Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7788/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qarantiya müqaviləsi) X2 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən qarantiyanın verilməsi və sənədləşdirilməsi üçün komissiya haqqı - 50 (əlli) manat, qarantiya məbləğinə illik hesablanan 3% həcmində haqq – 14873.52 (on dörd min səkkiz yüz yetmiş üç manat əlli iki qəpik) manat məbləğin, məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 134.77 (bir yüz otuz dörd manat yetmiş yeddi qəpik) AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh MMC-dən tutularaq iddiaçı - İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "xxxx" MMC bundan sonra İddiaçı BOKT MMC iləCavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə Qarantiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Qarant Prinsipalın xahişi ilə Prinsipalın kreditoru olan, bundan sonra Benefisiar adlanan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti xx.xx.2020ci il tarixli SOCAR**********20020861X00002 nömrəli xidmətlərinin göstərilməsi haqqında satın alınması müqaviləsi bağlanmışdır. Həmin müqavilə Prinsipalın Benefisiar qarşısında xx.xx.2023-cü il tarixədək 160650,00 (bir yüz altmış min altı yüz əlli) manat məbləğində öhdəliklərin lazımınca yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli Qarantiya Müqaviləsinin 3-cü maddəsinə əsasən qeyd olunan qarantiya ödənişləri Prinsipal tərəfindən yerinə yetirilməmiş və müqavilənin 3.1.1-a bəndinin yəni qarantiyanın buraxılması və sənədləşdirilməsi üçün 50 (əlli) manat məbləğində komissiya haqqının, c-bəndinin yəni qarantiya məbləğinə təminatın qüvvədə olduğu müddət ərzində hesablanan illik 3 (üç) faiz həcmində haqq Prinsipal tərəfindən əlavə olaraq ödənilməsi hissələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməyərək, müqavilə şərtləri pozulmuşdur. İddiaçı tərəfindən təqdimedilmiş xx.xx.2023-cü il tarixli 28 nömrəli hesab fakturaya əsasən, cavabdehin borc məbləği - xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən qarantiyanın verilməsi və sənədləşdirilməsi üçün komissiya haqqı - 50 (əlli) manat, qarantiya məbləğinə illik hesablanan 3%həcmində haqq – 14873.52 (on dörd min səkkiz yüz yetmiş üç manat əlli iki qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə borc öhdəliyinin icra edilməsinə dair dəfələrlə zəng olunmuş və pretenziya məktubları ünvanlanmışdır (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz, VÖEN göndərilməsinə dair sənəd ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.
3. Daha sonra cavabdeh iddia ərizəsinə etiraz edərək,iddia tələbinin təmin olunmamasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Qarantiyanın verilməsinə görə prinsipial (Steel Repair Services MMC) tərəfindən ödənilmiş 50 (əlli) manat komissiya haqqı artıq Mülki Məcəllənin 479.2.-ci bəndinin tələblərinə “Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.” uyğun olaraq qarantın muzd ödənişi funksiyasını yerinə yetirmişdir. Bu ödəniş: • Qarantiya verilmə anında, yəni xx.xx.2020-ci il tarixdə edilmişdir; • Qarantiyanın qüvvədə olduğu dövr üçün əlavə muzd və ya faiz tələbini istisna edir. Qanunvericilikdə (MM, 478–489-cu maddələr) qarantiya verilməsi ilə bağlı davamlı və ya dövri ödəniş anlayışı yoxdur. Qarantın muzd tələbi yalnız qarantiya sənədinin verilməsi anında hüquqi əsas daşıyır və sonrakı müddət ərzində yeni faiz və ya cərimə tətbiqi əsassız varlanma yaradır (MM, maddə 1091.1). Bu baxımdan, iddiaçı tərəfindən 2025-ci ildə “illik 3% haqq” və “müddət ərzində faiz” adı ilə tələb edilən məbləğlər qanunsuzdur və qarantiya müqaviləsinin 3.1.1-ci maddəsinin a bəndi istisna olmaqla digər bəndləri qanunla və məhkəmə təcrübəsi ilə əhəmiyyətsizdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” (https://eqanun.az/framework/47561) Konstitusiya Məhkəməsinin Plenum qərarının 7.-ci bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.” Təsadüfi deyil ki, Mülki Məcəllənin 337.3.-cü bəndinin tələblərinə əsasən “əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.” Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, Müqavilənin 3.1.2-ci maddəsində faiz ödənişlərinin “müvafiq cədvəl əsasında hər ay ödənilməsi” nəzərdə tutulsa da, bu cədvəl iddiaçı tərəfdən təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. Bu halda faiz ödənişi şərtinin konkret icra mexanizmi – yəni aylıq ödəniş cədvəli – razılaşdırılmadığından, müqavilə üzrə faiz ödənişi öhdəliyi əmələ gəlməyib. Həmçinin Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən, müqavilənin standart şərtlərində rast gəlinən qeyrimüəyyənlik tərəflərin razılığı ilə müqaviləni təklif etmiş tərəfin (təklifi verənin) xeyrinə deyil, əksinə ziyanına təfsir olunmalıdır. Bu halda tərəflərdən biri iddiaçı müqavilə şərtini icra etmək üçün tələb olunan cədvəli təqdim etməyərək şərtin məzmununu qeyri-müəyyən qoyur. Belə ki, cədvəlsiz müqavilə şərtini konkret şəkildə təfsir etmək mümkün olmadığından, onun hər hansı ödəniş iddiasının qanuni əsası yoxdur. Nəticədə faiz ödəmə şərtinin icrası ilə bağlı tələb müqavilənin özünün praktik şəkildə tənzimləmədiyi hal sayılmalı və bu tələb hüquqi əsasdan məhrum sayılmalıdır. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar.
5. Bundan başqa cavabdeh iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, əgər müqavilənin 3.1.2-ci maddəsi etibarlı hesab olunub aylıq ödəniş öhdəliyi yaranırsa, bu halda iddia olunan faiz tələblərinin əksəri 3 illik qanuni müddətin bitməsi səbəbindən hüquqi-prosessual mənada haqsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2.-ci maddələrinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə də üç il müəyyən edilib. Habelə Konstitusiya Məhkəməsi də kredit münasibətlərində bu qaydaya aydınlıq gətirmişdir: tərəflər arasında 3 illik müddət nəzərdə tutulmayıbsa, Mülki Məcəllənin 377.1.-ci bəndinin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır, yəni öhdəliklərin icra müddəti bitdikdən sonra iddia müddəti hesablanmağa başlayır. Beləliklə, iddiaçının 2025-ci ilin sentyabr ayında irəli sürdüyü iddia 2020, 2021 və 2022-ci illərdə yaranan 2022-ci ilin sentyabr ayınadan 2023-cüilin may ayınadək hesablanan faizlərə dair olduğuna görə, bu iddiaların çoxunun müqavilə şərtlərinə əsasən müəyyən edilmiş aylıq ödəmə müddətinin bitdiyi tarixdən üç ildən artıq vaxt keçmişdir. Məsələn, 2020-ci ildə müvafiq ödəniş tarixi başa çatdıqdan sonra üç il ötmüş sayılır və bu faiz tələbi qanuni müddət xaricində qalmışdır. Nəticə etibarilə iddiaçı 2020–2022-ci illərin aylıq faiz tələblərinin əksəri üzrə iddia müddəti başa çatmış olduğundan həmin tələblər əsaslı hesab olunmamalıdır. Yuxarıda göstərilənlərdən çıxan nəticə ondan ibarətdir ki, Məcəllənin Cavabdeh MMC-nin müdafiəsi çərçivəsində irəli sürülmüş hüquqi arqumentlərə əsasən iddianın faiz hissəsi həm forma, həm də müddət baxımından əsassızdır. Konkret olaraq, müqavilədə nəzərdə tutulmuş cədvəlsiz şərtin icrası tələbi hüquqi cəhətdən təmin edilə bilməz və 2020–2022-ci illərə dair faiz tələblərinin böyük hissəsi 3 illik iddia müddətinin bitməsi ucbatından tətbiq edilməlidir. Bu səbəblərlə iddia tələb(əraziləri) əsassız olduğundan tam rədd edilməlidir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Qarantiya münasibəti hüquqi mahiyyətinə görə müstəqil öhdəlik xarakteri daşıyır. Bu münasibət çərçivəsində qarant benefisiar qarşısında prinsipalın öhdəliyinin icrasını təmin etmək məqsədilə öz vəsaiti və maliyyə nüfuzu hesabına risk götürür. Qarantiya verilməsi təmannasız öhdəlik deyil, əksinə, maliyyə riski, məsuliyyət və təşkilati xərclərlə müşayiət olunan ödənişli xidmətdir. Bu xidmətin qarşılığı olaraq, prinsipal qaranta muzd (komissiya) ödəyir ki, bu da müqavilə azadlığı prinsipi və mülki hüququn ümumi qaydalarına uyğundur. Qarantiya müqaviləsində nəzərdə tutulan muzd borcun faiz kimi tutulması deyil, qarantın üzərinə götürdüyü risk və müstəqil öhdəliyin qarşılığıdır. Qarant benefisiarın tələbi əsasında, prinsipialın davranışından və əsas öhdəliyin icra vəziyyətindən asılı olmayaraq, ödəniş etməyə borcludur. Bu, qarantiya öhdəliyinin müstəqil xarakter daşıdığını və qarant üçün real maliyyə riski yaratdığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi müddəalarına əsasən, tərəflər müqavilənin şərtlərini və ödəniş formasını sərbəst müəyyən etmək hüququna malikdirlər. Ödənişli xidmətlər qanunla qadağan edilməyib və müqavilədə nəzərdə tutulmuş muzd hüquqi qüvvəsini almışdır. Muzdun mövcudluğu qarantiya münasibətinin hüquqi mahiyyətini dəyişmir və onu kredit və ya borc münasibətinə çevirmir. Beləliklə, muzdun faiz kimi qiymətləndirilməsi hüquqi baxımdan əsassızdır.
8. Cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək,iddia ərizəsinin rədd edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, müqavilədə benefisiar ilə prinsipial arasındakı münasibətlər tənzimlənir. 3.1.1-ci bəndə istinad edilirsə, 3.1.2ci bəndə də istinad edilməli və faizlərin hər ay ödənilməsi nəzərdə tutulmalıdır. Əgər tərəflər arasında müvafiq razılaşma mövcud idisə, onda niyə 3 ildən sonra məhkəməyə müraciət edilmişdir?! Bu vəziyyət iddia müddətinin tətbiqinə dair arqumentimizi dəstəkləyir.
III. Məhkəmə baxışının hədləri:
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
11. İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı "xxxx"BOKT MMC) (qarant) ilə Cavabdeh MMC (prinsipal) arasında xx.xx.2020-ci il qarantiya müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Həmin müqavilə prinsipalın benifisar qarşısında "22" May 2023-cü il tarixədək 160 650.00 (bir yüz altmış min altı yüz əlli) manat məbləğində öhdəliklərin (bundan sonra “əsas öhdəliklər” adlandırılacaq) lazımınca icra etməsini təmin edir. - 2.1.1-ci bəndinə əsasən həmin müqavilə bağlandığı anda prinsipala benefisiara təqdim etmək üçün qarantiya məktubu verməyi öhdəsinə götürür. - 3.1.1-ci bəndinə əsasən Qarantiya verilməsinə görə prinsipal qaranta aşağıdakıları ödəyir: a) qarantiyanın buraxılması və sənədləşdirilməsi üçün 50 (əlli) manat məbləğində komissiya haqqı; b) qabaqcadan ödənilən qarantiya məbləğinin 0 (sıfır) % məbləğində komisyon haqqı; c) Qarantiya məbləğinə təminatın qüvvədə olduğu müddət ərzində hesablanan illik 3 (üç) faiz həcmində haqq prinsipal tərəfindən əlavə olaraq ödənilir. - 3.1.2-ci bəndinə əsasən faizlər prinsipal tərəfindən, tərəflərin qarşılıqlı razılaşması ilə təyin edilmiş faizlərin ödəniş cədvəlinə əsasən hər ay ödəmə ( və ya hesabdan silinmə) yolu ilə aparılır. - 7.1-ci bəndinə əsasən Bu qarantiya müqaviləsi imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır. Müqavilə bankın və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə 30 may 2023-cü il tarixli 14923.52 manat məbəğində hesab-faktura göndərilmişdir.
V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. - Maddə 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. - Maddə 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. - 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. - 484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləş-dirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir. - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə də üç il müəyyən edilib. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
14.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 15.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 16.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Beləliklə, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış qarantiya müqaviləsindən irəli gəlmişdir. İddiaçı Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyinin (qarantiya müqaviləsi üzrə muzdun) icrasını tələb edir.
21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh MMC arasında qarantiya müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı "xxxx"BOKT MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il qarantiya müqaviləsinin şərtlərinə uyğun olaraq Qarant Prinsipalın xahişi ilə Prinsipalın kreditoru olan, bundan sonra Benefisiar adlanan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti xx.xx.2020-ci il tarixli SOCAR**********20020861X00002 nömrəli xidmətlərinin göstərilməsi haqqında satın alınması müqaviləsi bağlanmışdır. Həmin müqavilə Prinsipalın Benefisiar qarşısında xx.xx.2023-cü il tarixədək 160650 manat məbləğində öhdəliklərin lazımınca yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür.
22. Tərəflər arasında işin mübahisələndirilən hali: iddiaçı müqavilə üzrəödənilməli olan muzdu tələb edir, cavabdeh isə iddanı ümumiyyətlə qəbul etmir həmçinin iddia müddətinin tətbiq edilməsini xahiş edir.
23. İddiaçının nümayəndəsi bildirir ki, qarantiya münasibəti hüquqi mahiyyətinə görə müstəqil öhdəlik xarakteri daşıyır. Bu münasibət çərçivəsində qarant benefisiar qarşısında prinsipalın öhdəliyinin icrasını təmin etmək məqsədilə öz vəsaiti və maliyyə nüfuzu hesabına risk götürür. Qarantiya verilməsi təmannasız öhdəlik deyil, əksinə, maliyyə riski, məsuliyyət və təşkilati xərclərlə müşayiət olunan ödənişli xidmətdir. Bu xidmətin qarşılığı olaraq, prinsipal qaranta muzd (komissiya) ödəyir ki, bu da müqavilə azadlığı prinsipi və mülki hüququn ümumi qaydalarına uyğundur. Qarantiya müqaviləsində nəzərdə tutulan muzd borcun faiz kimi tutulması deyil, qarantın üzərinə götürdüyü risk və müstəqil öhdəliyin qarşılığıdır. Qarant benefisiarın tələbi əsasında, prinsipialın davranışından və əsas öhdəliyin icra vəziyyətindən asılı olmayaraq, ödəniş etməyə borcludur.
24. Cavabdehin nümayəndəsi bildirir ki, müqavilədə benefisiar ilə prinsipial arasındakı münasibətlər tənzimlənir. 3.1.1-ci bəndə istinad edilirsə, 3.1.2-ci bəndə də istinad edilməli və faizlərin hər ay ödənilməsi nəzərdə tutulmalıdır. Əgər tərəflər arasında müvafiq razılaşma mövcud idisə, onda niyə 3 ildən sonra məhkəməyə müraciət edilmişdir? Bu vəziyyət iddia müddətinin tətbiq edilməlidir.
25. Məhkəmə qeyd edir ki, öz təbiətinə və ya tərəflərin razılaşmasına əsasən əqdlər əvəzli və əvəzsiz kimi fərqləndirilir.Qarantiya müqaviləsi əvəzli müqavilədir və həmin müqavilə qarantın müstəqil riski əsasında yaranır və əsas borcdan asılı xarakter daşımır.Yəni qarantın mükafatı öhdəliyin icrası faktına deyil,həmin riskin qəbul edilməsinə görə müəyyən olunur.Odur ki,qarantın ödənişin faktiki həyata keçirilməsi mükafatın ödənilməsi üçün şərt hesab edilə bilməz.Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddiaçı tərəflər arasında mövcud olan qarantiya müqaviləsinə əsasən müqavilədə şərtləndirilən muzdu tələb etməkdə haqlıdır.
26. İşin faktiki halları ilə də təsdiq olunur ki,Müqavilənin 3.1.1-ci bəndinə əsasən prinsipal qaranta qarantiya məbləğinə təminatın qüvvədə olduğu müddət ərzində hesablanan illik 3 faiz həcmində haqq prinsipal tərəfindən əlavə olaraq ödənilir.Bundan başqa Müqavilənin 3.1.2-ci bəndinə əsasən faizlər prinsipal tərəfindən, tərəflərin qarşılıqlı razılaşması ilə təyin edilmiş faizlərin ödəniş cədvəlinə əsasən hər ay ödəmə ( və ya hesabdan silinmə) yolu ilə aparılır.
27. Beləliklə məhkəmə qarantiya müqaviləsinin 3.1.1-ci və 3.1.2-ci bəndlərini təhlil edərək hesab edir ki, tərəflər arasında imzalanmış Qarantiya müqaviləsi ilə muzdun ödənilməsi qaydasını vaxtaşırı icra edilməli öhdəlik kimi müəyyə ediblər və ona 3 illik iddia müddəti şamil olunmalıdır.
28. Müqavilənin məzmunundan görünür ki, qarant 22 may 2023-cü il tarixinədək prinsipalın kreditoru qarşısında olan 160650 manat məbləğində öhdəliyinin aylıq 3% əlavə haqq ödənilmək şərti ilə icrasını təmin etmişdir.
29. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq qarantiya müqaviləsi bağlanmışdır. İddiaçı qarantiya müqaviləsi üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Belə ki, iddiaçı cavabdehdən bütöv qarantiya müqaviləsinin qüvvədə olduğu dövr üçün ödənilməli olan 14873.52 manat borcunu tələb etmişdir. Həmin məbləğ müqavilənin qüvvədə olduğu dövr üçün ümumilikdə hesablanan məbləğdir. Məhkəmə müqavilənin şərtlərinə əsasən qeyd edir ki, qarantiya müqaviləsinin 3.1.1-ci və 3.1.2-ci bəndlərinə əsasən cavabdeh hər ay 401.5 ( illik 3%)manat ödəməli idi. Müqavilə üzrə muzd öhdəliyi vaxtaşırı icra edilməli öhdəlik olduğundan məhkəmə hesab edir ki, idda ərizəsinin verildiyi tarix (xx.xx.2025) nəzərə alınmaqla 3 illik iddia müddəti tətbiq edilməli və tləb iddia müddətinin keçdiyi hissədə rədd edilməli, yalnız iddia müddəti keçməyən hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki halda cavabdehdən yalnız xx.xx.2022-ci il tarixdən sonra ödəməli olduğu muzd məbləği tutulmalıdır. Həmin məbləğin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (müqavilədə müəyyən edilən qarantiyanın qüvvədə olduğu son tarix) 9 ay müddətinə ödənilməli olan aylıq 401.5x9=3614.60 manat olduğu müəyyən olunur.
30. Beləliklə, Cavabdeh MMC-dən 3614.60 manat məbləğində pul vəsaiti və 50 manat məbləğində sənədləşmə üçün komissiya haqqı xeyrinə tutulmalıdır.
31. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 134.77 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
32. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş 56.64 manat dövlət rüsumu cavabdeh dən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3614.60 manat məbləğində pul vəsaiti, 50 manat məbləğində sənədləşmə üçün komissiya haqqı və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 56.64 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova