Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-470/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 65,833,606.32 manat əsas borc, 6,215,789.66 manat faiz borcu, kredit müqaviləsinin, kredit müqaviləsinə dair əlavə razılaşmanın, kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, cavabdeh hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilməsi üçün 23 manat məbləğində notarial xərc və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2016-cı il tarixdə tərəflər arasında 60 ay müddətinə 1003 H nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit alana 38,675.600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2017-ci il tarixli, 1003 H nömrəli razılaşma ilə xx xxxxxxxx 2016-cı il tarixli, 1003 H nömrəli kreit müqaviləsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən kredit müqaviləsinin 3.1-ci bəndində göstərilmiş 38,675.600 ABŞ dolları rəqəmi və sözləri 65,833,606.32 manat rəqəmi və sözləri ilə əvəz edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2017-ci il ərizədə 38,675,600 ABŞ məbləğində kredit götürüldüyü etiraf olunur və mövcud olan kreditin manat çevrilməsinə köməklik göstərilməsi xahiş olunur. xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-yə pul öhdəliyinin icrasına dair pretenziya göndərilərək İddiaçı ASC-yə olan borcun 5 gün ərzində tamamilə bağlanması tələb edilmiş, əks təqdirdə xx.xx.2016-cı il tarixli, 1003 H nömrəli kredit müqaviləsi və xx xxxx 2017-ci il tarixli 1003H nömrəli razılaşma ilə üzərinə götürdüyü öhdəlikərin icrasını təmin etmək məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsini müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddiaya etiraz edərək verdiyi izahatda bildirdi ki, hazırkı kredit müqaviləsi hədə-qorxu və psixoloji təzyiqlər nəticəsində bağlanmışdır. Belə ki, müqavilə bağlanan zaman saxta, əmtəəsiz əməliyyatlar rəsmiləşdirilmiş, hər hansı pul vəsaiti cavabdeh tərəfindən alınmamışdır. Təmsil etdiyi şəxsə söz verilmişdi ki, saxta kredit müqaviləsi ləğv olunacaq və ona qarşı hər hansı pretenziya olmayacaq. Saxta borcun bağlanmasını tələb etdikdə isə o, qanunsuz təqiblərə məruz qalmışdır. Pul vəsaitinin təhvil verilməsi və qəbul edilməsi ilə bağlı əməliyyatlar videoyazı vasitəsilə qeydə alınmamış, pul vəsaitinin daşınmasına dair mal-nəqliyyat sənədləri mövcud deyil. Müqavilənin bağlanması zamanı həm bankdaxili normalar, banklar haqqında qanunvericiliyin tələbləri, həmçinin mülki qanunvericiliyin normaları pozulmuşdur. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 eyni əsaslarla iddiaın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Bir tərəfdən bundan sonra “kredit verən” adlanacaq İddiaçı ASC-nin İdarə Heyətinin sədri X6 ilə digər tərəfdən bundan sonra ”kredit alan” adlanacaq Cavabdeh MMC-nin direktoru X10 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, 1003H saylı kredit müqaviləsinin 1-ci bəndinə əsasən kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan 1.2 bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün istifadə edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə krediti alana 38,675,600 ABŞ dolları məbləğində kredit verilir. 3.4-cü bəndə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 3 % faiz ödəyir. 3.6-cı bəndə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 90 təqvim gününün bitdiyi sonucu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Kredit məbləği kredit alan tərəfindən kredit verənə 4.1-ci bəndinə göstərilən müddət ərzində tam olaraq qaytarılır. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit 60 ay müddətinə verilir. Sonda müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli, 1003 H nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2017-ci il tarixli, 1003H nömrəli razılaşmaya əsasən tərəflər kredit müqaviləsinin 3.1-ci bəndinə aşağıdakı dəyişikliyin edilməsi ilə bağlı razılığa gəlmişlər: - xx.xx.2016-cı il tarixli 1003 H nömrəli kredit müqaviləsinə Cavabdeh MMC-yə ABŞ dolları ilə verilmiş kreditin valyutasının dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin 3.1-ci bəndində göstərilmiş “38,675,600 ABŞ dolları “ rəqəmi və sözləri “65,833,606.32 manat” rəqəmi və sözləri ilə əvəz edlsin - Bu Razılaşmanın qüvvəyə mindiyi anadək tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli, 1003 H nömrəli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən hesablanmış və ödənilməmiş faiz borcu manata konvertasiya olunsun. - Bu Razılaşma qüvvəyə mindiyi andan tərəflər arasında təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ödəniş cədvəli öz qüvvəsini itirir və ödənişlər yeni ödəniş cədvəli əsasında aparılmalıdır. - xx.xx.2016-cı il tarixli, 1003 H nömrəli kredit müqaviləsinin bu razılaşma ilə dəyişiklik edilməyən digər şərtləri ilə dəyişdirilmədən qüvvədə saxlanılır. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli İH-06-01861 saylı pretenziya məktubuna əsasən Cavabdeh MMC-nin bank qarşısında olan borcu xx.xx.2019-cu il tarixinə xx.xx.2016-cı il tarixli 1003 H nömrəli razılaşma üzrə əsas məbləğ üzrə 65,833,606.32 manat, faiz məbləği üzrə 5,930,510.70 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh MMC-nin “xxxx” ASC-yə olan borcunun 5 gün ərzində tamamilə bağlanması tələb edilmişdir. Əks təqdirdə üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MP 11- 003 88 saylı arayışa əsasən Cavabdeh MMC ilə bank arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 1003 H nömrəli “kredit müqaviləsi”nə əsasən Cavabdeh MMC-nin banka xx.xx.2019-cu il tarixə olan əsas borcu - 65,833, 606.32 manat, faiz borcu - 6,215,789.66 manat, ümumilikdə borcu 72,049,395.98 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, 1003 H nömrəli kredit müqaviləsinə əsasən „Cavabdeh“ MMCyə bank tərəfindən 60 ay müddətinə, illik 3 % olmaqla 38,675,000 ABŞ dolları məbləğində kredit verilmiş, daha sonra xx xxxx 2017-ci il tarixdə tərəflər arasında bağlanmış 1003 H nömrəli razılaşmaya əsasən kredit müqaviləsinin kreditin məbləği göstərilən 3.1-ci bəndinə dəyişiklik edilərək cavabdehə verilmiş kreditin məbləği 65,833,606.32 manat olaraq müəyyən olunmuşdur. Məhkəmə ilkin olaraq Cavabdeh MMC-nin xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız (uydurma əqd) olması ilə bağlı mövqeyinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “xxxx“ MMC tərəfindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək aralarında bağlanmış 1003H nömrəli xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 1003 H nömrəli xx xxxx 2017-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi xahiş edilmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-67/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan “xxxx” ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(103)-375/2019 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə iddia tələbi rədd edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən “xxxx“ MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(102)-503/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərarda göstərilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı əqd olmaqla, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, görünüş üçün bağlandığı sübut yetirilmir. Cavabdehin iddia tələbinin rədd edilməli olması ilə bağlı yuxarıda istinad əsaslara həmin qərarlarda münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən İddiaçı ASC ilə “xxxx“ MMC arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin etibarlı əqd olması və qanuni əsaslara söykənərək bağlanması faktı öz təsdiqini tapdığından məhkəmə cavabdehin əqdin etibarsız (saxta) olması ilə bağlı mövqeyini əsassız hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı isə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, borcu qaytarmamış, nəticədə “xxxx“ MMC-nin qeyd olunan müqavilə üzrə 65,833,606.32 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Belə olan halda məhkəmə aralarında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsaslanan öhdəlik münasibətində iddiaçının cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi barədə iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 65,833,606.32 (altmış beş milyon səkkiz yüz otuz üç min yüz altı manat, otuz iki qəpik ) manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin cavabdehdən 6,215,789.66 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 3% ödəyir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-yə xx xxxxxxxx 2016-cı il tarixli, 1003 H nömrəli müqaviləsi üzrə 6,215,789.66 manat məbləğində faiz borcu hesablanmışdır. Odur ki, bu hissədə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iddia tələbini kredit müqaviləsinin, kredit müqaviləsinə dair əlavə razılaşmanın, kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, cavabdeh hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilməsi üçün 23 (iyirmi üç) manat məbləğində notarial xərcin cavabehdən tutulması hissəsində də əsaslı hesab edir. Belə ki, notarial qaydada təsdiq edilmiş sənədlərdə notarial haqqın ödənilməsi ilə bağlı aparılan qeydlər tələbin bu hissədə əsaslı olması faktını təsdiqləyir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 65,833,606.32 manat əsas borc, 6,215,789.66 manat faiz borcu, kredit müqaviləsinin, kredit müqaviləsinə dair əlavə razılaşmanın, kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, cavabdeh hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilməsi üçün 23 manat məbləğində notarial xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 72,049,448.98 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 65833606,32 (altmış beş milyon səkkiz yüz otuz üç min altı yüz altı manat, otuz iki qəpik) manat əsas borc, 6215789,66 (altı milyon iki yüz on beş min yeddi yüz səksən doqquz manat, altmış altı qəpik) manat faiz borcu, kredit müqaviləsinin, kredit müqaviləsinə dair əlavə razılaşmanın, kommersiya qurumunun dövlət reyestrindən çıxarışın, cavabdeh hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 23 (iyirmi üç) manat notariat xərci və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 72049448,98 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-470/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-470/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver