Məhkəmə qərarları › İş №e-2-2(113)-1093/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1093/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1093/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı (bundan sonra “Tac” Kredit İttifaqı) Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.249,70 manat məbləğində olan əsas borc, 237,50 manat məbləğində faiz borcu, 475 manat məbləğində cərimə olmaqla, cəmi 1.962,20 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "TAC" Kredit İttifaqı ilə borclu Cavabdeh Böyukağa oğlu (VÖEN **********) arasında xx xxx 2014-cü il tarixində "88/SKMF-67" saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit alana 5000 manat krediti SKMF-nun vəsaiti hesabinaillik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vermiş, kredit alan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1- ci maddəsinə əsasən kredit alan "TAC" Kİ qarşısında müqavilədə nəzərdə tutulmüş şərtlərləaldığı vəsaiti ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kredit alan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün bankın əməliyyat saatlarında kredit verənin cari hesablaşma hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənməlidir. Lakin borclu bügünədək 3.750,30 manat kredit, 597.71 manat faiz ödəmişdir. xx.xx.2016-ci il tarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfındən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən "TAC" Kİ tarif cədvəlinə uyğun olaraq kredit alan kredit verənə kreditin təhsis edilməsinə, müvafıq hesabların açılmasına və göstərilən digər xidmətlərə görə müvafıq komisyon haqqı ödəyir. Kredit alan kredit üzrə hesablanmış faiz borcunu kreditin müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: xx xxx 2014-cü il tarixli, 88/SKMF-67 saylı “Tac” Kredit İttifaqı (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit alan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə görə kredit xx xxx 2014-cü il tarixdən xx xxx 2017-ci ilə qədər olan müddətə verilmişdir. 6.1-ci bəndinə görə həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx xxx 2014-cü il tarixli, 423 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqından 5.000 manat məbləğində vəsaiti almışdır. Ödəniş cədvəlindən görünür ki, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 12 ay ərzində hər ay 25 manat, növbəti 24 ay ərzində isə hər ay azalan həcmdə ödəniş edilməklə Cavabdeh tərəfindən “Tac” Kredit İttifaqına qaytarılmalı idi. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, “Tac” Kredit İttifaqı ilə bağladığı xx xxx 2014-cü il tarixli, 88/SKMF-67 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 1.249,70 manat, faiz borcu 237,50 manat, cərimə 475,0 manat, borc üzrə tələbin məbləği cəmi 1.962,20 manat təşkil edir. “Tac” Kredit İttifaqı tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında xx xxx 2014-cü il tarixdə 88/SKMF-67 saylı kredit müqaviləsi bağlanmışdır. “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə “Tac” Kredit İttifaqına 1.249,70 manat məbləğində əsas, 237,50 manat məbləğində faiz, 475 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə Cavabdeh xx xxx 2014-cü il tarixli, 88/SKMF-67 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını, eləcə də tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin hesablanmasının nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun, eləcə də müqavilənin tələblərinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən Cavabdeh 1.249,70 manat məbləğində əsas borc, 237,50 manat məbləğində faiz borcu, 475 manat cərimə, cəmi 1.962,20 manat məbləğində borc tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.249,70 (bir min iki yüz qırx doqquz manat yetmiş qəpik) məbləğində əsas borc, 237,50 manat (iki yüz otuz yeddi manat əlli qəpik) məbləğində faiz borcu, 475 manat (dörd yüz yetmiş beş manat) məbləğində cərimə, cəmi 1.962,20 manat (bir min doqquz yüz altmış iki manat iyirmi qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar