Məhkəmə qərarları › İş №e-2-2(113)-1858/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1858/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1858/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icrası, delikt) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq vergi borcuna silinmiş 90764,04 manat kredit məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC-nin “Ticarət” filialı ilə xx.xx.2021-ci il tarixli 27/221 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Kredit” müqaviləsinə əsasən Cavabdeh ASC-nin “Ticarət” filialı tərəfindən İddiaçı MMC-yə 200000 manat məbləğ illik 15 (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə kredit verilmişdir. Kredit məbləği hesaba ödənilən kimi Cavabdeh ASC-nin “Ticarət” filialı tərəfindən vergi orqanı tərəfindən əsassız olaraq hesablanmış vergi borcuna görə cəmiyyətin hesabına göndərilən alınmalı sərəncamlara əsasən kredit məbləğinin 90764,04 manatı vergi borcuna silinmişdir. Bu hal, İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli 27/221 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Kredit” müqaviləsi ilə öz üzərinə götürdüyü kreditdən təyinatı üzrə istifadə etmə öhdəliyinin icra edilməməsinə səbəb olmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 385.1, 442.1, 448.1 maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin may ayında həmin məbləğ verilmiş və 3 aydan sonra avqust ayında bank tərəfindən tutma olmuşdur. Müqavilədə qeyd olunub ki, dərhal pul çıxarılmalı idi. İddiaçının 3 ay gözləmə səbəbi isə qarşı tərəfin xarici müəssisə olduğu üçün ondan daxil olmuş invoysların yubanması olmuşdur. İnvoyslar daxil olmamış, iddiaçı ödənişlər edə bilməzdi. Kreditdən təyinatına görə istifadə etməmək cinayət məsuliyyətinə səbəb olacaqdı. Ayrılan məbləğinin isə iddiaçı yalnız 110000 istifadə etmiş, 90000 manat məbləği bank tərəfindən vergi borcuna silinmişdir. Vergi qanunvericiliyinə görə sərəncam əsasında müəssisənin gəlirindən tutula bilər, lakin burada borcdan borc tutulmuşdur. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və iddiaçının hesabına 200000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı iddia ərizəsində bildirsə də ki, pul onun hesabına köçən kimi vergi sərəncamına çıxılmışdır, lakin əlavə olunan hesabdan çıxarışdan da aşkar surətdə görünür ki, kredit müqaviləsinin tarixindən (xx.xx.2021-ci il) sonra ilk sərəncam xx.xx.2021-ci il tarixində olmuşdur. Vergi ödəyicisi vergi öhdəliyini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yerinə yetirmədikdə vergi orqanı ona hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərir. Göründüyü kimi iddiaçı sərəncam barədə məlumatlı olmuş və məlumatlı olduğu halda da hesabındakı pul məbləğindən istifadə etməmişdir. Həmçinin vergi sərəncamının icra olunmamasına görə məsuliyyətin nəzərdə tutulmasını da əsas gətirərək iddiaçının bankdan pul tələbinə dair məhkəməyə müraciət etməsi əsassızdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi vergi sərəncamı əsassız hesablanmışdırsa, bununla bağlı banka qarşı yox, vergi orqanına qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. İddiaçı MMC-nin iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: 27 may 2021-ci il tarixli 27/221 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmetini, Kreditor Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun 20 may 2021-ci il taixli ZM-926/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya 200000 AZN məbləğində illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə kreditin verilməsi, borclunun kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsi bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən “Borclu” kredit vəsaitini digər kredit borclarının ödənilməsinə yönəltməməsi, kreditdən təyinatı üzrə istifadə edilməsi və bunu təsdiq edən sənədlərin kreditora təqdim edilməsinə dair öhdəlik götürmüşdür. . Cavabdeh ASC-nin hesabdan çıxarışına əsasən müəyyən olunur ki, İddiaçı MMCyə məxsus olan AZ58AİİB******************** nömrəli hesabdan müxtəlif tarixlərdə Vergilər Nazirliyinin (Dövlət Vergi Xidmətinin) müxtəlif sərəncamın icrası üçün cari hesabdan ümumilikdə 90764,04 manat məbləğində pul çıxılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqdur. 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 60.1.2.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onların vergilərin ödənilməsinə dair ödəmə tapşırıqlarının və vergi orqanının sərəncamlarının icra edilməməsinə görə kredit və elektron pul təşkilatları, bank əməliyyatlarını aparan şəxslərə, vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından tutulması haqqında vergi orqanının sərəncamlarının daxil olduğu gündən 3 iş günü müddətində icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə - vergi orqanının icra edilməyən sərəncamlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi maliyyə sanksiyaı tətbiq edilir. 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1 və 65.2.1.1-ci maddələrinə əsasən vergi orqanı, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı kredit və ya elektron pul təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək iddiaçıya 200000 manat kredit vermişdir. İddiaçı hesabına daxil olan həmin kredit məbləğinin bir hissəsini istifadə etmiş, qalan məbləğ onun hesabında olmuşdur. Vergi orqanın sərəncamı üzrə iddiaçının hesabından pulun tutulması iddiaçıya kredit verildikdən təxminən 3 ay sonra olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi və ya iddiaçıya qarşı delikt törədilməsi halı baş verməmişdir. Çünki cavabdeh vergi sərəncamını, kredit müqaviləsi üzrə verdiyi 200000 manat krediti iddiaçının hesabına köçürmədən öncə tutmamış, tam məbləği iddiaçının hesabına köçürdükdən təxminən 3 ay sonra vergi qanunvericiliyinə uyğun olaraq icra etmişdir. Kredit məbləği iddiaçının hesabına köçdüyü vaxtdan vergi sərəncamı icra edilənədək iddiaçının həmin məbləğdən sərbəst istifadə etmək imkanı olmuşdur. Vergi qanunvericiliyinə əsasən cavabdehin vergi sərəncamını icra etməməsi onun üçün məsuliyyətə səbəb olacağından o, haqlı olaraq sərəncama uyğun iddiaçıya məxsus hesabdan müvafiq məbləğləri tutmuşdur. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər əsassızdır. Eyni zamanda iddiaçı tərəfindən hesablanmış vergi məbləğinin əsassız hesablanmasına dair hər hansı sübut və ya məhkəmə qərarı məhkəməyə təqdim edilməmişdir. İddiaçı ona əsassız və ya qanunsuz hesablanmış vergi məbləğini qanunvericiliyə uyğun olaraq məhkəmədə iddia qaldırmaqla mübahisələndirə bilər, gələcəkdə onun iddiası uğurlu olacağı təqdirdə vergi qanunvericiliyinə uyğun olaraq artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar