Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-368/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı Şölen X17 və X5 nümayəndəsi, Vəkil və Cavabdeh MMC-nin nümayəndələri X8 və X2 iştirakı ilə, İddiaçı Şölen X17 və X5 Cavabdeh MMC-yə qarşı malların ticarət dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, malların geri ticarət dövriyyəsindən çıxarılmasına, ticarət şəbəkələrinə paylanmış məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinin kompensasiya edilməsi, işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şölen X19 və X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qablaşdırmasında göy, mavi rəng çalarlı kompozisiya, eləcə də göy, mavi və qırmızı rəng kombinasiyalı təsviri hissəsi olan “Toybox cream”, “Toybox cornet”, “Toybox Drajebon”, “Toybox with toys” adlı əmtəələrin ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 500000 ABŞ dolları, işgüzar nüfuza dəymiş zərər üçün 600000 ABŞ dolları olmaqla ümumilikdə ******* ABŞ dolları vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan kommersiya təşkilatı ŞÖLEN X23. Ve Tic. A.Ş. Şirkəti (tam adı: Şölen X19 ve X11, ingilis dilində adı: X21 Sanayi ve Ticaret A.S.) şokolad, konfet, qənnadı məmulatları, şokolad əsaslı məhsular istehsalı üzrə Türkiyənin ən böyük və tanınmış şirkətlərindən biridir. Şirkət Türkiyəxaricində də böyük nüfuz qazanmış, məhsullarını Avropa, Amerika, orta asiya, orta şərq, uzaq şərq ölkələri, Rusiya, Avstraliya, Kanada və Balkan yarımadası ölkələri də daxil olmaqla dunyanın 90 ölkəsinə ixrac edir. Şirkət dünyanın 100 ən yaxşı şokoladlı şirniyyat məmulatları istehsalçısı arasında yer almışdır. Turkiyədə mindən artıq qeydiyyata alınmış əmtəə nişanı, digər ölkələrdə və beynəlxalq qurumlarda qeydiyyata alınmış və beynəlxalq hüquqi mühafizə obyekti olan “ŞÖLEN”, “OZMO”, “xxxxxxxxxxx”, “BİSCOLATA”, “Milango”, “Boombastic”, “Luppo” və sair kimi çoxsaylı tanınmış əmtəə nişanlarına sahibdir. Şirkət xüsusilə uşaqlara xitab edən, onlara ünvanlanan məhsullar istehsal edir, uşaqlar üçün özəl şokoladlı məhsullar istehsalında ixtisaslaşmış və məşhurlaşmışdır. Şirkətin istehsal etdiyi uşaqlar üçün özəl təyinatlı məhsulların hamısının qablaşdırmasında xüsusi bir dolğun mavi, göy və qırmızı rəng kombinasiyalı təsvir vardır ki, bu kombinasiya şirkət məhsullarının qablaşdırma dizayn xüsusuiyyəti, həmçinin şirkət məhsullarının digər firma məhsullarında fərqləndirən xüsusiyyəti, səciyyəvi cəhətidir. Şirkət məhsullarının qablaşdırlımasının xüsusiyyəti göy, mavi rəngin dolğun çalarlı bir kombinasiyası ilə səciyyələnir. Cavabdeh MMC-nin Azərbaycanda satışını həyata keçirdiyi “TOYBOX’ məhsullarının qablaşdırmasındakı özəl göy, mavi rəngli kombinasiya və qırmızı rəng keçidləri olan təsviri hissə “OZMO” əmtəə nişanlı məhsullarında təqlid edilib. Belə ki, “Toybox cream”, “Toybox cornet, “Toybox DrajeBon”, “Toybox with toys” adlı əmtəələrin qablaşdırılmasında “Ozmo cream”, “xxxxxxxxxxx”, “Ozmo popsy”, “Ozmo egg” və sair “OZMO” məhsullarının qablaşdırması arasında qarışdırılacaq dərəcədə bənzətmə edilmişdir. Bununla da haqsız rəqabətə yol verilmiş, həmçinin eynicinsli əmtəə nişanlarına oxşar əmtəə nişanlarından qanunsuz istifadə edilmişdir. “TOYBOX” məhsullarının istehsalçısı və satıcıları “OZMO” məhsullarının qablaşdırma təsvirinin səciyyəvi cəhətlərindən öz məhsullarında istifadə etmiş, bununla da öz məhsullarının “OZMO” məhsullar ilə qarışdırılmasına yol vermək üçün qəsdən və bilərəkdən məhsullarının qablaşdırmasında iddiaçının məhsulları üçün səciyyəvi olan rəng kombinasiyasından (təsviri hissələrdən) istifadə edərək uşaq istehlakçıları çaşdırmağa, haqsız rəqabətlə haqsız qazanc əldə etməyə nail olmuşlar. Mübahisələndirilən məhsullar ilə iddiaçının məhsullarına baxarkən, elə ilk baxışda məhsullar arasında qarışdırılacaq dərəcədə böyük bənzərlik olduğu aşkar olur (rəngli fotoşəkillər əlavə olunub). Beləliklə, “Toybox cream”, “Toybox cornet, “Toybox DrajeBon”, “Toybox with toys” adlı əmtəələrin xarici qablaşdırması və xarici tərtibatı özbaşına təqlid edilmişdir. İddiaçı Şirkət “OZMO” dünyası konsepti ilə yaradılan sösügedən rəng kombinasiyalı məhsulların istehsalı və satışını uzun illərdir (30 il) ki, həyata keçirilir. “OZMO” məhsulları xüsusi göy, səma mavisi rəngində dizayn edilmiş, alt qismində qırmızı və yaşıl keçidlərin olduğu qablaşdırmasına kombinasiya edilməklə bu çeşiddəki məhsulların qabına özəl bir xarakter, xüsusi şəkil və forma verilmiş, tamamilə uşaqlara ünvanlanmış məhsullardır. Bu dolğun mavi ton ilə nizamlanan və bütöv olaraq fərqli bir kombinasiyalı nişan istehlakçı qrupu olaraq hədəf kütləsi uşaqlar olmuş, reklamlarda da davamlı yayınlanmış və uşaqların yaddaşında bu şəkildə canlandırılımasına nail olunmuşdur. Uşaqlar isə diqqətsiz istehlakçılardır və onların yaddaşında həkk olunan bütün bir rəng kombinasiyası onları məhsul alımında istiqamətləndirir. Diqqətləri həmin istiqamətə yönəlmiş uşaq istehlakçılar seçimini məhz həmin rəng çalarları ilə dizayn edilmiş qablaşdırılması olan məhsulları almağa yönəlirlər. Beləliklə “OZMO DÜNYASİ” məhsulları özünəməxsus bir göy, dolğun mavi tonlu rəng kombinasiyası və yaşıl qırmızı keçidləri ilə bir bütün olaraq uşaqların gözündə əzbərə canlanır. Bununla da elə ilkin baxışda bu qablaşdırmadakı məhsulların “OZMO DÜNYASİ” məhsulları olduğu şübhə doğurmur. Uzun illərdir iddiaçı şirkət öz məhsullarını bu şəkildə bir səpgidə tanıtdırmış, reklam etmiş, insanların yaddaşında qalmasına səy göstərmiş vəməhsullarının qablaşdırma nişanının yaddaşlara bu şəkildə həkk olunmasına nail olmuşdur. Cavadbeh isə öz məhsullarını mənz iddiaçının özünəməxsus rəng tonlarıyla yeni yaradıcı fikirlə dizayn edilmiş məhsullarına bənzətməklə iddiaçının bazardakı payından haqsız olaraq sui-istifadə etməyə nail olmuşdur. Halbuki cavabdehin satdığı məhsullar onun istehsalçısının özünəməxsus rəng tonlu qablaşdırma dizaynı sabit olaraq sarı qırmızılı rəng kompozisiyaları olmuş “TOYBOX” məhsulları məhz həmin sarı qırmızı rəng kombinasiyaları ilə yadda qalmışdır. Cavabdeh özünəməxsus sarı qırmızılı rəng çalarlı kompozisiyaları ilə minlərlə şəkildə dizaynlı qablaşdırma yaratmaq imkanı varkən “OZMO DÜNYASİ” məhsullarının özünəməxsus bir dolğun mavi tonlu rəng və qırmızı keçidli kompozisiyaları istifadə etməsi onun haqsız rəqabət edərək rəqibin bazar payından faydalanmaq niyyətini sübut edir. Qeyd edək ki, əvvəlcə eyni təyinatlı “TOYBOX” məhsulları mavi, qırmızı, yaşıl və sarı rəng kompozisiyalarında “TOYBOX” özünəməxsusluğu ilə fərqlənən şəkildə istehsal edilməsinə baxmayaraq, daha sonra məhsullarında məhz “OZMO DÜNYASİ” uşaq məhsullarına məxsus mavi və qırmızı rəng kompozisyiyaları olan çeşidlərə keçməyə başlamışdır. Beləliklə haqsız sui-istifadə nəticəsində “TOYBOX” məhsulları bazardakı payını genişləndirməyə başlamışdır. “OZMO DÜNYASİ” məhsullarının konseptinə kecdikdən sonra satışların artdığını görən “TOYBOX’ məhsullarının daha da geniş çeşiddə “OZMO” özünəməxsusluğu olan özəl göy, mavi tonlu və qırmızılı keçid kombinasiyalı qablaşdırması olan məhsulları satışa çıxarmağa başlamışdır. Uşaq istehlakçılar həmin məhsulları yalnış olaraq “OZMO” məhsulları zənn edib alır, bununla da azyaşlı istehlakçılar aldadılmış olurlar. Haqsız rəqabət nəticəsində məhsulların konsepti və xarici görünüşü o qədər bənzər olmuşdur ki, sanki eyni firma yaxud tabe və asılı firma məhsullarıdır. Xüsusilə böyük marketlərdə stendlərdə yer alan “TOYBOX” və “OZMO” məhsulları sanki eyni firma yaxud törəmə firma məhsulları kimi anlaşılmağa başlamışdır. Bu məhsulların istehlakçısı azyaşlı üşaqlar olduğundan onlar xüsusi mavi rəng tonlu konsept görəndə onları “OZMO” məhsulları, yaxud onun çeşidləri zənn edirlər. Aydındır ki, təbiətdə rəng çalarları saysız hesabsızdır. Ayrıca göy, mavi rəngə aid tonlarla belə coxsaylı kombinasiyalar yaradıla bilər. “TOYBOX” bütün bu sərhədsiz imkanlar içərisində sırf “OZMO” məhsullarının dolğun mavi rəngli özəl ton kompozisiyasını istifadə etməsi təsadüf ola bilməz. Hələ özünəməxsus sarı qırmızılı kombinasiyalı qablaşdırması olduğu halda, bu komposiziya ilə özünü tanıtdırdığı halda göy, mavi qırmızılı - “OZMO” məhsullarının özünəməxsus kombinasiyasını istifadə etməsi əlbətdə ki, təsadüf ola bilməz. Xüsusilə Türkiyə xaricindəki ölkələrdə, o cümlədən Azərbaycanda bununla bağlı haqsız rəqabətin davam etdirilməsinə səy göstərilmiş və Cavabdeh MMC vasitəsilə və bilavasitə onun iştirakı ilə qanunsuz gəlir əldə edilməkdədir. Cavabdehə xx.xx.2018-ci il tarixli, eləcə də onun tabe olduğu baş holding təşkilatı “xxxxxxxxxxxxxxx” MMC-yə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli xəbərdarlıq (pretenziya, ihtar) məktublarımıza rəsmi olaraq yazılı bir cavab verilməmiş, sadəcə şifahi olaraq qısa bir cavab verilmiş, telefonla zəng edərək məsələnin mübahisəli olduğunu bildirmişlər. Bununla da cavabdehin haqsız rəqabət qaydalarını pozmaqda davam edəcəyi aşkar olmuşdur. Odur ki, yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq məhkəmə müdafiəsi hüququmuzdan istifadə etməyə məcbur olmuşuq. “Toybox” istehsalçısı məhsuların qablaşdırmalarının bu şəkildə qarışdırılma ehtimalından qaça bilərdi, amma buna cəhd etməmiş və məhsulların kommersiya mənbəyi cəhətdən qarışdırılma təhlükəsinə yol açmışdır. Bu şəkildə hər iki məhsulun qablaşdırmalarının oxşarlığı alıcının gözündə cavabdehin məhsulunun cavabdehin seriya markasını yaradan ikinci bir markalı məhsul olduğu, iddiaçı ilə cavabdeh arasında bir lisenziya münasibərtlərinin mövcud olması və ya eyni şirkətlər ittifaqına daxil olan bir ortaqlıq əlaqəsi olduğu şəklində təsəvvüroyandırmaqdadır. Məlum olduğu kimi, çokolad, gofret, konfet, şirniyyat, biskvit məhsulları istehlakçılar tərəfindən əsasən gündəlik istifadə edilən məhsullardır. Bu məhsulların istehlakı sürətli olur və tez istehsak edilən mallar sayılır. İddiaçının demək olar ki, istehsal etdiyi bütün məhsullar bu növ məhsullardır. Bu məhsullar əksər hallarda marketlərdə kassaların yaxınlığında yaxud mağaza çıxışında yer alır və istehlakçılar tərəfindən planlanmadan, üzərində çox düşünülmədən bir anda alınır. Gündəlik həyatda ucuz qiymətə satılan və gündəlik istifadə olunan bu cür məhsullar barədə alıcıların diqqətli davranmayacaqları aşkardır. Hətta bu növ mallarda nəinki orta statistik istehlakçı, hətta diqqətli istehlakçılar belə diqqətli davranmırlar. Xüsusilə uşaqlar rəng və kombinasiyalarının onların təsəvvüründə canlandığı şəkildə (ona bənzər) məhsullara düşünmədən yönəlirlər və ailələrini də buna razı salırlar. Aydın olduğu kimi, burada hakim olan ünsür əmtəənin konsepti və yaratdığı ümumi təsəvvürdür. Hər iki əmtəənin yaratdıqları ümumi təsəvvürün olduqca bənzər olduğu açıq aydın görünür. Göründüyü kimi mübahisələndirilən məhsulların qablaşdırması iddiaçının məhsullarının qablaşdırmasının həm ümumi təsəvvür, həm konsept, rəng və dizayn olaraq bənzədilməklə, qablaşdırmanın xarici tərtibatı təqlid edilmişdir. Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyinin əksinə olaraq, Azərbaycan Respublikasında Cavabdeh MMC tərəfindən satışı həyata keçirilən Türkiyə Respublikasının hüquqi şəxsi olan X14 Sanayi ve X3 istehsal etdiyi “Toybox cream”, “Toybox cornet”, “Toybox DrajeBon”, “Toybox with toys” məhsullarının xarici qablaşdırmasında və tərtibatında iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan Şölen X17 ve X6 istehsal etdiyi “Ozmo” əmtəə nişanlı məhsulların xarici qablaşdırması və tərtibatı təqlid edilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasında satışı həyata keçirilən “Toybox” əmtəə nişanlı məhsullarının xarici qablaşdırması və tərtibatında istifadə olunan rənglərin kombinasiyaları “Toybox” şirkəti tərəfindən yaradılmışdır və orijinaldır. Hər hansı bir məhsul istehsalçısının rənglər üzərində inhisar haqqı yoxdur. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 4-cü maddələrinin müddəalarının tələbləri cavabdeh tərəfindən pozulmamışdır. Bundan başqa iki şirkət “Ozmo” əmtəə nişanlı məhsulların istehsalçısı Şölen X17 ve X11 və “Toybox” əmtəə nişanlı məhsullarının istehsalçısı X14 Sanayi ve X10 Türkiyə Respublikasının hüquqi şəxsidir. Bu iki şirkət arasında eyni predmetdə məhkəmə işi halhazırda Türkiyə Respublikasının Bakırköy 1-ci İntellektual və X15 Məhkəməsində davam etməkdədir. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə yenidən etiraz verərək, qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasında davam edən mübahisə yekunlaşmış və məhkəmə qərarına əsasən, qida sektoru məhsullarının etiketində istifadə olunan rənglərin bir çoxunun müştərək olduğu, məhsullarda istifadə olunan rənglərin heç kimin inhisarında ola bilməyəcəyi, bu baxımdan eyni rənglərin dünyanın ən mühüm qida müəssisələri tərəfindən müştərək şəkildə istifadə olunması reallığından çıxış edərək yalnız müştərək rənglərin qida sektorunda oxşar mallarda istifadəsinin son istehlakçıda qarışıqlığa səbəb olmaq üçün kifayət etməyəcəyi, iddiaçının qeydiyyatdan keçirdiyi əmtəə nişanlarındakı uşaq fiqurları ilə cavabdehin istifadə hallarının müştərək şəkildə ehtiva etdiyi uşaq fiqurlarının da bir-birindən fərqləndirilə biləcək qədər fərqli olduğu kimi, iddiaçının məhsulunda istifadə olunan “OZMO” yazısı və cavabdehin məhsulunda istifadə olunan “TOYBOX” yazılarının məhsulların üzərində aydın şəkildə yazılması və bu kimi digər səbəblər ilə bu məhsulların son istehlakçıda qarşıqlığa səbəb olmayacağı və haqsız rəqabət kimi baxıla bilməyəcəyi, yalnız oxşar rənglərin istifadə olunması səbəbilə markaya təcavüzdən də bəhs edilə bilməyəcəyi başa düşülməklə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 32039 saylı, xx.xx.2020-ci il tarixli “Ekspert rəyi”nə əsasən bir daha müəyyən edilmişdir ki, “Toybox cream”, “Toybox DrajeBon”, “Toybox with toys” əmtəə nişanları müvafiq olaraq “Ozmo cream”, “Ozmo popsy”, “Ozmo egg” əmtəə nişanları ilə onların təsviri elementləri və rənglərin uzlaşması qarışdırılacaq dərəcədə oxşar deyildir. “Toybox cornet” və “xxxxxxxxxxx” əmtəə nişanların təsviri elementlərinin və rənglərinin uzlaşmasında qarışdırılacaq dərəcədə oxşarlıq olduğuna dair bildirirlər ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun Əmtəə nişanı üzərində müstəsna hüquq başlıqlı 25-ci maddəsinə əsasən, Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Qanunun maddəsindən də aydın göründüyü kimi, müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. İddiaçıya aid “xxxxxxxxxxx” əmtəə nişanı şəhadətnaməsində: “Əmtəə nişanında “OZMO”, “CORNET” söz işarələrindən və təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər.” qeyd olunmuşdur. Təsviri hissədəki rənglərə müstəqil hüquqi mühafizə verilmədiyinə görə, iddiaçının qeydiyyata aldırdığı əmtəə nişanlarının təsvirində olan rənglər müstəqil olaraq mühafizə olunmamaqdadır. Bu səbəblə həmin əmtəə nişanlarının təsviri hissəsindəki rənglərdən digər istehsalçıların istifadəsinə yol verilir. Əlavə olaraq bildirmək istəyirlər ki, “Toybox cornet” məhsulunun satışı 4 fərqli qablaşdırmada həyata keçirilməkdədir. Hər iki istehsalçı şirkət “Şölen” və “Toybox” Türkiyə Respublikasının hüquqi şəxsləridir və məhkəmə iddiaçı “Şölen”in iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. Hazırkı iddia tələbi ilə mübahisə predmeti olan “Toybox cream”, “Toybox DrajeBon”, “Toybox with toys” “Toybox cornet” və “Ozmo cream”, “Ozmo popsy”, “Ozmo egg” “xxxxxxxxxxx” məhsullarının Türkiyə Respublikasında heç bir məhdudiyyət olmadan satışı həyata keçirilməkdədir və belə olan halda qeyd olunan məhsulların Azərbaycan Respublikasında satışına qadağa qoyulması tələbi ilə çıxış etmək tamamilə absurddur və göstərilən iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Məhsulların təqlidi və əmtəə nişanından qanunsuz istifadə olmadığına görə maddi zərər və işgüzar nüfuza zərər vurulması baş verməmişdir. Ümumiyyətlə iddiaçı zərərin necə hesablanması barədə hər hansı bir təsdiqedici sənəd təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Şölen X17 və X5 nümayəndəsi, Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia ərizəsinin verilməsi və ekspertizası” Qaydalarında müəyyən edilmiş meyarlara əsasən: iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır (29.3- cü maddə); əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır (29.9.1-ci maddə); əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır (29.9.2-ci maddə); sözlərdən ibarət nişanların oxşarlığı səsli (fonetik), qrafik (görünüşü) və məna ifadəli (semantik) ola bilər (29.6-cı maddə). «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və fiziki şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bərabər hüquqa malikdirlər. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu hal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri X8 və X9 iddia ərizəsi ilə razı olmadıqlarını bildirirək, iddiaya qarşı vermiş olduqları etirazla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Bununla yanaşı əlavə olaraq bildirmişlər ki, “Toybox cream” məhsulunun satışı az olduğuna görə həmin məhsulun ölkəyə idxalını şirkət dayandırmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Distrübütorluq müqaviləsindən görünür ki, Satıcı – X16 San.və Tic.LTD.Şti. tərəflərindən istehsal edilən və ixrac olunan məhsulların Alıcı –“X24 A.Ş.” tərəfindən yalnız bu müqavilədə göstərilən ölkədə (ixrac olunan malın müayinəsi aparılmaqla Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Cavabdeh MMC, Naxçıvan MR-də yerləşən Bizim Gida MMC) yeganə paylayıcı kimi marketinqi, satışı və paylanması şərtlərini öz öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixli, SF/ETS 17/18 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – “X24 A.Ş.” CİP Bakı (İNCOTERMS 2010) şərti ilə müxtəlif malları satmağı, Alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin nizamnaməsinin 5.3-cü bəndinin 8-ci abzasından görünür ki, içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının istehsalı, emalı, alqı-satqısı, idxalı və ixracı cəmiyyətin (Cavabdeh MMC-nin) fəaliyyət istiqamətlərindəndir. 000539 nömrəli Əmtəə nişanı şəhadətnaməsindən görünür ki, əmtəə nişanının sahibi - X22 Sanayı ve X12, əmtəə nişanın rəngi - göy, mavi, qırmızı, mixəyi, açıq mixəyi, yaşıl, çəhrayı, sarı, narıncı, bənövşəyi, ağ və qara olan “xxxxxxxxxxx” adlı əmtəə nişanı xx.xx.2014-cü ildən və xx.xx.2024-cü il tarixədək qüvvədə olmaqla xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin ASİMDX05/03-5/1908 nömrəli, xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, “ozmo” nişanlı məhsulların görüntüsünün fotoşəkili ilə “toybox” nişanlı məhsulların görüntüsünün fotoşəkilinin oxşar olub-olmamasını müəyyən etmək mümkün olmadığından, həmin görüntünün “Şölen” X23. Ve tic. a.ş şirkətinə məxsus əmtəə nişanının təqlidi olmasını təsdiq edən müvafiq ekspertiza rəyinə ehityacın olduğu bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli 32039 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyindən görünür ki, “Toybox cream”, “Toybox DrajeBon”, “Toybox with toys” əmtəə nişanları müvafiq olaraq “Ozmo cream”, “Ozmo popsy”, “Ozmo egg” əmtəə nişanları, onların təsviri elementlərin və rənglərin uzlaşması qarışdırılacaq qədər oxşar deyildir. “Toybox cornet” əmtəə nişanı N2015 0426 saylı, N 2015 0427 saylı və N 2015 1075 saylı şəhadətnamələr əsasında qeydiyyata malik “xxxxxxxxxxx” əmtəə nişanı ilə qarışdıralacaq dərəcədə oxşardır, onların təsviri elementlərin və rənglərin uzlaşmasında qarışdırılacaq dərəcədə oxşarlıq vardır. Toybox cream” və “Ozmo cream”, “Toybox DrajeBon” və “Ozmo popsy” əmtəələrin; “Toybox with toys” və “Ozmo egg” əmtəələrin qablaşdırılmasında oxşarlıq vardır, xarici tərtibatı qarışdırılacaq dərəcədə oxşar deyildir. “Toybox cornet” və “xxxxxxxxxxx” əmtəələrin qabıaşdırması və xarici tərtibatı qarışdırılacaq dərəcədə oxşardır. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Şölen X17 və X13 tərəfindən verilən hazırda mübahisə predmeti olan məhsulların Azərbaycan Respublikasında son illərdəki faktiki satış həcminə dair xx xxxx 2020-ci il tarixli məlumat xarakterli arayışdan görünür ki, “xxxxxxxxxxx” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 35846 ABŞ dolları, 2017-ci ildə 291487 ABŞ dolları, 2018-ci ildə 232177 ABŞ dolları və 2019-cu ildə 278341 ABŞ dolları, “Ozmo popsy” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 44777 ABŞ dolları, 2017-ci ildə 86498 ABŞ dolları, 2018-ci ildə 110160 ABŞ dolları və 2019-cu ildə 135736 ABŞ dolları, “Ozmo cream” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 114909 ABŞ dolları, 2017-ci ildə 122640 ABŞ dolları, 2018-ci ildə 118648 ABŞ dolları və 2019-cu ildə 162483 ABŞ dolları və “Ozmo egg” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 578000 ABŞ dolları, 2017-ci ildə 46146 ABŞ dolları, 2018-ci ildə 362893 ABŞ dolları olmuşdur. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanunun: 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 32-ci maddəsinə əsasən Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 34-cü maddəsinə əsasən Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir Haqsız rəqabət haqqında Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır; haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri. 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Azərbaycan Respublikası Milli Məclisin xx xxxxxxxx 1995-ci il tarixli, 1109 nömrəli qərarı ilə Azərbaycan Respubliakasının qoşulduğu xx xxxx 1883-cü il tarixli sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının 10-cu maddəsinə əsasən sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. məsələn, aşağıdakılar qadağan olunur:
1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;
3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs-cu maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis-cu maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər. Göründüyü kimi “Ozmo cream”, “Ozmo popsy”, “Ozmo egg” və “xxxxxxxxxxx” adlı əmtəə nişanlarının sahibi Şölen X17 və X7 və həmin şirkətin rəqibi olan “Toybox cream”, ”Toybox Drajebon”, “Toybox with toys” və “Toybox cornet” adlı əmtəə nişanlı mallarının istehsalçısı və ixracatçısı X16 San.və Tic.LTD.Şti-dir və sözügedən malların distrübütoru kimi çıxış edən “X24 A.Ş.” ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC qeyd edilən “Toybox cream”, ”Toybox Drajebon”, “Toybox with toys” və “Toybox cornet” adlı əmtəə nişanlı malların Azərbaycan Respublikasında marketinqini, satışını və paylanmasını həyata keçiririr. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı öz məhsulların qablaşdırmasında göy, mavi və qırmızı rəng kombinasiyalarından istifadə etsə də, istehsalçının və məhsulun adı əsasən mavi (açıq göy) rəngləri üzərində əks etdirilir və buna görə hər iki istehsalçının göy və mavi rəngli (əsas rəng) məhsullar tətqiq edilmişdir. Belə ki, yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri o cümlədən maddi sübut kimi əlavə edilən sözügedən əmtəə nişanlı mallara baxış keçirərən məhkəmə hesab edir ki, mübahisələndirilən məhsullardan ancaq göy “Toybox cornet” ilə mavi rəngli “xxxxxxxxxxx” məhsulları arasında qarışdıralacaq dərəcədə oxşarlıq var, belə ki, sözügedən ölcüləri və forması eyni olan məhsullarda əsas rəng çalarlarında (müvafiq olaraq göy və mavi) o cümlədən, onların üzərində olan sözügedən məhsulun xarici görünüşünü əks etdirən şəkillərdə və əsasən hər iki istehsalçının məhsulun adının “Cornet” olması istehlakçılarda göy (açıq qoy-mavi) rəngli “Cornet” adlı məhsulların eyni şirkət tərəfindən istehsal olması ilə bağlı yanlış təsəvvür yarada bilər (qeyd olunanlar həmçinin ekspert rəyində də öz əksini tapmışdır). Bununla yanaşı məhkəmə qeyd edir ki, göy “Toybox drajebon”, “Toybox with toys” məhsulları ilə müvafiq olaraq mavi (açıq göy) “Ozmo popsy”, “Ozmo egg” məhsulları ilə qarışdırılacaq qədər oxşarlıq yoxdur, belə ki, sözügedən məhsulların ölcüləri və formaları, həmçinin əsas rəng çalarlarında (müvafiq olaraq göy və mavi) oxşarlıq olsa da, hər iki istehsalçının (müvafiq olaraq Toybox və Ozmo əmtəə nişanları) hər iki məhsulunun özəl aşagıdakı adları biri “drajebon”, digəri “popsy”, biri “with toys” digəri “egg” olduğuna görə o cümlədən, onların üzərində olan şəkillər fərqli olduğundan, onların qarışdırmaq mümkün deyil. Bununla yanaşı, göy rəngli “Toybox cream” və “Ozmo cream” qarışdırılacaq dərəcədə oxşar deyildir, belə ki, hər iki məhsulda fərqli şəkillərlə yanaşı, fərqli rəngdə və formada qapaqlardan istifadə edilib, həmçinin göy rəngli “Toybox cream” məhsulu hazırda ümumiyyətlə idxal edilmir və satılmır. Həmçinin məhkəmə qeyd edir ki, “Ozmo” əmtəə nişanı ilə istehsal edilən 4 adda məhsullardan yalnız “xxxxxxxxxxx” əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, göy rəngli “Toybox cornet” məhsulunun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulmalı, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılmalı, ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılmalı və iddia tələbi həmin hissədə təmin edilməlidır. Bununla yanaşı Şölen X19 və X13 tərəfindən vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 500000 ABŞ dolları, işgüzar nüfuza dəymiş zərər üçün 600000 ABŞ dolları olmaqla ümumilikdə ******* ABŞ dolları vəsaitin verilməsi barədə heç bir sübut təqdim edilmədiyindən, əksinə iş materiallarında olan “Ozmo” məhsulların satışı ilə bağlı dinamikasını əks etdirən arayışda “xxxxxxxxxxx” məhsulunun Azərbaycan Respublikasında son illərdəki satışının kəskin artma nisbi azalma, daha sonra nisbi artım dinamika ilə ümumi yüksələn satış müşahidə edildiyindən (“xxxxxxxxxxx” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 35846 ABŞ dolları, 2017-ci ildə 291487 ABŞ dolları, 2018-ci ildə 232177 ABŞ dolları və 2019-cu ildə 278341 ABŞ dolları olmuşdur) iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən göy rəngli “xxxxxxxxxxx” məhsulunun ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulmalı, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılmalı, ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin yalnız qiymətləndirilməyən hissədə qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza xərci isə tərəflər arasında bərabər bölünməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Şölen X17 və X4, 50 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən göy rəngli “Toybox cornet” məhsulunun ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulsun, həmin məhsul ticarət dövriyyəsindən çıxarılsın və ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Şölen X17 və X4, 50 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Emin Əliyev