Məhkəmə qərarları › İş №e-2-2(113)-7497/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7497/2024

29.11.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7497/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı cavabdeh X4 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 o-nun tabeliyində olan iki “WHİTE Palace” və “Ağ Saray” şadlıq saraylarında Mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi və ödənilməmiş Müəllif qonorarı olmaqla 48.000 (qırx səkkiz min) manat vəsaitin ödənilməsi, 75000 (yetmiş beş min) manat kompensasıyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X3 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İB-yi Ümumdünya Bəstəkar və X2 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar “Azərbaycan Müəllifləri” İB xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən cavabdeh X5 o. (VÖEN: **********) tabeliyində olan iki şadlıq sarayına (“WHİTE Palace” və “Ağ Saray”) rəsmi olaraq 03 may2023-cü il tarixdə №AM-2023/0103 nömrəli məktub-müraciət təqdim olunmasına baxmayaraq bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrinə isə qonarar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində Toy şənliklərində istifadə olunan musiqilər üçün 48.000 (qırx səkkiz min) azn ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15.2-ci bənd-13 abzasta əsasən, Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. 15.4. Müəllifin qonorar almaq hüququ vardır. 42.1). Lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır. 42.2). İdarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir. 43.2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək hüququ vardır. 44.1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdır. Nazirlər Kabinetinin 2 may1997-ci il tarixli, 38 saylı Qərarının Əlavə 3, Vİ bəndinin qeyd bölməsində 1-də və Əlavə 4, 1-ci bəndində göstərildiyi kimi;Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel televiziyası ilə yayımlanmasını, həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonararı ödəyirlər. 3 - cü Əlavəsinin 31-ci bəndində göstərilmişdir. Mətinli yaxud mətinsiz, istər artist ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində kütləvi ifasına görə. Əlavə 2, 5.2. Əsərlərin kütləvi ifasına o cümlədən radio və teeleviziyada, mexaniki, maqnit və s. yazılma ilə sürətçıxarmaya vı başqa istifadə üsullarına görə müəllif qonorarının yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. 5.3 - Müəllif qonorarının ödəyicisi olan bütün istifadəçi təşkilatlar müəllif(lər)dən və ya onların hüquqi varislərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə(lisenziya) almalıdırlar Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli, 38 saylı Qərarının, Musiqili əsərlərin istifadəsinə görə müəlliflərə ödəniləcək qonorarların məbləğləri minimumhədd olaraq 3 - cü Əlavəsinin 31, 32-ci bəndlərində köstərilmişdir. 3-cü Əlavəsinin İVQeyd: 31 və 32-ci hissələrdə nəzərdə tutulan qonarar (Minimummiqdardan az olmamaqla, sərbəst qiymətlə müəyyən edilə bilər. Əlavə 4,1 ikinci abzas) şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonararın kimtərəfindən ödənilməsi göstərilməlidir. Qonararın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlə göstərilməlidir. Əlavə 4. 34. Müəllif qonorarının bütün ödəyiciləri ifa olunan əsərlərin, müəlliflərinin adları, yığılan pulun məbləği, (bu maddədə nəzərdə tutulan digər halları) dəqiq qeydiyyatını aparmalı, əmlak və əlaqəli hüquqları kollektiv əsasda idarə edən təşkilatın nümayəndəsinə məlumat verməlidirlər. 35-ci maddədə nəzərdə tutulan sənədləri, hesabat ayı başa çatdıqdan sonra 10 gün müddətində təşkilatın nümayəndəsinə təqdimetməlidir. Maddə 45. “Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları). Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən iddiaçının tələbi ilə 2). zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 4.Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib, bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxarda bilər. 5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxstən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ ovyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əlavə olaraq qeyd edək ki, “Azərbaycan Müəllifləri” İB əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Çünki iddiaçı qeyri-kommersiya təşkilatıdır və “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatın kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığından, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri yalnız, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə kommersiya mübahisəsinin subyekti ola bilərlər. Belə olan halda isə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. “X3 Əmlak Hüquqlarının İdarəçiliyi” ictimai birliyinin Nizamnaməsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi, prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyrihökümət təşkilatıdır və fəaliyyəti ölkdə ərazisini əhatə edir. Nizamnamənin 2.6-cı bəndində qeyd edilmişdir ki, birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Həmçinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 18-ci bəndinə əsasən işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: ailə-nikah münasibətlərindən irəli gələn tələblər; əmək münasibətlərindən irəli gələn tələblər; mənzil münasibətlərindən irəli gələn tələblər; xüsusi icraat qaydasında baxılan işlər (MPM-in 26.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla), renta münasibətlərindən irəli gələn tələblər; vərəsəlik münasibətlərindən irəli gələn tələblər; istehlak münasibətlərindən irəli gələn tələblər; müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblər (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ); xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələr; oyun və mərclərin keçirilməsindən irəli gələn tələblər; xüsusi mükafatlandırmanın açıq elan edilməsi, müsabiqənin keçirilməsindən irəli gələn tələblər; qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətəndirərək hesab edir ki, iddiaçı qeyri-sakibkarlıq subyekti olduğundan, mübahisə müəlliflik hüquqları ilə bağlı olduğundan, cavabdehin ünvanı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X4 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar