Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-750/2025 13.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmtəə nişanından istifadəsinin qadağan edilməsi və əldə çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “R” hərf işarəsindən istifadənin Cavabdeh qadağan edilməsi və həmin nişandan qanunsuz istifadə nəticəsində cavabdehin əldə etdiyi qanunsuz gəlirin ondan tutularaq İddiaçınə ödənilməsi, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş100 (yüz) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tibb xidməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və göstərilən xidmətlərlə əlaqədar "xxxx" söz işarəsindən ibarət olan əmtəə nişanına dair Əqli Mülkiyyət Agentliyindən N 2024 1062 nömrəli, xx.xx.2024-cü il dövlət reyestr tarixli şəhadətnamə əldə edilmişdir. Şəhadətnamədə qeyd olunan firuzəyi, boz rəngdə "xxxx" söz işarəsindən ibarət əmtəə nişanı iddiaçının bütün tibbi müəssisələrinin inzibati binalarında və digər əmtəələrində istifadə olunur. Buna baxmayaraq, fərdi sahibkar Cavabdeh sahibliyində olan Şəmkir rayonu, Bakı-Qazax şosesinin sol kənarında yerləşən, **********-85001 kodlu təsərrüfat obyektində “REFERANS APTEK (TİBBİ MARKET)”sözləri yazılan lövhə vurulmuş, yəni Şirkətin əmtəə nişanından qanunsuz istifadə edilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə şifahi xəbərdarlıq edilsə də, həmin şəxs bu xəbərdarlığa məhəl qoymamışdır. Bu səbəbdən, cavabdehin sahibliyində olan Şəmkir rayonu, Bakı-Qazax şosesinin sol kənarındakı **********-85001 kodlu təsərrüfat obyektində “REFERANS APTEK (TİBBİ MARKET)” sözünün istifadəsinin qanunsuz olduğunu nəzərə alaraq, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə tədbirlər görülməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə müraciət edilmişdir. Müraciətin nəticəsi olaraq, Xidmət tərəfindən Cavabdehə xəbərdarlıq edilmiş və "xxxx" sözünün əks olunduğu lövhə sökülmüşdür. Lakin Cavabdeh həmin obyektdə yenidən iddiaçıya məxsus xüsusi dizayna malik şriftlə yazılmış “R” hərf işarəli loqonun əks olunduğu reklam lövhəsi quraşdırmışdır. Bu səbəbdən,iddiaçı tərəfindən Xidmətə təkrar müraciət edilmiş və Xidmət Cavabdehə məxsus obyektin adında yazılmış “R” hərfinin Şirkətə məxsus əmtəə nişanına oxşar olub-olmaması faktının aydınlaşdırılması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Agentliyin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizasının rəyinə əsasən, Cavabdehə məxsus obyektin adında yazılmış “R” hərf işarəsinin İddiaçıya məxsus əmtəə nişanının tərkibində olan “R” işarəsi ilə fonetik və qrafik cəhətdən oxşar hesab edildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin, yəni təsərrüfat obyektinin üzərində olan “R” hərf işarəsindən istifadənin dayandırılması və icranın nəticələri barədə məlumatın 7 iş günü müddətində Xidmətə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli 3- 21-1/2-1050/2025 nömrəli məktubla Cavabdehə növbəti xəbərdarlıq edilmişdir. Cavabdeh isə xəbərdarlığa məhəl qoymamışdır. Odur ki,“R” hərf işarəsindən istifadə Cavabdehə qadağan edilməli və həmin nişandan qanunsuz istifadə nəticəsində Cavabdehin əldə etdiyi qanunsuz gəlir ondan tutularaq İddiaçıya ödənilməlidir. Cavabdeh əmtəə nişanından istifadəyə müstəsna hüququ pozmuşdur Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Cavabdeh tibbi fəaliyyətlə məşğul olan **********-85001 kodlu təsərrüfat obyektində İddiaçıya məxsus əmtəə nişanı olan “R” işarəsi ilə fonetik və qrafik cəhətdən oxşar nişandan istifadə etmiş, bununla da əmtəə nişanından qanunsuz istifadə ilə rəqibin sahibkarlıq fəaliyyətini təqlid edib haqsız rəqabətə yol vermişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən həmin “R” hərf işarəsi aptekin adından sökülərək çıxarılmışdır. Bununla belə məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı tərəfindən əmtəə nişanı 2023-cü ilin aprel ayında alınıb, lakin onlar 2020-ci ildən "xxxx" MMC kimi fəaliyyət göstərirlər. 7-8 aydır ki, aptek kimi deyil, tibbi ləvazimatların satışı kimi “Reyhan” adlı obyekt fəaliyyət göstərir. Birinci dəfə "xxxx" sözündən istifadənin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən həmin söz Aptekin adından sökülərək götürülmüşdür. “R” hərf işarəsindən istifadənin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ona gəlib çatmamışdır. Əgər məktub ona çatdırılsa idi, həmin hərf işarəsi də aptekin adından sökülüb götürülərdi. Məhkəmə icraatı gedişində “R” hərfini söküb götürmüş və həmin hərfdən istifadəni dayandırmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: əmtəə nişanı şəhadətnaməsi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır), coğrafi göstəriciəmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər. Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır. Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır. Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən təqdim edilmiş N 2024 1062 nömrəli əmtəə nişanı şəhadətnaməsindən görünür ki, “R” X5 əmtəə nişanının sahibi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmin Şəhadətnamənin mühafizə olunmayan elementlər hissəsində qeyd olunmuşdur ki, əmtəə nişanında "xxxx" söz işarəsindən başqa digər işarələr hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanında “R” hərfi hüquqi mühafizə obyekti deyildir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin rəyindən görünür ki, araşdırma aparılmış obyektində adında olan “R” işarəsi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ƏXBT-nin 05,10,44-cu sinif əmtəə xidmətləri üzrə qeydiyyatdan keçirilmiş N 2024 1062 nömrəli əmtəə nişanın tərkibində olan “R” işarəsi ilə qrafiki cəhətdən oxşar hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 23 yanvar 2025-ci il tarixli məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmtəə nişanından qanunsuz istifadənin yəni sahibkarlıq fəaliyyəti göstərdiyi Şəmkir rayonu Bakı-Qazax şossesinin sol kənarında yerləşən təsərrüfat obyektinin üzərində olan “R” hərf işarəsindən istifadəsinin dayandırılması və icrasının nəticələri barədə məlumatın verilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından göründüyü kimi cavabdeh tərəfindən “R” hərf işarəsindən istifadəyə son qoyulmuş və həmin işarə cavabdeh tərəfindən aptekin adından sökülərək çıxarılmışdır. Eyni zamanda cavabdeh izahatında bildirmişdir ki, "xxxx" sözündən istifadənin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən həmin söz Aptekin adından sökülərək götürülmüşdür. “R” hərf işarəsindən istifadənin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ona gəlib çatmamışdır. Həmin məktub ona çatmadığından orada olan göstərişi icra edə bilməmişdir. Əgər məktub ona çatsa idi, dərhal həmin göstərişi icra edəcək və həmin hərfi aptekin adından söküb götürəcəkdi. Məhkəmə icraatı gedişində cavabdeh tərəfindən “R” hərf işarəsi aptekin adından çıxarılmış və bu barədə məhkəməyə məlumat verilmişdir. İddiaçının nümayəndəsi də bu halı təsdiq etmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi “R” hərf işarəsindən cavabdeh tərəfindən istifadəyə son qoyulduğundan və həmin nişan artıq istifadə edilmədiyindən iddia “R” hərf işarəsindən istifadənin Cavabdeh qadağan edilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehin əmtəə nişanından qanunsuz istifadə nəticəsində əldə etdiyi qanunsuz gəlirin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. İddiaçı qanunvericiliyə əsasən öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməli olduğundan həmin tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı tərəfindən məhkəməyə tələbi təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə baxış iclasında məhkəməyə yazılı qaydada vəsatət təqdim edərək Cavabdeh 2024-cü və 2025-ci illərə dair vergi orqanlarına təqdim etdiyi gəlir vergisi bəyannamələrinin Dövlət Vergi Xidmətindən əldə edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.3-cü maddəsinə əsasən hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının nümayəndəsi vəsatətin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilə bilməməsini əsaslandıra bilməmişdir. Eyni zamanda həmin əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Ona görə də məhkəmə tərəfindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmtəə nişanından istifadəsinin qadağan edilməsi və pul tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmtəə nişanından istifadəsinin qadağan edilməsi və pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-750/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-750/2025
13.05.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver