Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3158/2021 24.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdehnə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 623861,70 Avro və 40606,36 ABŞ dolları məbləğində pul vəsaitlərinin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla müvafiq vəsaitlərin və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 09.06.2009-cu il tarixli cari hesab haqqında müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən bank tərəfindən cavabdehin adına həm milli, həm də xarici valyutalarda cari hesabın açılması, cavabdehin tapşırığı ilə bank əməliyyatlarının aparılması nəzərdə tutulmuşdur. Cavabdeh 25.02.2014-cü il tarixdə akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X4 Co” LLC-nin xeyrinə ******* ABŞ dolları məbləğində 25.02.2016-cı il tarixədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmişdir. Akkreditiv (111İLC**********5 referensli) kredit hesabına açılmışdır. Cavabdeh 04.06.2014-cü il tarixdə akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “G.C.S.P.S Peiner System” şirkətinin xeyrinə ******* Avro məbləğində 04.10.2014-cü il tarixədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmişdir. Akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. Cavabdeh 12.03.2015-ci il tarixdə akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X2. ve Tic.A.S.” şirkətinin xeyrinə 10000 000 Avro məbləğində 05.03.2016-cı il tarixədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmişdir. Akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. "xxxx" ASC-nin X1 müxbir hesabları üzrə keçən sənədli əməliyyatların uçotunun tənzimlənməsi üzrə tədbirlərin görülməsi haqqında 13.07.2017-ci il tarixli, 269 nömrəli qərarına əsasən sənədli əməliyyatların aparılması zamanı müştərilərin adından akkreditiv və qarantiyalar üzrə ödənişlər həyata keçirildikdə, xarici kontragentlərin qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi və eyni zamanda həmin əməliyyatların bankın müxbir hesablarında düzgün uçotunun aparılmasının təmin edilməsi məqsədilə bank tərəfindən açılmış və qüvvədə olan, eyni zamanda gələcəkdə açılacaq bütün akkreditiv və qarantiya əməliyyatlarının yalnız bu məqsəd üçün nəzərdə tutulmuş MXSlərə aid xüsusi aralıq hesabları vasitəsilə aparılması qərara alınmışdır. Eyni zamanda qərarda akkreditivlərə görə müxbir hesablardan tutulmuş və bankın korporativ müştəriləri tərəfindən ödənilməmiş xarici bankların komisyon haqları barədə məlumatlar qeyd edilmişdir. Beləliklə, Cavabdeh MMC-nin sifarişi əsasında açılmış akkreditivlər üzrə xarici banklara ABB tərəfindən ödənilmiş komissiyon haqlar müştəri tərəfindən həmin banka ödənilməmişdir. 111İLC**********5, 111İLC********** və 111İLC********** referensli akkreditivlər üzrə ABB tərəfindən ödənilmiş komissiyon haqlar ümumilikdə 623861,70 Avro və 40 606,36 ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin problemli kreditlərinin tələb hüququ "xxxx" QSC BOKT-a güzəşt edilmişdir. "xxxx" ASC-yə olan kredit borcları "xxxx" QSC BOKT-a ödənilmişdir. Problemli kreditlərinin tələb hüququ "xxxx" QSC BOKT-a güzəşt edilməsi müvafiq fərmana əsasən "xxxx" ASC-nin hüququ deyil, öhdəliyi olmuşdur. Eyni zamanda iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: 09.06.2009-cu il tarixli cari bank hesabı haqqında müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin adına həm milli, həm də xarici valyutalarda cari hesabın açılması, Cavabdeh MMC-nin tapşırığı ilə bank əməliyyatlarının aparılması barədə razılıq əldə olunmuşdur. Cavabdeh MMC 25.02.2014-cü il tarixdə ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, Beynəlxalq Ticarət Palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlərinin subyekti olan akkreditiv açılmasını xahiş etmişdir. "xxxx" ASC ilə "xxxx" Konserni arasında bağlanılmış 04.03.2014-cü il tarixli, 584/1 nömrəli kredit sazişinə əsasən bank "xxxx" Konserniyə ******* ABŞ dolları məbləğində və ya qeyd olunan məbləğin ekvivalentdə digər valyutada kredit xətti açmış, borcalan hesabındakı vəsait təcrid edilmədən “Eta-Melco Elevator LLC” şirkəti ilə imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ******* ABŞ dolları məbləğində geri çağırılmayan, təsdiqlənmiş akkreditiv açmışdır. Cavabdeh MMC 04.06.2014-cü il tarixdə ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, Beynəlxalq Ticarət Palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlərinin subyekti olan akkreditiv açılmasını xahiş etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 09.06.2014-cü il tarixli, 615/1 nömrəli kredit sazişinə əsasən bank "xxxx" Konserniyə ******* avro məbləğində və ya qeyd olunan məbləğin ekvivalentdə digər valyutada kredit xətti açmış, borcalan hesabındakı vəsait təcrid edilmədən “G.C.S.P.A Peiner System” şirkəti ilə imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ******* avro məbləğində geri çağırılmayan, təsdiqlənmiş akkreditiv açmışdır. Cavabdeh MMC 12.03.2015-ci il tarixdə ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, Beynəlxalq Ticarət Palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlərinin subyekti olan akkreditiv açılmasını xahiş etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 13.03.2015-ci il tarixli, 686/2 nömrəli kredit sazişinə əsasən borcverən borcalana “X3. Ve Tic.A.Ş” şirkəti ilə bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ümumilikdə 10000000 avro məbləğində borcverən ilə “İNG” bankı ilə imzalanmış kredit sazişi çərçivəsində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumatdan görünür ki, akkreditivlər üzrə "xxxx" ASC tərəfindən xarici banklara 982819,97 avro və 430148,09 manat məbləğində ödənişlər edilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" QSC BOKT-a 06.11.2018-ci il tarixli, 01/8973 nömrəli məktub ünvanlanaraq "xxxx" ASC-dən tutulmuş xarici bankların komisyon haqlarının "xxxx" QSC-yə ötürülməsi məsələsinə baxılması xahiş edilmiş, "xxxx" QSC tərəfindən həmin məktuba cavab olaraq göndərilmiş 23.11.2018-ci il tarixli, 1-8/3388 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin balansından "xxxx" QSC-nin idarəetməsinə verilməsi məqsədəmüvafiq hesab edilmiş "xxxx" ASC-nin problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmamışdır. "xxxx" ASC 24.05.2021-ci il tarixli, 04-6348/2021 nömrəli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək 623861,70 Avro və 40606,36 ABŞ dolları məbləğində pulun 7 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ərizə ilə "xxxx" ASC-yə müraciət edərək Beynəlxalq Ticarət Palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlərinin subyekti olan akkreditiv açılmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən akkreditivlər açılmış və həmin akkreditivlər üzrə "xxxx" ASC tərəfindən xarici banklara ödənişlər edilmişdir (sonuncu ödəniş 2017-ci ildə). "xxxx" ASC "xxxx" QSC-yə müraciət edərək tutulmuş xarici bankların komisyon haqlarının "xxxx" QSCyə ötürülməsi məsələsinə baxılmasını xahiş etsə də, sonuncu problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmadığından bundan imtina etmişdir. Daha sonra bank tərəfindən həmin ödənişlərin ödənilməsi ilə bağlı 24.05.2021-ci il tarixli, 04-6348/2021 nömrəli pretenziya məktubu Cavabdeh MMC-yə göndərilsə də, sonuncu tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 977.1-ci maddəsinə əsasən akkreditiv üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana vəsait ödəməyi və ya köçürmə vekselini ödəməyi, aksept etməyi və ya uçota almağı və ya bu səlahiyyətləri başqa banka (icraçı banka) verməyi öhdəsinə götürür. Vəsait alana vəsaiti ödəyən və ya köçürmə vekselini ödəyən, aksept edən və ya uçota alan emitent banka icraçı bank haqqında qaydalar tətbiq olunur. 979.1-ci maddəsinə əsasən o akkreditiv geri çağırılmayan akkreditiv sayılır ki, o, vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilmir. 979.2-ci maddəsinə əsasən akkreditiv əməliyyatının aparılmasında iştirak edən icraçı bank emitent bankın xahişi ilə geri çağırılmayan akkreditivi təsdiqləyə bilər (təsdiqlənmiş akkreditiv). Bu cür təsdiqləmə icraçı bankın emitent bankın öhdəliyindən əlavə, akkreditivin şərtlərinə uyğun ödənişi icra etmək öhdəliyini qəbul etdiyini bildirir. 979.3-cü maddəsinə əsasən icraçı bankın təsdiqlədiyi geri çağırılmayan akkreditiv icraçı bankın razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz. 980.1-ci maddəsinə əsasən akkreditivin icrası üçün vəsait alan icraçı banka akkreditivin bütün şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədləri təqdim edir. Bu şərtlərdən, heç olmasa, biri pozulduqda akkreditiv icra edilmir. İcraçı bank həmin sənədlərin yalnız formal baxımdan qaydada olmasını yoxlamalıdır. 980.2-ci maddəsinə əsasən əgər icraçı bank akkreditivin şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir. Göstərilən xərclərin əvəzi, habelə akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün başqa xərclərinin əvəzi ödəyici tərəfindən ödənilir. Məhkəmə Cavabdeh MMC-nin akkreditivin açılması barədə ərizələri üzrə "xxxx" ASC-nin qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçı "xxxx" ASC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 623861,70 avro (altı yüz iyirmi üç min səkkiz yüz altmış bir avro yetmiş avrosent), 40606,36 ABŞ dolları (qırx min altı yüz altı ABŞ dolları otuz altı sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla müvafiq vəsaitlərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə pulun cavabdehdən tutulmasını tələb etsə də, əsas məbləğin hansı müddət ərzində gecikdirilməsi, həmin pulun hansı məbləğdə olması, hesablanma qaydası və s. digər halları əsaslandırmamış, cavabdehə qarşı qeyri-müəyyən formada tələb irəli sürmüşdür. Ona görə iddia tələbi həmin hissədə əsassız olmaqla təmin edilməməlidir. Cavabdeh Avesta Konserni” MMC-nin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətindən 623861,70 avro (altı yüz iyirmi üç min səkkiz yüz altmış bir avro yetmiş avrosent), 40606,36 ABŞ dolları (qırx min altı yüz altı ABŞ dolları otuz altı sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat (otuz manat qırx qəpik) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3158/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3158/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver