Məhkəmə qərarları › İş №e-2-2(113)-3528/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3528/2025

18.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3528/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı notariat ofisinə qarşı “hüquqverici sənədlərin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Anam-X1 təsisçisi olduğu 6 şirkət üzrə, o cümlədən “XXXX” Məhdud Məsuliyyəti Cəmiyyəti (VÖEN **********), “X5-2018” Məhdud Məsuliyyəti Cəmiyyəti (VÖEN **********), “XXXX” Məhdud Məsuliyyəti Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN**********), "xxxx" Kiçik Müəssisəsi (VÖEN **********) və "xxxx" Firması (“VÖEN **********) üzrə, eyni zamanda digər əmlakları üzrə miras qalmış daşınar və daşınmaz əmlaklar, qeyri-maddi aktivləri barəsində aparılan bütün əməliyyatların və bu əmləliyyatlar nəticəsində yaranmış bütün hüquqverici sənədlərin etibarsız hesab olunması, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, cavabdehlərin əməlində cinayətin tərkibi olduğundan xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki: – İddiaçının anası X4 2004-cü ildən etibarən bir çox böyük şirkətlər, o cümlədən “XXXX” Məhdud Məsuliyyəti Cəmiyyəti, “X5-2018” Məhdud Məsuliyyəti Cəmiyyəti, “XXXX” Məhdud Məsuliyyəti Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Firması təsis etmiş və həmin şirkətlərin uğurlu fəaliyyəti nəticəsində bir çox nailiyyətlərə imzalar atılmış, əsasən də Müdafiə Nazirliyinin tenderlərində iştirak edilmişdir. “XXXX” Məhdud Məsuliyyəti Cəmiyyəti, “X5-2018” Məhdud Məsuliyyəti Cəmiyyəti, “XXXX” Məhdud Məsuliyyəti Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Kiçik Müəssisəsinin təsisçisi kimi iddiaçının anası olduğu, "xxxx" Firmasının təsisçiləri sırasında iddiaçının anası ilə yanaşı bərabər pay hüququna malik Cavabdeh3 Hüseyin oğlu olduğu halda, qeyd edilən şirkətlərin idarə edilməsi bilavasitə Cavabdeh3 Hüseyin oğlu tərəfindən həyata keçirilmişdir. – İddiaçının anasının vəfatından çox əvvəl adıçəkilən şirkətlərin fəaliyyətində olan pozuntularla bağlı iddiaçının Cavabdeh3 Hüseyin oğluna bildirdiyi iradlara görə sonuncu iddiaçının bacısı Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək və anasına yalan məlumatlar verərək bildirmişlər ki, narkotik vasitələrin aludəçisi kimi iddiaçı faktiki olaraq yoxa çıxmış, əslində isə ailənin nüfuzundan istifadə edərək iddiaçını Respublika Psixiatriya Xəstəxanasına yerləşdirmişlər və qanunsuz olaraq uzun müddət də həmin xəstəxanada saxlanılmasını təşkil etmişlər. Bu da o məqsədlə olmuşdur ki, birinci növbəli vərəsə kimi yuxarıda adları göstərilən şirkətlərdən payına düşən aktivlərin, pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin birgə mənimsənilməsini təşkil etsinlər. Nəticədə, demək olar ki, hədəf və məqsədlərinə də çatmışlar. – Belə ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçı faktiki olaraq qanunsuz şəkildə Respublika Psixiatriya Xəstəxanasında saxlanılmış, 28 oktyabr 2019-cu il tarixdə iddiaçının anası dünyasını dəyişmiş və bu zaman onlar məqsədlərinə nail olduqlarından saxlanıldığı Respublika Psixiatriya Xəstəxanasına “ASAN Xidmət”in əməkdaşlarını dəvət etmiş və xəstəxanada iddiaçıya vurulan psixatrop dərmanların təsirindən anlaqsız vəziyyətindən istifadə edərək iddiaçının adına şəxsiyyət vəsiqəsi belə əldə etmişlər. Bundan başqa, o da məlum olmuşdur ki, həmin Respublika Psixiatriya Xəstəxanasında saxlanıldığı zaman adları qeyd olunan şirkətlərin icraçı direktoru kimi adını qeyd etdirməklə və imzasını saxtalaşdırmaqla bu şirkətlərə məxsux 10 milyonlarla manat məbləğində pulu mənimsəyərək ayrı-ayrı vaxtlarda respublikadan kənara, ofşor şirkətlərə daşımışlar. İddiaçının anasından miras qalmış əmlaklar üzrə iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı sonuncunun ərazi aidiyyəti üzrə Cavabdeh1na olan müraciətləri də heç bir nəticə verməmiş, həmçinin həmin əmlakların mövcudluğu barədə hər hansı rəsmi sənədin olmaması səbəbindən də miras qalmış əmlaklar üzrə məhkəməyə müraciət etmək imkanından da faktiki olaraq məhrum edilmiş, maliyyə çətinliyi səbəbindən də hər hansı vəkillə müqavilələr bağlaya bilməmişdir. – Lakin sonradan 2024-cü ildə vəkillə bağlanan müqavilə əsasında iddiaçı Bakı şəhəri 11 saylı vəkil bürosunun xx.xx.2024-cü il tarixli sorğu məktubu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə adları göstərilən şirkətlərin təsis edilməsi barədə rəsmi sənədin əldə edilməsi ilə yanaşı, vərəsəlik şəhadətnaməsi təqdim edilmişdir. Həmçinin iddiaçının anasının təsisçisi olduğu şirkətlərin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh3 Hüseyin oğlu ilə iddiaçının bacısı Cavabdeh2 birgə səyləri nəticəsində miras qalmış və iddiaçıya çatası bütün əmlaklar, o cümlədən adları göstərilən şirkətlərin balansında olan bütün aktivlər, o cümlədən daşınar və daşınmaz əmlaklar, qeyri-maddi aktivlər və torpaq sahələri bu iki şəxs tərəfindən saxta sənədlərin tətib edlməsi yolu ilə mənimsənilmişdir. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qyydiyyatı İdarəsinə, həmin Nazirliyin Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq tapşırıqlar verilməsi, eyni zamanda Cavabdeh3 Hüseyin oğlu ilə Cavabdeh2 və bu qanunsuzluqların həyata keçirilməsi işlərində onlarla əlbir olmuş şəxslərin dairəsinin tam müəyyn edilərək məsuliyyətə cəlb edilməsi üçün çoxsaylı müraciətlər edilmiş, nəticədə Cavabdeh3 Hüseyin oğlu və Cavabdeh2 ilə cinayət əlaqəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanda fəaliyyət göstərən 9 saylı notarat ofisinin xüsusi notariusunun imzası ilə 6 şirkət üzrə 05 noyabr 2024-cüil tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilmiş və bununla da həmin şirkətlərin miras əmlakındakı payının 1/3 hissəsinin iddiaçıya məxsus olması tam təsdiq edilmişdir. – Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının anasından miras qalmış bütün daşınar və daşınmaz əmlaklar üzrə, həmçinin qeyri-maddi aktivlər və bankda olan pul vəsaitləri barədə aparılan bütün əmliyyatlar etibarsız hesab olunmaqla yanaşı, aparılan həmin əməliyyatlar nəticəsində əmələ gələn bütün hüquqverici sənədlər də etibarsız hesab olunmalıdır. Bundan başqa bu şəxslərin anlaqsız vəziyyətdən istifadə edərək, adından qanunsuz yolla aldıqları etibarnamələr əsasında aparılan bütün əməliyyatlarla yanaşı, anlaqsız vəziyyətindən istifadə edərək sonradan bütün məsuliyyətin üzərinə yüklənməsi məqsədilə qanunsuz yollarla hüquqi şəxslərə və ya digər hüquqi şəxslərə direktor təyinatı və direktor kimi adından imzalanan bütün müqavilələr və direktor qismində adından aparılan bütün bank və digər əməliyyatlar da etibarsız hesab olunmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-1051/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mülki işin materiallarından mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən əmlaklar və qeyd edilən torpaq sahəsi əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisəyə məxsus olduğundan, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan hazırki mülki işə kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Hazırkı mübahisənin də kommersiya hüquqi şəxsinin payçıları, idarəçiləri arasında hüquqi şəxsin fəaliyyəti, əmlakının alqı-satqısı kimi məsələlərlə bağlı olduğu, yəni korporativ tələb – mübahisə olduğu müəyyən olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-1051/2025 nömrəli qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və s. maddələrinə istinad edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya kommersiya məhkəməsində baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. İş materiallarından görünür ki, iddiaçı anasından mirası qalan əmlakın anlaqsız vəziyyətindən sui-istifadə edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 tərəfindən başqa şəxslərə özgəninkiləşdirildiyinə istinad edir və anlaqsız vəziyyətdə olduğu dövrdə bağlanmış əqdlərin, aparılmış əməliyyatlar üzrə hüquqverici sənədlərin etibarsız hesab edilməsini tələb edir. Həmçinin cavabdehlərin ona mənəvi iztirab verdiyini əsaslanmaqla mənəvi zərərin ödənilməsini tələb edir. Qeyd edilən tələblər isə iddiaçının və ya cavabdehlərin birlikdə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bundan başqa, bağlanmış əqdlərin, aparılmış əməliyyatlar üzrə hüquqverici sənədlərin etibarsız hesab edilməsi hissəsində iddia tələbi korporativ tələb də hesab oluna bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 19-cu bəndinə əsasən, MPMin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Göründüyü kimi, Qərarda müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətin irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, subyekt tərkibindən asılı olmayaraq işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur. Korporativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Lakin onlar fəaliyyət qabiliyyətlərini öz orqanları vasitəsilə realizə edirlər. Bu orqanlar hüquqi şəxsin iradəsini yaradır, formalaşdırır və ifadə edir. Hazırkı tələb isə hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, yəni hüquqi şəxsin iradəsinin yaradılması, həyata keçirilməsindən irəli gəlməmişdir. Digər tərəfdən, korporativ mübahisələrə verilən anlayış çərçivəsində onların qəti olmayan siyahısını da vermək mümkündür: təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin yaradılması, yenidən təşkili, ləğvi ilə bağlı mübahisələr; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxsin ümumi yığıncağının çağrılması ilə bağlı mübahisələr; hüquqi şəxsin ümumi yığıncağının və ya idarəetmə orqanlarının qərarlarından şikayət üzrə mübahisələr; hüquqi şəxsin iştirakçılarının xalis mənfəət, dividendlərlə bağlı mübahisələri; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxslərin fəaliyyəti ilə tanış olmaq, müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı mübahisələr və s. Hazırkı iddia tələbi isə qeyd edilən siyahıda da mövcud deyildir. Həmçinin iş materiallarında olan “Qanun üzrə vərəsəlik” Şəhadətnamələrindən də görünür ki, iddiaçı tələbində qeyd etdiyi hüquqi şəxslərdə X2 məxsus paylardan vərəsəlik üzrə 1/3 pay əldə etmiş, 2/3 hissədə isə pay açıq saxlanılmışdır. Belə olan halda, X1 vərəsəsi kimi Cavabdeh2 miras əmlak kimi hüquqi şəxsdən pay alması təsdiq olunmur. Sonuncunun və digər cavabdehin hüquqi şəxsin iştirakçısı (təsisçisi) olması da iş materialları ilə təsdiqlənmir. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddiaya baxılarkən qeyri-müəyyən iddianın dəqiqləşdirilməsi istiqamətində addımlar atılmamış və məhkəmə nəzərə almamışdır ki, hazırkı vəziyyətdə iddia ərizəsində istinad olunan faktiki əsaslara görə mübahisə korporativ tələblə bağlı olmayıb, bilavasitə miras əmlak, həmin əmlaklarla bağlı fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı əqdlərin etibarsızlığı və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlıdır və bu səbəbdən mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı notariat ofisinə qarşı “hüquqverici sənədlərin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı notariat ofisinə qarşı “hüquqverici sənədlərin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar