Məhkəmə qərarları › İş №e-2(125)-420/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-420/2025

12.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-420/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və cavabdeh "xxxx" Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə; İddiaçı cavabdeh "xxxx" Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də proqram əlaqələndiricisi vəzifəsində işləmişdir. 2024-cü ilin ikinci yarısından etibarən Cavabdeh MMC tərəfindən 200-ə yaxın MMC əməkdaşına işdən azad edilmələri ilə bağlı xahiş ərizəsi yazdırıldıqdan sonra onlar MMC rəhbərliyi tərəfindən işdən azad edildilər. Əslində həmin işçilər dolayı yolla ixtisar ediliblər. Ona da MMC tərəfindən işdən öz xahişi əsasında azad olunması barədə ərizə yazmaq təklif edildikdə o, həmin ərizəni yazmaqdan imtina etmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) işdən azad olunmuşdur. Halbuki onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) işdən azad edilməsi barədə heç bir bildiriş işəgötürən Cavabdeh MMC tərəfindən ona təqdim edilməmişdir. O, işdən azad edildikdən sonra həmin vəzifəyə yeni təyinat olmadığı onun işlədiyi vəzifənin ixtisar edildiyini sübut edir. O, işəgötürən Cavabdeh MMC tərəfindən bilərəkdən əvvəlcədən çıxılmaz vəziyyətə salınaraq əvvəlcədən məlumatlandırılmadığından özünə yeni iş yeri axtarmaq imkanından istifadə etməkdən məhrum olunmuşdur. İşəgötürən Cavabdeh MMC rəhbərliyi onun işçi kimi hüquqlarını pozaraq əvvəlcə ona sərf etməyən şərtlərlə öz xahişi əsasında işdən azad edilmək barədə ərizə yazması təklif edərək onun işsiz kimi kompensasiya almaq imkanından məhrum etmək istəmiş, buna nail ola bilmədikdə onu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) işdən azad etmişdir. Halbuki, o, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilsəydi, qanunvericilikdə nəzərdə tutulan şəkildə müvafiq kompensasiya alaraq maddi vəziyyətinin ağırlaşmasından sığortalanardı. Hazırda maddi vəziyyəti ağırdır, cavabdeh tərəfindən əvvəlcədən onu çıxılmaz hala salan şərtlər əsasında işdən azad edilməsi səbəbindən ciddi maliyyə itkisinə məruz qalmışdır. Halbuki sadaladığı dəlillərə əsasən əmək şəraitinin dəyişdirilməsi əslində tutduğu vəzifənin işəgötürən tərəfindən ixtisar edilməsi demək olduğundan onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən deyil, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməlidir. Odur ki, Cavabdeh MMC tərəfindən onun işdən azad edilməsi barədə əmr ləğv edilərək işdən azad edilməsi barədə əmrdə qeyd edilən maddənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) dəyişdirilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh MMC-də proqram əlaqələndiricisi vəzifəsində işləmişdir. 2024-cü ilin ikinci yarısından etibarən Cavabdeh MMC tərəfindən 200-ə yaxın MMC əməkdaşına işdən azad edilmələri ilə bağlı xahiş ərizəsi yazdırıldıqdan sonra onlar MMC rəhbərliyi tərəfindən işdən azad edilmişlər. Əslində həmin işçilər dolayı yolla ixtisar ediliblər. Ona MMC tərəfindən işdən öz xahişi əsasında azad olunması barədə ərizə yazmaq təklif edildikdə o, həmin ərizəni yazmaqdan imtina etmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “C” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) işdən azad edilmişdir. Halbuki, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən işdən azad edilməsi barədə heç bir bildiriş işəgötürən Cavabdeh MMC tərəfindən ona təqdim edilməmişdir. O, işdən azad edildikdən sonra həmin vəzifəyə yeni təyinat olmadığı onun işlədiyi vəzifənin ixtisar edildiyini sübut edir. O, Cavabdeh MMC tərəfindən bilərəkdən əvvəlcədən çıxılmaz vəziyyətə salınaraq əvvəlcədən məlumatlandırılmadığı üçün özünə yeni iş yeri axtarmaq imkanından istifadə edə bilməmişdir. Cavabdeh MMC rəhbərliyi onun işçi kimi hüquqlarını pozaraq əvvəlcə ona sərf etməyən şərtlərlə öz xahişi əsasında işdən azad edilmək ərizəsi yazmağı təklif edərək onun işsiz kimi kompensasiya almaq imkanından məhrum etmək istəmiş, buna nail ola bilmədikdə onu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) işdən azad etmişdir. Halbuki işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilsəydi, qanunvericilikdə nəzərdə tutulan şəkildə müvafiq kompensasiya alaraq maddi vəziyyətinin ağırlaşmasından sığortalanardı. Hazırda maddi vəziyyəti ağırdır. Sadaladığı dəlillərə əsasən əmək şəraitinin dəyişdirilməsi əslində tutduğu vəzifənin işəgötürən tərəfindən ixtisar edilməsi demək olduğundan onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməlidir. Bu səbəbdən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini, əmrdə istinad olunan maddənin dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi kimi göstərilməsini xahiş edir. Bundan başqa qeyd edir ki, onun hazırda Cavabdeh MMC-də işləmək kimi marağı yoxdur. O, sadəcə hazırda işsiz olduğu üçün Məşğulluq Xidmətindən 6 ay müddətinə sığorta pulu almaq məqsədilə bu iddia ilə məhkəməyə müraciət etmişdir. İşdən çıxarılan zaman ona son haqq-hesab və iki aylıq əmək haqqı miqdarında müavinət ödənilmişdir. İşdən çıxarılma barədə xx.xx.2024-cü il tarixli əmrin mətnində qeyd etdiyi formada dəyişiklik edilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edir.

4. Cavabdeh "xxxx" Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı xx.xx.2019-cu ildən Cavabdeh MMC-yə montaj üzrə rejissor vəzifəsinə işə qəbul olunmuşdur. İddia ərizəsində isə işə qəbul olunma tarixi və tutduğu vəzifə düzgün qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi “proqram əlaqələndiricisi” vəzifəsi isə ümumiyyətlə Cavabdeh MMC- də heç vaxt mövcud olmamış və iddiaçı “xəbərlər xidmətində” montaj üzrə rejissor vəzifəsində işə qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə, 76-cı maddəsinin 1-ci hissəsinin və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli, 321 nömrəli “Əmək müqaviləsi”nin İX Fəslinin 9.1-ci bəndinə əsasən xx.xx.2024cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 ərizə ilə müraciət edərək ona işlədiyi sentyabr ayı ərzində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən ona düşən 2 aylıq müavinətin araşdırılmasını və ona ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra o, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 verdiyi ərizəsini geri götürmüşdür. xx.xx.2024-cü il tarixində isə Cavabdeh MMC tərəfindən İddiaçı ona düşən sentyabr ayı üzrə əmək haqqı və iki aylıq müavinət olaraq 1307,53 (bir min üç yüz yeddi manat əlli üç qəpik) manat tam olaraq əmək haqqı hesabına köçürülmüşdür. Bununla da Cavabdeh MMC qanunun tələblərinə uyğun olaraq hərəkət etmiş və İddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Bütün işəgötürmə və işdən azadolunma ilə bağlı rəsmiləşdirmə işləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı “ƏMAS” elektron portalı üzərindən həyata keçirilir. İddia ərizəsində qeyd olunan maddənin onlar tərəfindən dəyişdirilməsinin hüquqi əsası yoxdur. Ştat vahidinin açılıb-bağlanması məsələsinə gəldikdə isə, bu, şirkətin müstəsna hüququdur və bu cür hüquq qanunla məhdudlaşdırılmamışdır. İddia ərizəsində qeyd olunan əvvəlcədən xəbərdarlıq etməklə bağlı məsələyə münasibətdə isə qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən edilir. Lakin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən Cavabdeh MMCnin departament rəhbərlərinin xx.xx.2024-cü il tarixli 02-Ü nömrəli və xx.xx.2024-cü il tarixli 04-Ü nömrəli “Proqram yayım şəbəkəsinin tətbiqi haqqında” (yəni iş şəraitinin dəyişdirilməsi) əmrlərinə imza atması ilə şirkət işçilərinə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən isə Cavabdeh MMC-nin İddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Odur ki, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. 03 yanvar 2019-cu il tarixli 321 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək “ARB Kəpəzinin” xəbərlər departamentində montaj üzrə rejissor vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.

7. “İşə qəbul olunma haqqında” xx.xx.2019-cu il tarixli 03-K nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı 03 yanvar 2019-cu il tarixindən "xxxx" MTRŞ MMC-yə xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən “ARB Kəpəz”in Xəbərlər departamentində montaj üzrə rejissor vəzifəsinə işə qəbul olunmuşdur.

8. Cavabdeh MMC-də “Yeni yayım proqram şəbəkəsinin tətbiqi” haqqında 02 mart 2024-cü il tarixli iclasın protokolundan görünür ki, iclasda yeni yayın proqram şəbəkəsinin tətbiqi ilə bağlı əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin bir neçə mərhələdə həyata keçiriləcəyi, ilk olaraq indi – yaradıcılıqda, növbəti mərhələdə, yay aylarında xəbərlər sahəsində dəyişiklik olacağı, bununla bağlı televiziya və radioda müəyyən layihələrin yayımının dayandırılması və dəyişikliklərin aparılması və bu səbəbdən işçilərlə söhbətlər aparılacağı iclas iştirakçıları ilə müzakirə olunmuşdur.

9. “Proqram yayım şəbəkəsinin tətbiqi haqqında” "xxxx" MTRŞ MMC-nin xx.xx.2024-cü il tarixli, 02-Ü nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixindən etibarən istehsalat zərurəti ilə əlaqədar olaraq bu əmrin ayrılmaz hissəsi sayılan “Kəpəz TV”-nin və “Kəpəz FM”-in yeni yayım proqram şəbəkəsi istehsalata buraxılması əmr olunmuşdur. Həmçinin əmrə əsasən yeni yayım proqram şəbəkəsinə uyğun olaraq irəli gələn məsələlərin həll edilməsinin departament rəhbərlərinə tapşırılması, əmrlə bütün departament rəhbərlərinin tanış olması qeyd olunmuşdur. Əmrlə 02 mart 2024-cü il tarixdə baş direktorun 1-ci müavini Dərgahov N.E, baş direktorun yaradıcılıq üzrə müavini Əliyeva F.C, maliyyə direktoru Rza A.M, texniki direktor Əliyev R.N, təsərrüfat rəisi Bağırova E.R, baş operator Dərgahov C.E, proqram direktoru Tağıyev U.A, radio direktor Şirinova T.K və xəbərlər departamentinin direktoru Mehtiyev F.S imza edərək tanış olmuşlar.

10. Cavabdeh MMC-də “Yeni yayım proqram şəbəkəsinin tətbiqi” haqqında 30 iyul 2024-cü il tarixli iclasın protokolundan görünür ki, iclasda yeni yayın proqram şəbəkəsinin tətbiqi ilə bağlı xəbərlər sahəsində görüləcək işlər, iş şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı Xəbərlər Xidmətində və texniki departamentində müvafiq işlərin görülməsi, departament rəhbərlərinə işçilərlə söhbətlər aparılması müzakirə olunmuşdur.

11. “Proqram yayım şəbəkəsinin tətbiqi haqqında” "xxxx" MTRŞ MMC-nin xx.xx.2024-cü il tarixli, 04-Ü nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixindən etibarən istehsalat zərurəti ilə əlaqədar olaraq bu əmrin ayrılmaz hissəsi sayılan “Kəpəz TV”-nin və “Kəpəz FM”-in yeni yayım proqram şəbəkəsi istehsalata buraxılması əmr olunmuşdur. Həmçinin əmrə əsasən yeni yayım proqram şəbəkəsinə uyğun olaraq irəli gələn məsələlərin həll edilməsinin departament rəhbərlərinə tapşırılması, əmrlə bütün departament rəhbərlərinin tanış olması qeyd olunmuşdur. Əmrlə 02 mart 2024-cü il tarixdə baş direktorun 1-ci müavini Dərgahov N.E, baş direktorun yaradıcılıq üzrə müavini Əliyeva F.C, maliyyə direktoru Rza A.M, texniki direktor Əliyev R.N, təsərrüfat rəisi Bağırova E.R, baş operator Dərgahov C.E, proqram direktoru Tağıyev U.A, radio direktor Şirinova T.K və xəbərlər departamentinin direktoru Mehtiyev F.S imza edərək tanış olmuşlar.

12. “Əmək məzuniyyəti haqqında” xx.xx.2024-cü il tarixli, 51-K nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - "xxxx" MTRŞ MMC-nin Xəbərlər departamentinin montaj üzrə rejissoruna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü və 116-cı maddələrinə əsasən, 2024-2025-ci iş dövrü üçün, 01 iyul – 23 iyul 2024-cü il tarixlərində 23 (iyirmi üç) təqdim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Əmrə əsasən işçi, xx.xx.2024-cü il tarixində işə başlamalıdır.

13. “Öz hesabına məzuniyyət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 66-K nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - "xxxx" MTRŞ MMC-nin montaj üzrə rejissoruna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən (ödənişsiz məzuniyyətdən istifadə hüququ) 24 iyul – 31 iyul 2024-cü il tarixlərində öz hesabına ödənişsiz məzuniyyət verilmişdir. Əmrə əsasən işçi, xx.xx.2024-cü il tarixində işə başlamalıdır.

14. “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 107-K nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - "xxxx" MTRŞ MMC-nin montaj üzrə rejissoru ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə və xx.xx.2019-cu il tarixli, 321 nömrəli Əmək Müqaviləsinin İX-cu fəslinin 9.1 bəndinə əsasən 09 sentyabr 2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsini əsasən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi və xx.xx.2024cü il tarixindən montaj üzrə rejissor ştat vahidinin ləğv edilməsi əmr edilmişdir.

15. "xxxx" Müstəqil Teleradio Şirkəti MMC-nin 2024-cü ilin sentyabr ayı üçün əmək haqqı cədvəlindən çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı sentyabr ayı üzrə 25 iş günü üçün əmək haqqı və iki aylıq müavinət olaraq 1307,53 (bir min üç yüz yeddi manat əlli üç qəpik) manat ödənilməsi nəzərdə tutulmuşdur.

16. İddiaçı X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimova yazdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, "xxxx" MTRŞ MMC-dən işəgötürənin son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsi barədə etdiyinin müraciətinin araşdırılmamasının dayandırılmasını xahiş etmişdir.

17. İlkin mediasiya sessiyasında (İMS) işirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, əmək münasibətlərindən irəli gələn mübahisələr – Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinin üzərindən götürülməsi, dəyişdirilməsi tələbi ilə bağlı İddiaçı xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin edilmiş təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin "xxxx" MTRŞ MMC iştirak etməmişdir. İMS xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Tərəflərə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə çatmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı bu müqavilə ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək “ARB Kəpəzinin” xəbərlər departamentində montaj üzrə rejissor vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. “İşə qəbul olunma haqqında” xx.xx.2019-cu il tarixli 03-K nömrəli əmrə əsasən İddiaçı 03 yanvar 2019-cu il tarixindən "xxxx" MTRŞ MMC-yə xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən “ARB Kəpəz”in Xəbərlər departamentində montaj üzrə rejissor vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MMCdə “Yeni yayım proqram şəbəkəsinin tətbiqi” haqqında 02 mart 2024-cü il tarixli iclasın protokoluna əsasən iclasda yeni yayın proqram şəbəkəsinin tətbiqi ilə bağlı əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin bir neçə mərhələdə həyata keçiriləcəyi, ilk olaraq indi – yaradıcılıqda, növbəti mərhələdə, yay aylarında xəbərlər sahəsində dəyişiklik olacağı, bununla bağlı televiziya və radioda müəyyən layihələrin yayımının dayandırılması və dəyişikliklərin aparılması və bu səbəbdən işçilərlə söhbətlər aparılacağı iclas iştirakçıları ilə müzakirə olunmuşdur. “Proqram yayım şəbəkəsinin tətbiqi haqqında” "xxxx" MTRŞ MMCnin xx.xx.2024-cü il tarixli, 02-Ü nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixindən etibarən istehsalat zərurəti ilə əlaqədar olaraq bu əmrin ayrılmaz hissəsi sayılan “Kəpəz TV”-nin və “Kəpəz FM”-in yeni yayım proqram şəbəkəsi istehsalata buraxılması əmr olunmuşdur. Həmçinin əmrə əsasən yeni yayım proqram şəbəkəsinə uyğun olaraq irəli gələn məsələlərin həll edilməsinin departament rəhbərlərinə tapşırılması, əmrlə bütün departament rəhbərlərinin tanış olması qeyd olunmuşdur. Əmrlə 02 mart 2024-cü il tarixdə baş direktorun 1-ci müavini Dərgahov N.E, baş direktorun yaradıcılıq üzrə müavini Əliyeva F.C, maliyyə direktoru Rza A.M, texniki direktor Əliyev R.N, təsərrüfat rəisi Bağırova E.R, baş operator Dərgahov C.E, proqram direktoru Tağıyev U.A, radio direktor Şirinova T.K və xəbərlər departamentinin direktoru Mehtiyev F.S imza edərək tanış olmuşlar. Cavabdeh MMC-də “Yeni yayım proqram şəbəkəsinin tətbiqi” haqqında 30 iyul 2024-cü il tarixli iclasın protokoluna əsasən iclasda yeni yayın proqram şəbəkəsinin tətbiqi ilə bağlı xəbərlər sahəsində görüləcək işlər, iş şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı Xəbərlər Xidmətində və texniki departamentində müvafiq işlərin görülməsi, departament rəhbərlərinə işçilərlə söhbətlər aparılması müzakirə olunmuşdur. “Proqram yayım şəbəkəsinin tətbiqi haqqında” "xxxx" MTRŞ MMC-nin xx.xx.2024-cü il tarixli, 04-Ü nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixindən etibarən istehsalat zərurəti ilə əlaqədar olaraq bu əmrin ayrılmaz hissəsi sayılan “Kəpəz TV”-nin və “Kəpəz FM”-in yeni yayım proqram şəbəkəsi istehsalata buraxılması əmr olunmuşdur. Həmçinin əmrə əsasən yeni yayım proqram şəbəkəsinə uyğun olaraq irəli gələn məsələlərin həll edilməsinin departament rəhbərlərinə tapşırılması, əmrlə bütün departament rəhbərlərinin tanış olması qeyd olunmuşdur. Əmrlə 02 mart 2024-cü il tarixdə baş direktorun 1-ci müavini Dərgahov N.E, baş direktorun yaradıcılıq üzrə müavini Əliyeva F.C, maliyyə direktoru Rza A.M, texniki direktor Əliyev R.N, təsərrüfat rəisi Bağırova E.R, baş operator Dərgahov C.E, proqram direktoru Tağıyev U.A, radio direktor Şirinova T.K və xəbərlər departamentinin direktoru Mehtiyev F.S imza edərək tanış olmuşlar. “Əmək məzuniyyəti haqqında” xx.xx.2024-cü il tarixli, 51-K nömrəli əmrə əsasən İddiaçı - "xxxx" MTRŞ MMC-nin Xəbərlər departamentinin montaj üzrə rejissoruna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü və 116-cı maddələrinə əsasən, 2024-2025-ci iş dövrü üçün, 01 iyul – 23 iyul 2024cü il tarixlərində 23 (iyirmi üç) təqdim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Əmrə əsasən işçi, xx.xx.2024-cü il tarixində işə başlamalıdır. “Öz hesabına məzuniyyəti verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 66-K nömrəli əmrə əsasən İddiaçı - "xxxx" MTRŞ MMCnin montaj üzrə rejissoruna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən (ödənişsiz məzuniyyətdən istifadə hüququ) 24 iyul – 31 iyul 2024-cü il tarixlərində öz hesabına ödənişsiz məzuniyyət verilmişdir. Əmrə əsasən işçi, xx.xx.2024cü il tarixində işə başlamalıdır. “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024cü il tarixli, 107-K nömrəli əmrə əsasən İddiaçı - "xxxx" MTRŞ MMC-nin montaj üzrə rejissoru ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə və xx.xx.2019-cu il tarixli, 321 nömrəli Əmək Müqaviləsinin İX-cu fəslinin 9.1 bəndinə əsasən 09 sentyabr 2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsini əsasən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi və xx.xx.2024cü il tarixindən montaj üzrə rejissor ştat vahidinin ləğv edilməsi əmr edilmişdir. "xxxx" Müstəqil Teleradio Şirkəti MMC-nin 2024-cü ilin sentyabr ayı üçün əmək haqqı cədvəlindən çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı sentyabr ayı üzrə 25 iş günü üçün əmək haqqı və iki aylıq müavinət olaraq 1307,53 (bir min üç yüz yeddi manat əlli üç qəpik) manat ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa İddiaçı X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimova yazdığı xx.xx.2024-cü il tarixli ərizə ilə "xxxx" MTRŞ MMC-dən işəgötürənin son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsi barədə etdiyi müraciətinin araşdırılmamasının dayandırılmasını xahiş etmişdir. İlkin mediasiya sessiyasında (İMS) işirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr – Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinin üzərindən götürülməsi, dəyişdirilməsi tələbi ilə bağlı İddiaçı xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin edilmiş təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin "xxxx" MTRŞ MMC iştirak etməmişdir. İMS xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Tərəflərə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddiasının təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. İddiaçı xx.xx.2024-cü il tarixli, 107-K nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə və xx.xx.2019-cu il tarixli, 321 nömrəli Əmək Müqaviləsinin İX-cu fəslinin 9.1 bəndinə əsasən 09 sentyabr 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı hazırkı iddianı işsiz olduğu üçün Məşğulluq Xidmətindən 6 ay müddətinə sığorta pulu almaq məqsədilə qaldırdığını, işdən çıxarılan zaman isə ona son haqq-hesab və iki aylıq əmək haqqı miqdarında müavinət ödənildiyini qeyd etmişdir. İddiaçı həmçinin hazırkı iddiasında Cavabdeh MMC tərəfindən onun işdən azad edilməsi barədə əmr ləğv edilərək işdən azad edilməsi barədə əmrin maddəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) dəyişdirilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilə bilməz.

20. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin C bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə əmək müqaviləsinə xitam verilə bilər.

21. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. Həmin Məcəllənin 54-cü maddəsinin 2-ci bəndinə görə bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

22. Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

23. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2-ci bəndinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 3-cü bəndinə görə bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 4-cü bəndinə əsasən azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

24. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından və əmək qanunvericiliyin mahiyyətindən belə aydın olur ki, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zamanı işçi bununla əlaqədar işi davam etdirməkdən imtina edərsə, işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada və məbləğdə müavinət ödəməklə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. İşəgötürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti olduqda o, ən azı bir ay əvvəl işçini yazılı məlumat və ya əmrlə (sərəncamla) xəbərdar etməlidir. Xəbərdarlıq müddətində işçi əvvəlki işini davam etdirməli və ona tapşırılmış işləri əmək müqaviləsi şərtlərinə görə lazımınca yerinə yetirməlidir. İşçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda ona başqa iş təklif edilməlidir. Başqa iş onu təmin etmədiyi halda və yaxud başqa iş təklif edilməsi mümkün olmadıqda işçi ilə əmək müqaviləsinə xitam verilməlidir. Belə olan halda işçinin əmək kitabçasında qeydlərin düzgün aparılması vacib şərtlərdən hesab olunur. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinə xitam verildikdə işçilərin əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam olunduğu göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilərkən bir aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə ən azı 2 aylıq əmək haqqını bir dəfəyə ödəməklə müqavilə pozula bilər. Göstərilən təminatların miqdarı kollektiv müqavilədə və yaxud əmək müqaviləsində də nəzərdə tutula bilər.

25. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunan hallarından isə görünür ki, işəgötürən (Kəpəz MTRŞ MMC) yeni yayım proqram şəbəkəsinin tətbiqi ilə əlaqədar olaraq işçini (İddiaçı) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əvvəlcədən bir neçə ay öncə xəbərdar etmiş, bununla bağlı Cəmiyyətdə iclas təşkil olunaraq iki dəfə müzakirələr aparılmış və müvafiq əmrlər verilmişdir. Əmrlərlə müvafiq şəxslər imza ataraq tanış olmuşlar. Bundan sonra Cəmiyyət kütləvi informasiya vasitəsi kimi yeni yayın şəbəkəsinə keçmiş və işçinin tutduğu vəzifəyə artıq zərurət olmadığından həmin vəzifə ləğv olunaraq, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman isə işəgötürən üzərinə düşən öhdəliyə uyğun olaraq işçi ilə son haqq-hesab aparmış və ona ödənilməli olan ödənişləri, həmçinin iki aylıq əmək haqqı məbləğində müavinəti ödəmişdir.

26. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir. Göründüyü kimi işəgötürən işçi ilə aralarında bağlanan əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinə əməl etmişdir.

27. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iddiaçının tutmuş olduğu vəzifənin ixtisara düşməsi halı müəyyən edilməmiş, sadəcə əmək şəraitinin şərtlərinin dəyişməsi halı baş verdiyindən, yəni "xxxx" MTRŞ MMC-nin yeni yayın üslubuna keçməsi səbəbindən iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad edilməsi barədə əmr ləğv edilərək, işdən azad edilməsi barədə əmrin maddəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

31. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qət etdi:

İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad edilməsi barədə əmr ləğv edilərək, işdən azad edilməsi barədə əmrin maddəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar