Məhkəmə qərarları › İş №e-2-2(113)-188/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-188/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-188/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı CO/00018 saylı kredit müqaviləsi üzrə borcun tutulması, daşınmaz əmlakın açıq hərracda satılması və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış CO/00018/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 200.000 manat əsas, 46017,83 manat faiz borcunun, cəmi 246.017,83 manat borcun və tərəflərindən ödənilmiş 537 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh məxsus olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.74 ha torpaq sahəsi və üzərində yerləşən 570.7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanılmış “CO/00018/20” saylı Kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 15 faiz olmaqla 200.000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat N:li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.74 ha torpaq sahəsi və üzərində yerləşən 570.7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) Cavabdeh ilə “Bank” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Həmçinin AR X2 tərəfindən Banka daxil olmuş xx.xx.2020-ci il tarixli, ZM-259/2020 saylı Zəmanət məktubuna əsasən Fond Bankın verdiyi kredit üzrə dövlət zəmanətinin verilməsini öhdəsinə götürmüşdür. Həmin zəmanət məbləği kreditin 60 faizini təşkil edir. Zəmanət münasibətləri Fondla İddiaçı ASC arasında bağlanmış xx.xx.2020 tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq tənzimlənir. Həmçinin həmin zəmanət verilmiş məbləğin də cavabdehdən tələb edilməsi məqsədilə Fond tərəfindən Banka daxil olmuş xx.xx.2022 tarixli “Zəmanət ödənişi üzrə öhdəliyin icrası haqqında” məktuba əsasən Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilmişdir. Lakin kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2020-ci il tarixli, CO/00018/20 saylı Kredit müqaviləsi üzrə «Bank»a 200.000 manat əsas, 46.017,83 manat faiz borcu yaranmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2nun nümayəndəsi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsinin 11.1.2.ci yarımbəndinə əsasən faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək və 11.2-ci bəndinə əsasən bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 9-cu hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür. Yəni onlar ödənişi dayandırmışlar. Lakin ödəniş edəcəklər. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh faiz borcunun sadəcə 7.5 faiz hissəsini ödəməlidir, o ödədiyi halda onlar da ödəniş edəcəklər. Tam şəkildə ödənildikdən sonra onlar da ödəniş edəcəklər. Faiz subsidiyasının ləğvi üçün əsaslar göstərilmişdir. Həmin əsaslar hazırda yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı kredit müqaviləsinin ləğv edilməsi və əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsin ləğv edilməsi ilə bağlı; Belə ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilir. Odur ki, hazırkı halda sözügedən müqavilənin ləğvi hissədə işə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi ilə bağlı; Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə göstərilən müddəanın qanunun analogiyası üzrə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılması proseduruna da tətbiq edilməsini mümkün sayaraq belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı kredit müqaviləsinin ləğv edilməsi və əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar