Məhkəmə qərarları › İş №e-2-2(113)-4639/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4639/2025

24.09.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4639/2025 24.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh2 MMC-yə qarşı “kontrafakt ehtiyat hissələrinin məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 MMC-yə qarşı “kontrafakt ehtiyat hissələrinin məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı1 və İddiaçı2 Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən **********4015 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və PEARLSTONE MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 19012025RKG saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 94325495 (FCİU 8763776) nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsi ilə idxal olunmuş “HYUNDAİ” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, Cavabdeh tərəfindən iddiaçılar "xxxx" və İddiaçı1nə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, “HYUNDAİ” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, “KİA” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs “BEST CUSTOMS SERVİCE" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********4015 nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş edilmiş və Cavabdeh2 MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 19012025RKG saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 94325495 (FCİU 8763776) nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsi ilə idxal olunmuş “HYUNDAİ” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinə baxış zamanı **********4015 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, “HYUNDAİ” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt olmasını təsdiqləyən əlamətlər aşkar edildiyindən Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 3-33-1100/047Q saylı qərarla malların buraxılışı 10 iş günü müddətində dayandırılmışdır. Təqdim edilən BİLDİRİŞ 47Q əsasən baxış zamanı 6-cı mal mövqeyi üzrə 3650 ədəd (906) kq yağ filtirlərinin “Hyundai” və “KİA” əmtəə nişanlı olduğu aşkar edilmişdir. İddiaçı1nə və İddiaçı2nə dəymiş maddi ziyanın, əmtəə nişanlarından qanunsuz istifadə edilməsinin dayandırılmasında və aşağıda qeyd edilən pozulmuş digər hüquqlarının bərpasının cavabdehlərdən tələb edilməsinə dair hüquqi əsaslar vardır. Belə ki, İddiaçı1 “X1 Qeydiyyatı üzrə Madrid Protokoluna əsasən ******* saylı beynəlxalq qeydiyyat üzrə çıxarışı təqdim edir və bildirir ki, “ ” əmtəə nişanı 01, 04, 07, 09, 11 və 12 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir. İddiaçı2“ X1 Qeydiyyatı üzrə Madrid Protokoluna əsasən ******* saylı beynəlxalq qeydiyyat üzrə çıxarışı təqdim edir və bildirir ki, “ ” əmtəə nişanı 01, 04, 07,09,11,21 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh tərəf məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). - 4-cü maddəsinə əsasən Əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması qeydə alına bilər. - 25-ci maddəsinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - 32-ci maddəsinə əsasən Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.

8. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun:

- 7-ci maddəsinə əsasən Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4639/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın cavabdeh tərəfindən iddiaçılar "xxxx" və İddiaçı1nə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi hissəsində baxılmamış saxlanılmışdır.

11. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının məcburi dayandırılması haqqında xx.xx.2025-ci il tarixli Qərarından məlum olur ki, Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli, 19012025RKG saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 94325495 (FCİU8763776) nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsilə idxal olumuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********4015 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur.

12. İş materiallarından görünür ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizəçi və bəyannaməçiyə gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və kontrafakt olamsını təsdiqləyən əlamətlər: baxış zamanı 3650 ədəd (906 kq) yağ filterlərinin “Hyundai” və “Kia” əmtəə nişanlı olduğunun aşkar olunması və malların xx.xx.2025-ci il tarixdən 2 may 2025-ci il tarixədək buraxılışının dayandırılması barədə bildiriş göndərilmişdir.

13. Hazırda iddiaçı sözü gedən malların (3650 ədəd “HYUNDAİ” və “KİA” əmtəə nişanlı yağ filterlərinin) kompensasiya ödənilmədən məhv edilməsini məhkəmədən xahiş edir.

14. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli, 19012025RKG saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94325495 (FCİU8763776) nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsilə idxal olunmuş, **********4015 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “HYUNDAİ” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələri kompensasiya ödənilmədən məhv edilməlidir.

15. Bundan başqa məhkəmə hesab edir ki, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır.

16. Belə ki, Cavabdeh2 MMC qeyd edilmiş şirkətlərin Azərbaycanda rəsmi nümayəndəsi deyildir.

17. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli, 19012025RKG saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94325495 (FCİU8763776) nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsilə idxal olunmuş, **********4015 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “HYUNDAİ” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələri kompensasiya ödənilmədən məhv edilsin. 1334789 saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar