Məhkəmə qərarları › İş №e-2-2(113)-713/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-713/2023

14.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-713/2023 14.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh1 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan 5.755,70 manat məbləğində pulun, ödənilmiş 200 manat mediasiya rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Çermet körpüsü altında Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətində icbari qaydada sığortalanmış Range Rover markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 səbəb olduğu yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-nin mülkiyyətində olan Qazel markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Nadir Rza-zadə tərəfindən müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuş, Nərimanov rayon DYPŞ polis kapitani X1 tərəfindən Cavabdeh1 barəsində İXM ******* seriya və nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, TP ******* seriya və nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir Dəymiş ziyanın qiymətləndirilməsi sığortaçı tərəfindən hadisənin baş verdiyi tarixdən 7 iş günü ərzində həyata keçirilməyərək gecikdirildiyindən və avtomobilin şirkətdaxili istifadəsinə təcili ehtiyac olduğundan iddiaçı tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi və avtomobilin təmir olunması üçün avtomobilin Azərbaycanda Respublikasında rəsmi servis mərkəzi olan “X3” MMC-yə müraciət olunmuşdur. “X3” MMC tərəfindən avtomobilə baxış keçirilməsi nəticəsində xx.xx.2022-ci il tarixində tərtib və təsdiq olunmuş qüsur aktına əsasən dəymiş ziyan ƏDV daxil 7.575,60 manat qiymətləndirilmişdir. Lakin avtomobilin təmiri zamanı əlavə ehtiyat hissələrinin də zədələndiyi və dəyişdirilməsinə ehtiyacı olduğu aşkar edilmişdir. Hazırda avtomobil tam təmir olunmuş, görülmüş işlərin yekun məbləği isə ƏDV daxil 10.755,70 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə ilkin nüsxədə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti MMC-dən 5.000 manat sığorta ödənişi, 1.085 manat gecikmə faizi olmaqla, toplamda 6.085 manat məbləğində pulun, digər Cavabdeh1dan 5.755,70 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin daha sonra məhkəməyə elektron kabinet vasitəsi ilə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti MMC tərəfindən 5.000 manat məbləğində pulun İddiaçı hesabına ödənildiyini bildirmiş və ancaq digər Cavabdeh1 5.755,70 manat məbləğində pulun, ödənilmiş 200 manat mediasiya rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə 5000 manat məbləğində pulun ödənilməsini təsdiq edən ödəniş sənədi də əlavə etmişdir.

13. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Çermet körpüsü altında Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətində icbari qaydada sığortalanmış Range Rover markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 səbəb olduğu yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı MMC-nin mülkiyyətində olan Qazel markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir.

14. İş materiallarına əlavə edilmiş 885761 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 99JC578 dövlət qeydiyyat nişanlı QAZ A21R32 0071 Yük markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir.

15. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi hadisəsinin baş verdiyini mübahisələndirmədiklərini, zərərçəkənə dəymiş ziyanın miqdarı ilə razı olmadıqlarını bildirmiş, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin vəkili isə iddianı qəbul etmədiklərini, nəqliyyat vasitəsinin iddiaçının qeyd etdiyi kimi zədələnmədiyini, kapotun əzilmədiyini, turbokompressorun zərbədən zədələnən avadanlıq olmadığını, akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmadığından və cavabdehin iştirakının təmin olunmadığını bildirmişdir.

17. Göründüyü kimi, xx.xx.2022-ci il tarixinində yol nəqliyyat hadisənin baş verməsi, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi Range Rover markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçınə məxsus Qazel markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması işin mübahisələndirilməyən halıdır.

18. Belə olan halda, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-nin mülkiyyətində olan Qazel markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.

19. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, yekun təmir məbləği ƏDV daxil 7.575.60 manat təşkil edir.

20. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təmirin icrası haqqında arayışa əsasən yekun təmir məbləği ƏDV daxil 10.755,7 manat təşkil edir.

21. Məhkəmə tərəfindən iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı və xx.xx.2022-ci il tarixli təmirin icrası haqqında arayışın işə əlavə olunmuş fotoşəkillərlə müqayisəli şəkildə təhlil edilməklə “QAZ A31R32” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanının məbləğinin nə qədər təşkil etdiyini və təmiri üçün nə qədər vəsaitin tələb olunduğunu müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

22. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “2020-ci il buraxılışlı “QAZ A31R32” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6.226 manat təşkil edir.

23. Məhkəmə qeyd edir ki, 2020-ci il buraxılışlı “QAZ A31R32” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın 6.226 manat olması daha ağlabatandır.

24. Belə ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli təmirin icrası haqqında arayışa istinad etsə də, qeyd edilmiş arayış hadisənin baş verməsindən təxmini 5 aya yaxın vaxt keçdikdən sonra verildiyindən, məhz həmin arayışda göstərilmiş xərclərin hamısının baş vermiş yol nəqliyyat hadisəsi zamanı yaranması inadırıcı deyildir.

25. Həmçinin də, o da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli qüsur aktı ilə xx.xx.2022-ci il tarixli təmirin icrası haqqında arayışa müqayisəli şəkildə nəzər yetirildikdə aydın olur ki, mühərrik yastıqları (200 manat), turbokompressor (2.800 manat), turbokompressor araqatı (45 manat) kimi ehtiyyat hissələri ilə bağlı xərclər xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd edilməsə də, xx.xx.2022-ci il tarixli təmirin icrası haqqında arayışında qeyd edilmişdir.

26. Ona görə də, Məhkəmə hesab edir ki, Qazel markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilə 6.226 manat məbləğində dəymiş ziyanın 5.000 manat hissəsi şığorta şirkəti tərəfindən ödənildiyindən qalan 1.226 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçınə verilməlidir.

27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

29. Kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, iddianın qiyməti 1001 manatdan 5000 manatadək olduqda 60 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq ödənilməlidir.

32. Belə olan halda yəni iddianın təmin olunmuş 1.226 manat hissəsinə mütənasib olaraq mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 1226 (bir min iki yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə-Əmtəəşünnaslıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar