Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-536/2020 26.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” x1 Zaur Sabir oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4166,60 manat əsas, 1120,75 manat faiz, 2241,50 manat cərimə borcu olmaqla ümumilikdə 7528,85 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, kreditor ilə borclu Cavabdeh arasında 23 İyun 2014-cü il tarixində "98/SKMF- 77" saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcluya 5000 manat krediti SKMF-nun vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vermiş, sonuncu isə krediti ona hesablanmış faizilərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu hal – hazıra kimi üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyinə görə 4166,60 manat əsas, 1120,75 manat faiz, 2241,50 manat cərimə borcu olmaqla ümumilikdə 7528,85 manat məbləğində borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.. Mülki iş materiallarında olan: - 23 iyun 2014-cü il tarixli, 98/SKMF-77 saylı, “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, sonuncuya SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. - kassa məxaric orderinin surətindən görünür ki, 5000 manat məbləğində vəsaiti “Tac” Kredit İttifaqı tərəfindən Cavabdeh ödənilmişdir. - 22 avqust 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh həmin günə əsas borc 4166,60 manat, faiz borcu 1120,75 manat, cərimə 2241,50 manat olmaqla ümumilikdə 7528,85 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olsa da, həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir. Lakin məhkəmə iddia tələbində faiz borcunun maliyyə arayışının tərtib olunduğu günə kimi hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qərarın məzmunundan belə nətiəcəyə gəlinir ki, kredit müqaviləsi üzrə faizlər öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər hesablana bilər. İddiaçı tərəfindən təqdim olunmuş maliyyət arayışında kredit müqaviləsinin müddətinin bitdiyi vaxta qədər hesablanmış faiz borcunun məbləği 600 manat göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas borcun məbləği 4166,60 manat, faiz borcunun məbləği isə 600 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 4166,60 manat məbləğində əsas borca tənasübsüz olaraq 2241,50 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 2241,50 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 21 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” x1 Zaur Sabir oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4166,60 manat əsas borc, 600 manat faiz borcu, 400 manat cərimə olmaqla ümumilikdə 5166,60 manat məbləğində pul vəsaiti tutularaq Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 21 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-536/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-536/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver