Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2346/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icra qeydi, subyektiv hüquq, ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququnun subyektləri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) “icra qeydinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh1 ASC) və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli 8İ-5741 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh1 ASC ilə İddiaçı MMC arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə illik 18 faiz olmaqla 36 ay müddətinə 149500 manat kredit verilmişdir. Verilmiş kredit sonuncu tərəfindən 2023-cü ilin yanvar ayınadək ödənilmiş və nəticədə əsas borc 139500 manatadək azalmışdır. Lakin İddiaçı MMC-nin fəaliyyətində yaranmış kommersiya problemləri ilə əlaqədar şirkətin vəsaitlərində azalma olmuş, gəliri minimuma düşmüş və bu səbəbdən də bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra edə bilməmişdir. 2.2. Əmlakını İddiaçı MMC-nin xeyrinə ipoteka qoyan X5 2023-cü ilin noyabr ayının sonunda MMC ilə əlaqə saxlayaraq şifahi məlumat vermişdir ki, onun mülkiyyətində olan ipoteka ilə Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125,20 kv.m olan əmlakın hərracdan satılaraq borca yönəldilməsi barədə notarius tərəfindən 15 noyabr 2023-cü il tarixdə icra qeydi verilmişdir. Tələbkar tərəfindən isə icra qeydi veriləcəyi barədə qanunvericilikdə nəzərdə tutulmuş bildiriş İddiaçı MMC-yə çatdırılmamışdır. Buna baxmayaraq, notarius tərəfindən icra qeydi verilmişdir. 2.3. Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh1 ASC-nin tələbi ilə İddiaçı MMC-nin bank qarşısında xx.xx.2022-ci il tarixli 1**- MF-*** saylı kredit müqaviləsi ilə yaranmış 149500 manat borc öhdəliyinə qarşılıq, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında girov qoyulmuş X3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125,20 kv.m olan əmlaka tutma yönəldilməsinə dair icra qeydi çıxarılmışdır. 2.4. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 15 noyabr 2023-cü il tarixli 8İ-5741 nömrəli icra qeydindən görünür ki, ipoteka saxlayan AZ1065, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 ASC/ VÖEN: ********** tələbi ilə borc alan - AZ1003, Bakı şəhəri, Səbail rayonu, X8, ev 19, mənzil 28 ünvanında yerləşən İddiaçı MMC / VÖEN:**********, ipoteka qoyan - ünvan 4 ünvanında qeydiyyatda olan X3 (AZE13993963, xx.xx.2014 - Səbayıl; FİN: 2XFDKJ0; d/t: xx.xx.1954) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125,20 kv.m olan mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilsin (Öhdəliyi müəyyən edən xx.xx.2022ci il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 143128,01 AZN əsas borc, 16307,78 AZN faiz borcu, 1501,82 AZN dəbbə pulu, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 160962 manat 61 qəpik (yüz altmış min doqquz yüz altmış iki manat altmış bir qəpik) təşkil edir. 2.5. 15 noyabr 2023-cü il tarixli 8İ-5741 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcunda tələbkarın qeyd etdiyi faiz və dəbbə pulu artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həll edilməlidir. 2.6. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. 2.7. Notariat ofisi tərəfindən təqdim edilən materiallardan görünür ki, Cavabdeh1 ASC notariat ofisinə müraciət etməzdən əvvəl iddiaçıya qeyd olunan məzmunda bildirişin göndərilməsini və həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutları mövcud deyildir. Cavabdeh1 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. 2.8. Bakı şəhəri 28 saylı notariat ofisi icra qeydini təsdiq edərkən mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı iddiaçının məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5, 6.3, 14, 16.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Notariat haqqında” Qanun) 76-cı maddəsinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iddiaya etiraz etdi və qeyd etdi ki, həm iddiaçıya, həm də üçüncü şəxsə bildiriş göndərilmişdir. Bu səbəbdən iddiaçının məlumatlı olmaması doğru deyildir.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını, iddianın təmin olunmasını, cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisi məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə bildirişləri göndərilməklə (şəxsə məxsus mobil telefon nömrəsi müəyyən olunmadığından “SMS” bildirişlərin göndərilməsi mümkün olmamışdır) lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəblər və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
9. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçıya məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək şərtilə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 149 500 manat kredit verməyi, iddiaçı isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 22 noyabr 2022-ci il tarixli 404 nömrəli ipoteka müqaviləsi bağlanmış, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125,20 kv.m olan mənzil Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli 8İ-5741 nömrəsi ilə qeydə alınan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan AZ1065, ünvan 5 ünvanında yerləşən Cavabdeh1 ASC-nin tələbi ilə (borc alan AZ1003, Bakı şəhəri Səbail rayonu, X8, ev 19, mənzil 28 ünvanında yerləşən İddiaçı MMC) ünvan 7 ünvanında qeydiyyatda olan X3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125.20 kv.m olan mənzilə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 143128,01 manat əsas borc, 16307,78 manat faiz borcu, 1501,82 manat dəbbə pulu, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 160962,61 manat təşkil edir).
10. İddiaçı borcun qaytarılması barədə ona bildiriş göndərilmədiyini, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin borcalan kimi ona ünvanlanmadığını bildirərək icra qeydinin ləğv edilməsini tələb edir.
11. Cavabdeh1 ASC borcun tələb edilməsi barədə bildirişin iddiaçıya xx.xx.2023-cü il tarixdə göndərildiyini, xx.xx.2023-cü il tarixdə çatdırıldığını, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin ipoteka qoyana xx.xx.2023-cü il tarixdə göndərildiyini (çatdırıldığını) göstərir və iddianın rədd olunmasını xahiş edir.
12. Digər cavabdeh və üçüncü şəxs hazırkı mübahisəyə prosessual maraq göstərmir, lazımi qaydada məlumatlandırılmalarına rəğmən məhkəmə iclaslarında iştirak etmirlər.
13. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu hüquq fiziki və hüquqi şəxslərin məhz Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin qorunması, təmin edilməsini özündə ehtiva edir və məhkəmə icraatının vəzifəsi də qeyd olunan hüquq və mənafelərin məhkəmədə təsdiq olunmasından ibarətdir. Bu mənada hər kəs özünün obyektiv hüquqa əsaslanan subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Buna görə də məhkəmə tərəfindən əvvəlcə obyektiv hüququn (normativ hüquqi aktda təsbit olunan) mövcud olubolmadığını müəyyən edilməli, bundan sonra şəxsin həmin obyektiv hüquqa əsaslanan subyektiv hüquqa (pozulmuş və təsdiq edilməli hüquq) malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
14. Bu mənada məhkəmə əvvəlcə iddianın əsaslandığı obyektiv hüququn araşdırılmasını, daha sonra bu kontekstdə iddiaçının subyektiv hüququnun olubolmadığının müəyyən edilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
16. Göründüyü kimi, ipoteka haqqında qanunvericilikdə ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququnun subyektləri qapalı siyahıda (numerus clausus) göstərilmişdir: ipoteka qoyan; ipoteka predmetinin başqa ipoteka saxlayanı və ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf.
17. Təsadüfi deyildir ki, həmin Qanunun 38.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
18. Lakin şikayət vermək hüququna malik olan üçüncü şəxs – ipoteka qoyan X5 tutma yönəldilməsi ilə razılaşmış, bildirişindən məhkəməyə şikayət verməmişdir.
19. Digər tərəfdən, iddiaçı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad etmişdir.
20. Halbuki “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasına əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
21. Eyni zamanda “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci hissəsinin sonuncu abzasına əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
22. Həmin Təlimatın 169-1-ci hissəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.
23. Göründüyü kimi, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da ipoteka predmetinə tutmanın aparılması ilə bağlı məsələlər göndərici normalar üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla tənzimlənmiş, həmin Qanunda da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququnun subyektləri siyahısında mülkiyyətçi və şəxsi borclunun eyni şəxs olub-olmamasından asılı olmayaraq ipoteka qoyan təsbit edilmişdir. Təsadüfi deyildir ki, Təlimatın 169-1-ci hissəsində ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə icra qeydinin aparılması göstərilmiş, yenə də ipoteka qoyan və borclunun eyni şəxs olub-olmamasından asılı olmayaraq ipoteka qoyan təsbit edilmişdir. Yəni borcluya bildiriş göndərildiyi halda belə onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququ yoxdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qanunla təsbit olunan, pozulmuş və təsdiq edilməli subyektiv hüququ yoxdur.
24. Belə olan halda, iddiaçının pozulmuş və təsdiq edilməli subyektiv hüququnun mövcud olmadığını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova