Etilen-Polietilen” Zavodunun əsasnamələri əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər (68.2. a). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər (70. ç). Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi (72). İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, o heç bir oğurluq hadisəsi törətməmiş, yalnız xx.xx.2022-ci il tarixində işdən çıxaraq bankomatdan pul çıxarmaq istəyərkən, zavodun çölündə, hasarın dibində bağlamaları görmüş və onların nə olduğunu bilmək üçün həmin bağlamalara baxmaq istəyərkən zavodun mühafizə xidməti əməkdaşı tərəfindən saxlanmışdır. Həmin hal zavodun mühafizə xidməti əməkdaşlarının ifadələri və videogörüntülərlə təkzib edilir. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçını saxladıqdan sonra iddiaçı bağlamaları aparmasına şərait yaratmasını, bu barədə heç kimə bir söz deməməsini xahiş etmiş və bunun müqabilində ona pul təklif etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan videogörüntülər də bunu təsdiq edir. Belə ki, “Onu biraz çölə qoy götürüb aparım. Heç kim bilməyəcək ay Şənlik. İkimiz biləcəyik” kimi ifadələr işlədir. İddiaçı öz tələbinin sübutu kimi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilməlidir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısının xx.xx.2022-ci qərarı ilə iddiaçının cinayət törətməsinin sübuta yetirilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Bu hal iddiaçının cinayət törətmədiyini təsdiq edir. Lakin, iddiaçının hadisədən sonrakı davranışı zamanı mühafizə xidməti əməkdaşına işbirliyi təklif etməsi, bağlamaları götürməsi üçün şərait yaradılması barədə həmin əməkdaşdan xahiş etməsi iddiaçının təqsirli hərəkətlərlə işə götürənə maddi ziyan vurmağa çalışması (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi), əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (həmin maddənin “e” bəndi) kimi əməllərə yol verməsi qənaətinə gəlməyə imkan verir. Əmək Məcəlləsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). Göründüyü kimi “Etilen-Polietilen” Zavodunun direktoru tərəfindən zavod həmkarlar ittifaqı komitəsinə müraciət edilərək iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş edilmiş və zavodun həmkarlar ittifaqı komitəsi tərəfindən həmin məsələyə razılıq verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinə və “Azərkimya” İstehsalat Birliyin “Etilen-Polietilen” Zavoduna qarşı Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar