Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1853/2021 21.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AZ 48NBCB4006099” (0000000.175) 64.812.12 AZN, “AZ44NBCB4016099” (EVR **********) 22.422.52 EURO, “AZ67NBCB4016099 (USD **********) 1.22 AZN və AZ 44NBCB ******* AZN (AZN **********) Biznes Kart 213.8 AZN Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda hesablarda olan pul vəsaitlərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərindən “xxxx” ASC-də üç cari hesab və bir biznes kart hesabı açılaraq müəssisə həmin hesablar üzrə fəaliyyət göstərmişdir. Faktiki olaraq “xxxx” ASC-nin lisenziyası Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin xx xxx 2020-cı il tarixli qərarı ilə ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarlarına əsasən “xxxx” ASC müflis elan edilmişdir və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. İddiaçının “AZ 48NBCB4006099” (0000000.175) 64.812.12 AZN, “AZ44NBCB4016099” (EVR **********) 22.422.52 EURO, “AZ67NBCB4016099 (USD **********) 1.22 AZN və AZ 44NBCB ******* AZN (AZN **********) Biznes Kart 213.8 AZN qeyd edilən cari hesablarında olan əmanətlər hələ də geri qaytarılmamışdır. “xxxx” ASC fəaliyyətdə olduğu dövr ərzində cari hesab açılması qanuni əsaslarla həyata keçirilmişdir. Dəfələrlə şifahi və yazılı şəkildə telefon vasitəsi ilə müraciət olunmasına baxmayaraq yaranmış borcun ödənilməsi təmin edilməmişdir. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış olan xx.xx.2019-cu il müqaviləsi ilə yuxarıda sadalanan hesablarda olan pul vəsaitləri bank hesabına köçürülməsinə baxmayaraq Bank ləğv edildikdən sonra ödənilməsi dayandırılmışdır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Banklar haqqında Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində iilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Kredior tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. LPO “xxxx” ASC isə hazırda həmin növbəlilik üzrə birinci növbənin ödənişinin yığımı və ödənilməsi hissəsindədir. Bu tələb AR BHQ-nun 82-ci maddəsinin 7-ci növbəsi üzrə, yəni təminatsız kreditor tələbi kimi qeydə alınmış və ödəniləcək məbləğdir. Məhkəmədən iddiaçının Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüş olduğu iddia tələbi üzrə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Sübuların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə “xxxx” ASC ilə İddiaçı MMC arasında bank hesabı haqqında 104/19 saylı müqavilə bağlanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək cari hesablarda olan vəsaitlərin İddiaçı MMC-yə 7 iş günü müddətində qaytarılması üçün lazımi tədbirlər görməyi xahiş etmişdir. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən xx.xx.2021-ci il tarixli **********399 saylı məktub ilə xx.xx.2020-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixli 0014 nömrəli qəbzlə qeydə alınmış və həmin Qanununun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödəniləcəkdir. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Həmin Qanununun 72.2-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi həmin Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanununun 77.8-ci maddəsinə əsasən, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb məhz “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində müəyyən olunmuş qaydada irəli sürülmədiyindən hazırkı vəziyyətdə iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1853/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1853/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver