Məhkəmə qərarları › İş №e-2(110)-1486/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1486/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1486/2025 05.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq Müəyyən etdi: Tələb:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2258.00 AZN (iki min iki yüz əlli səkkiz manat 00 qəpik), cərimə borcu üzrə 338.70 AZN (üç yüz otuz səkkiz manat 70 qəpik) həmçinin ərizəyə görə ödənilmiş 46.37 AZN (qırx altı manat, 37 qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 2643,07 AZN (iki min altı yüz qırx üç manat 07 qəpik) borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 010-EMB-0121-24 saylı Əlaqəli Kredit Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 3129,00 AZN (üç min yüz iyirmi doqquz manat 00 qəpik) məbləğində kredit verilmişdir. Əlaqəli Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər və s.) ödənişləri vaxtında həyata keçirmədiyi halda borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında xx.xx.2025-ci il tarixə əsas borc üzrə 2258,00 AZN (iki min iki yüz əlli səkkiz manat 00 qəpik), faiz borcu üzrə 0,00 AZN (sıfır manat 00 qəpik), cərimə borcu üzrə 338,70 AZN (üç yüz otuz səkkiz manat 70 qəpik) olmaqla, ümumilikdə 2596,70 AZN (iki min beş yüz doxsan altı manat 70 qəpik) borcu yaranmışdır.

3. İddiaçı qeyd etmişdir ki, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmuş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün tədbirlər görülmüşdür. Lakin cavabdeh götürdüyü kredit öhdəliyinin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bu məqsədlə cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

5. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

6. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır.

İş materialları:

7. xx.xx.2024-cü il tarixli 010-EMB-0121-24 nömrəli müqavilədən görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-dən 19 ay müddətinə 3129 manat kredit verilmişdir.

8. xx.xx.2024-cü il tarixli 010-EMB-0121-24 nömrəli müqavilədə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir: - 1.1-ci bəndinə əsasən Borcverən Borcalana "xxxx" MMC-nin istehsal etdiyi Mebel(lər)i (bundan sonra Mal va ya Mallar) almaq məqsədi ilə 3129,00 AZN məbləğində istehlak krediti verməyi, Borcalan isə aldığı borcu bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə Borcverənə qaytarmağı öhdəsinə götürür. - 2.1.1-ci bəndinə əsasən “Borcalan“ Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. - 3.1-ci bəndinə əsasən, “Borcalan“ bu müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə hər gecikdirilmiş gün üçün 0.5% məbləğində cərimə ödəməlidir.

9. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-dən 3129 manat dəyərində 1 ədəd Vancouver dəst almışdır.

10. xx.xx.2025-ci il tarixli NMA-0045403-25 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixə 2258 manat əsas borc, faiz borcu 0 manat, cərimə borcu 338,70 manat olmaqla, cəmi 2596,70 manat borcu vardır.

10. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2024cü il tarixli 010-EMB-0121-24 nömrəli Əlaqəli kredit müqaviləsinə əsasən 3129 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün 2258 manat əsas, 338.70 manat cərimə borcu olmaqla, xx.xx.2025-ci il tarixə 2596.70 manat yaranmış borcu 5 təqvim günü müddətində ödəməlidir. Əks təqdirdə, 2258 manat borcun məhkəməyə müraciət edilmiş günə qədər hesablanan faiz borcunun, cərimə məbləğinin, dəymiş zərərəin və çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

11. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 46.97 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. İşin faktiki halları: İş materialları ilə müəyyən olunur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 010-EMB-0121-24 nömrəli Əlaqəli Kredit Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 3129,00 (üç min yüz iyirmi doqquz) manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh aldığı kredit vəsaitini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə geri qaytarmağı, habelə ödəniş cədvəlinə uyğun olaraq kredit üzrə ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit vəsaiti "xxxx" MMC-dən mebel məhsulu alınması məqsədilə verilmiş və xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdeh həmin məbləğə 1 ədəd “Vancouver” dəsti əldə etmişdir. İş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və vaxtında yerinə yetirməmiş, nəticədə iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə iddiaçı qarşısında 2258,00 manat əsas borc və 338,70 manat cərimə borcu olmaqla, ümumilikdə 2596,70 manat borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun müəyyən müddət ərzində ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəfindən həmin borcun könüllü qaydada ödənilməsi təmin edilməmişdir. İş materiallarından, habelə tərəflər arasında bağlanmış kredit müqaviləsindən və təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır və həmin borcun ödənilməsi təmin olunmamışdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarı: Konstitusiya Məhkəməsi Plenumu sözügedən Qərarında qeyd etmişdir ki: “...mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür".

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC (kreditor) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2024-cü il tarixli, 010-EMB- 0121-24 nömrəli Əlaqəli Kredit Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh üçün 19 ay müddətinə 3129 manat məbləğində istehlak krediti ayrılmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən kreditin verilmə məqsədi "xxxx" MMC-nin istehsal etdiyi mebel məhsulunun alınması olmuş, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan da cavabdehin 3129 manat dəyərində 1 ədəd “Vancouver” dəsti əldə etdiyi görünür.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən isə öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İş üzrə araşdırılmış sübutlar məhkəməyə tərəflər arasında etibarlı kredit müqaviləsinin mövcud olduğu qənaətinə gəlməyə əsas verir.

18. Məhkəmə müəyyən edir ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq kredit üzrə dövri ödənişləri vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir və həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən borclunun kreditor qarşısında məsuliyyətini yaradır.

19. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdeh kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər.

21. Kredit Müqaviləsinin 3.1-ci bəndinə əsasən, “Borcalan“ bu müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə hər gecikdirilmiş gün üçün 0.5% məbləğində cərimə ödəməlidir.

22. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir.

23. Lakin Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən iddiaçının göstərdiyi 338.7 manat məbləğində cərimə müvafiq əsas borc (2258 manat) ilə müqayisədə həddən artıq və tənasübsüz xarakter daşıyır. Bu səbəbdən, tərəflərin əmlak mənafelərinin balansını qorumaq məqsədilə məhkəmə hesab edir ki, cərimənin miqdarı azaldılaraq aşağıdakı kimi müəyyən edilməlidir:  2258 manat əsas borca münasibətdə 112 manat.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində tam, cərimə hissəsində isə qismən əsaslıdır. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 2258 manat əsas borcun və 112 manat cərimənin tutulması qanuni və əsaslıdır.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə“mütənasib“olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Məhkəmə xərcləri:

26. İddia tələbi qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 46.37 manat məbləğində dövlət rüsumunun 42.32 manat hissəsi Cavabdeh tutularaq iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC-yə ödənilməlidir.

Nəticə:

27. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək yekunda aşağıdakı nəticəyə gəlir: İddia qismən təmin edilməli; -xx.xx.2024-cü il tarixli 010-EMB-0121-24 nömrəli kredit müqaviləsi üzrə 2258 manat əsas, 112 manat cərimə borcu olmaqla, cəmi 2370 manat məbləğində pul vəsaiti Şərur rayonunun Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC-nin xeyrinə ödənilməli; - tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 46.37 manat məbləğində dövlət rüsumunun 42.32 manat hissəsi Cavabdeh tutularaq iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC-yə ödənilməli; - İddia qalan hissədə (cərimə borcunun 112 manatdan artıq hissəsi və müvafiq dövlət rüsumu tələbi üzrə qalan hissə) rədd edilməlidir.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 010-EMB-0121-24 nömrəli kredit müqaviləsi üzrə 2258 manat əsas, 112 manat cərimə borcu olmaqla, cəmi 2370 manat məbləğində pul vəsaiti Şərur rayonunun Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 46.37 manat məbləğində dövlət rüsumunun 42.32 manat hissəsi Cavabdeh tutularaq iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC-yə ödənilsin. İddia qalan hissədə (cərimə borcunun 112 manatdan artıq hissəsi və müvafiq dövlət rüsumu tələbi üzrə qalan hissə) rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar