Məhkəmə qərarları › İş №e-2-2(115)-1648/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1648/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1648/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 354406-CNS-38924 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3691,26 (üç min altı yüz doxsan bir manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 427,92 (dörd yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 669,14 (altı yüz altmış doqquz manat,on dörd qəpik) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 4788,32 (dörd min yeddi yüz səksən səkkiz manat, otuz iki qəpik) manat məbləğində borcun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2119,87 (iki min yüz on doqquz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 168,03 (yüz altmış səkkiz manat, 3 qəpik) manat məbləğində faiz borcu, 112,16 (yüz on iki manat, on altı qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 2400,06 (iki min dörd yüz manat, 6 qəpik) manat məbləğində borcun və 110 manat ödənilmiş mediasiya dair xərcinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 354406-CNS-38924 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3691,26 (üç min altı yüz doxsan bir manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 427,92 (dörd yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 669,14 (altı yüz altmış doqquz manat,on dörd qəpik) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 4788,32 (dörd min yeddi yüz səksən səkkiz manat, otuz iki qəpik) manat məbləğində borcun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2119,87 (iki min yüz on doqquz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 168,03 (yüz altmış səkkiz manat, 3 qəpik) manat məbləğində faiz borcu, 112,16 (yüz on iki manat, on altı qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 2400,06 (iki min dörd yüz manat, 6 qəpik) manat məbləğində borcun və 110 manat ödənilmiş mediasiya dair xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 354406-CNS-38924 saylı “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə xx.xx.2023-ci il tarixədək (12 ay müddətinə) 7000 (yeddi min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh Banka cəmi 4788,32 manat məbləğində borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə xx.xx.2024-cü il tarixədək (12 ay müddətinə) 2453 (iki min dörd yüz əlli üç) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh Banka cəmi 2400,06 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Bu səbəbdən iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin tələbə riayət edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və müvafiq arayış verilmişdir. Gəncə 1 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli 02960 saylı arayışından müəyyən olunur ki, Cavabdeh kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında Cavabdeh və ya nümayəndəsi iştirak etməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiya dair xərci ödəmişdir. (ödənişə dair qəbz qoşmada əlavə olunur) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) 91,88 manat təşkil edir. Bundan başqa, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 354406-CNS-38924 saylı və xx.xx.2023-cü il tarixli 354406-CNS-43409, “Kredit müqaviləsi”nin 9.2 bəndinə əsasən müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır. Bundan başqa, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 354406-CNS-38924 saylı və xx.xx.2023-cü il tarixli 354406-CNS-43409, “Kredit müqaviləsi”nin 12.1. bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilməlidir. Bu baxımdan, hesab edirlər ki, hazırki işə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 19 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-1648/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə bildirişi rəsmi qaydada xx.xx.2023-cü il tarixdə alınmasına baxmayaraq, iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqavilələri, ödəniş cədvəlləri, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 354406-CNS-38924 saylı krеdit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sahibkar olan fiziki şəxs Cavabdeh dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədi ilə 22 faizlə, 12 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 354406-CNS-43409 saylı krеdit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sahibkar olan fiziki şəxs Cavabdeh dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədi ilə 22 faizlə, 12 ay müddətinə 2453 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli 354406-CNS-38924 saylı kredit müqaviləsi üzrə banka 3691,26 (üç min altı yüz doxsan bir manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 427,92 (dörd yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 669,14 (altı yüz altmış doqquz manat,on dörd qəpik) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 4788,32 (dörd min yeddi yüz səksən səkkiz manat, otuz iki qəpik) manat məbləğində bоrcunun olduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı kredit müqaviləsi üzrə banka 2119,87 (iki min yüz on doqquz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 168,03 (yüz altmış səkkiz manat, üç qəpik) manat məbləğində faiz borcu, 112,16 (yüz on iki manat, on altı qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 2400,06 (iki min dörd yüz manat, altı qəpik) manat məbləğində bоrcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 354406-CNS-38924 saylı və xx.xx.2023-cü il tarixli, 354406-CNS-43409 saylı kredit müqavilələri bağlanılmışdır. Kredit müqavilələri üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqavilələrində qeyd olunan məbləğlər cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəllərinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh xx.xx.2022-ci il tarixli, 354406- CNS-38924 saylı kredit müqaviləsi üzrə banka 3691,26 manat məbləğində əsas borcu, 427,92 manat məbləğində faiz borcunun, xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı kredit müqaviləsi üzrə 2119,87 manat məbləğində əsas borcu, 168,03 manat məbləğində faiz borcunun olduğu təsdiq edilir. Odur ki, iddiaçı həmin məbləğlərdə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, 354406-CNS-38924 saylı kredit müqaviləsi üzrə 669,14 manat, xx.xx.2023-cü il tarixli, 354406-CNS-43409 saylı kredit müqaviləsi üzrə 112,16 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb xx.xx.2022-ci il tarixli, 354406-CNS- 38924 saylı kredit müqaviləsi üzrə cərimə məbləğinin 80 (səksən) manat, xx.xx.2023-cü il tarixli, 354406-CNS-43409 saylı kredit müqaviləsi üzrə isə cərimə məbləğinin 20 (iyirmi) manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və 61278 nömrəli ödəniş tapşırığından göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini İddiaçı ASC-nin nümayəndəsi ödəmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 85,08 (85 manat 08 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 354406-CNS- 38924 saylı kredit müqaviləsi üzrə 3691,26 manat məbləğində əsas borc, 427,92 manat məbləğində faiz borcu, 80 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 4199,18 manat məbləğində borc və xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı kredit müqaviləsi üzrə 2119,87 manat məbləğində əsas borc, 168,03 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 2307,9 manat məbləğində borc, 110 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh 85,08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddian qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 354406-CNS-38924 saylı kredit müqaviləsi üzrə 3691,26 manat məbləğində əsas borc, 427,92 manat məbləğində faiz borcu, 80 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 4199,18 manat məbləğində borc və xx.xx.2023-cü il tarixli 354406-CNS-43409 saylı kredit müqaviləsi üzrə 2119,87 manat məbləğində əsas borc, 168,03 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 2307,9 manat məbləğində borc, 110 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh ödənilməmiş 85,08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar