Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-207/2021 02.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə ilkin iddia və iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh1 MMC-yə qarşı pulun tutulması tələbinə dair ikinci iddia üzrə kommersiya münahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli kredit verilməsi haqqında 170/02/3365/14 saylı kredit müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında 25 sentyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 170/02/3365/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdehə illik 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 11.000.000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə olan 27 fevral 2015-ci il tarixli 01 saylı əlavə sazişin 1-ci bəndində kredit müqaviləsinin 2.3-cü bəndinə edilən dəyişiklikliyə əsasən kreditin ödənilməli olduğu son tarix 08 sentyabr 2017-ci il müəyyən edilmişdir. Lakin Cavabdeh hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində borcu qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli kredit verilməsi haqqında 170/02/3365/14 saylı kredit Müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına; Cavabdeh1 MMC-dən tutulmalı olan məbləği girov predmetinin ilkin satış qiyməti 20.234.712 manat müəyyən edilməklə mülkiyyətində olan 26 yanvar 2015-ci il tarixli 170/02/3365/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə (Yüklü edilən səhmlərin Cıxarışın, qeydiyyat nömrəsi 06/2-3324; qeydiyyat tarixi: 17.02.2015) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan QSC "xxxx" KB-nin 22 may 2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000 manat məbləğində əsas, 231780,88 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9.481.780,88 manat, 25 sentyabr 2014-cu il tarixli KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat məbləğində əsas, 633.395,64 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat olmaqla, cəmi 14.739.620,97 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh1 MMC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC "xxxx" KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh1 MMC-nin nümayəndəsi vəsatət verərək həmin işin Bakı Kommersiya Məhkəməsinin digər hakiminin icraatında olan ləğv prosesində olan "xxxx" KB-nin QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işlə bir icraatda birləşdirilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 21.09.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) kredit müqavilələrinə əsasən yaranmış borc üzrə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə e-2-2(113)- 2429/2020 saylı iş "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə e-2- 2(113)-2351/2020 saylı işlə bir icraatda birləşdirilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasların iştirak edən iddiaçı AR Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı (üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia ərizəsinin məzmunundan görünür ki, həmin iddia Azərbaycan Respublikasının Mərkəzi Bankının ləğv prosesində QSC "xxxx" KB-na qarşı təminatlı və ləğvedici tərəfindən təsdiq edilmiş kreditor tələbindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Odur ki, məhkəmə hesab edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-207/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-207/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver