Məhkəmə qərarları › İş №e-2-2(115)-2320/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2320/2022

19.12.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2320/2022 19.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" X8 Cəmiyyətinin nümayəndələri X4 və X3 iştirakları ilə İddiaçı Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinə qarşı işlədilmiş su sərfinə və kanalizasiya xidmətinə görə cavabdeh tərəfindən “Butik” Hotelinə(abonent kodu 802370) hesablanmış 2668 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X10 küçəsi, ev 18 A ünvanında yerləşən əmlak kompleksi İddiaçı rəhbərliyi altında “Butik” Hotel olaraq fəaliyyət göstərir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə 600286 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə etdiyi əsas gətirilərək 2668 manat məbləğində borcun tutulması qeyd edilmişdir. "xxxx" ASC ilə onun arasında bağlanmış müqaviləyə əsasən istehlakçı olaraq sudan istifadəyə görə obyektə su sayğacı quraşdırılmışdır. Yeddi ay bundan əvvəl ön ödəməli smart kart tipli su sayğacı qoyulmuşdur. Sahibkar kimi İddiaçı oteldə sərf olunmuş su sərfinə və kanalizasiya xidmətinə gör vaxtlı-vaxtında xidmət haqqlarını mövcud tarifə uyğun ödəmişdir. Su və kanalizasiya sərfi üçün cavadeh təşkilat tərəfindən otelə quraşdırılmış sayğaca müdaxiləyə görə cavabdeh təşkilatla aralarında heç bir mübahisə olmamışdır. Lakin sonradan “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları kənar xətdən istifadə edilməsini əsas gətirərək akt tərtib etməklə sudan istifadəyə görə 1334 manat, çirkli suya görə 1334 manat borc yazılmışdır. Əlavə sərfiyyat olaraq hesablanmış ümumilikdə 2668 manat borc tamamilə əsassızdır və qanunsuz olaraq hesablanmışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" X8 Cəmiyyətinin əməkdaşları tərəfindən sahibkarlıq obyektində qaydalardan kənar yoxlama aparılmışdır. Aparılmış yoxlama qanunauyğun olmadığından borc əsassızdır. Cavabdeh "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya məxsus obyektdə sayğacdankənar xətdən istifadə edildiyi müəyyən edilmiş və itirilmiş su sərfiyyatının əvəzi olaraq 2668 manat borc hesablanmışdır. Lakin, yoxlama dövlət qeydiyyatından keçirilmədən aparılmışdır. Cavabdeh "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 600286 nömrəli aktdan görünür ki, "xxxx" X8 Cəmiyyətinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə X10 küçəsi 18 A ünvanında yerləşən obyektin (“Butik Hotel”) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, 1 ədəd 20 mm-lik su xəttindən və üzərində quraşdırılmış smart tipli elektron su sayğacından istifadə olunur. Baxış zamanı obyektdə 20 mm-lik boru xətti vasitəsi ilə sudan sayğacdankənar qeyri-qanuni istifadə olunduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" X8 Cəmiyyətinin hesab fakturasından görünür ki, sudan istifadəyə görə 1334 manat, çirkli suya görə 1334 manat olmaqla, ümumilikdə 2668 manat borc əlavə sərfiyyat olaraq hesablanmışdır. Abonent haqqında məlumatdan da görünür ki, X1 borcu 2668 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də su təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Bundan başqa, "Su təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" X8 Cəmiyyətinin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus obyektdə sudan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X2” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə "xxxx" X8 Cəmiyyətinin əməkdaşları tərəfindən su sayğacına baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 2668 manat borcun borc əsaslı və qanuni hesablanması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" X8 Cəmiyyəti tərəfindən hesablanmış 2668 (iki min altı yüz altmış səkkiz) manat borc “Butik” Hotelin (abonent kodu 802370) abonent hesabından silinsin. Cavabdeh "xxxx" X8 Cəmiyyəti tərəfindən 46.68 (qırx altı manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar