Məhkəmə qərarları › İş №e-2(103)-5081/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-5081/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-5081/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mübahisəli ərazi aidiyyətinin müəyyənləşdirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MTK ilə bağlanmış müqavilənin ləğv edilməsini, həmin müqavilənin predmeti olan mənzilin 100 % pay hüququnun onun adına rəsmiləşdirilməsini, qarşı tərəfə isə 2,05 % paya 8.000 manat münasibətdə 4.000 manat kompensasiyası verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3877/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5471/2025 saylı, xx.xx.2025-ci il tarixli ilə İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə istinadən ilk növbədə qeyd edir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). Hazırki iş üzrə iddiaçı iddia tələblərini iki cavabdehə, yəni Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı yönəldərək, cavabdehlər arasında bağlanmış müqavilənin ləğv edilməsini və həmin müqavilənin predmeti olan mənzil üzərində payının tanınmasını tələb etmişdir. Başqa sözlə, hər iki cavabdehə qarşı real tələb irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, müqavilə ləğv edildiyi halda bundan irəli gələn hüquqi nəticələr yaranmış olacaqdır. Cavabdeh2 MTK-nın hüquqi ünvanı Bakı şəhərinin Xətai rayonudur, Cavabdeh1 isə Bakı şəhərinin Binəqədi rayonu üzrə qeydiyyata alınmışdır. Bununla belə, iddianın ünvanı müxtəlif olan iki cavabdehə qarşı irəli sürülməsi məhz iddiaçının seçiminə bağlı olan alternativ aidiyyət qaydaları baxımından onun həm Bakı şəhəri Xətai Rayon Məhkəməsinə, həm də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsini mümkün edir. İddiaçı da öz seçimini edərək, hazırki iddiasını Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vermişdir. Qeyd edilənlər işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini istisna edir. Bu səbəbdən iddianın verildiyi birinci instansiya məhkəməsi mülki işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin mahiyyətini, habelə cavabdehlərin müxtəlif ünvanlar üzrə qeydiyyata alınmasını nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 35-36-cı, 45-ci, 399-cu, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar