Məhkəmə qərarları › İş №e-2-2(119)-619/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-619/2021

14.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-619/2021 14.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xızı rayon notariat kontorunda təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və 7.50 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququ yaranmışdır. Yuxarıda göstərilən 7.50 ha ölçüdə olan torpaq sahəsinin daimi istifadə hüququnun alqı-satqına dair müqavilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsində dövlət qeydiyyatına alınaraq 11 oktyabr 2005-ci il tarixli, JN-1450 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” verilmişdir. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının müraciətinə əsasən həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq bu barədə 09 fevral 2018-ci il tarixli, **********75 reyestr nömrəli çıxarış vermişdir. Hal-hazırda iddiaçı qanuni istifadəsindəki Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 7.50 ha ölçüdə torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni badam bağı salmaq niyyətindədir. Lakin həmin torpaq sahəsinin yola paralel olan bir hissəsində "xxxx" ASC tərəfindən ağaclar əkildiyinə görə iddiaçının həmin hissədən istifadə hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Ağacların başqa yerə köçürülməsi barədə müraciətinə isə "xxxx" ASC müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Mövcud qanunvericilik normalarının tələblərinə əsasən torpaq münasibətlərinin tənzimlənməsinin əsas məqsədi torpaq sahəsi üzərində hüququn formasından (mülkiyyət, istifadə və ya icarə hüququ) asılı olmayaraq torpaq sahəsindən istifadəyə kənar müdaxilənin qarşısının alınmasından ibarətdir. Qanunvericilikdən də göründüyü kimi cavabdeh iddiaçının daimi istifadə hüququnu torpaq sahəsinin bir hissəsində qanunsuz olaraq məhdudlaşdırmışdır. Ağacların başqa yerə köçürülməsi barədə iddiaçının müraciətinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və daimi istifadə hüququ ilə ona məxsus 7.50 ha ölçüdə olan torpaq sahəsinin yola paralel hissəsindən öz vəsaiti hesabına ağacların çıxarılıb başqa yerə köçürülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən və daimi istifadə hüququ ilə İddiaçı məxsus 7.50 ha ölçüdə torpaq sahəsinin yola paralel 5.80 ha hissəsindən cavabdehin öz vəsaiti hesabına ağacların çıxarılıb başqa yerə köçürülməklə torpağın əvvəlki vəziyyətə qaytarılmasının cavabdehə həvalə edilməsi, əldən çıxmış fayda qismində 51.000 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 51.030 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən və daimi istifadə hüququ ilə İddiaçı məxsus 7.50 ha ölçüdə torpaq sahəsinin yola paralel 5.80 ha hissəsindən cavabdehin öz vəsaiti hesabına ağacların çıxarılıb başqa yerə köçürülməklə torpağın əvvəlki vəziyyətə qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək iddiaçının istifadəsində olan torpaq sahəsindən ağacların çıxarılmasına etiraz etmədiklərini və iddianı qəbul etdiklərini bildirdi. O, bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 09.02.2018-ci il olan Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və 7.50 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində daimi istifadə hüququ İddiaçı məxsusdur. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin məktubunda qeyd olunmuşdur ki, iddiaçının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya’’ MMC-nin mütəxəssislərinə təqdim etdiyi sənəddə göstərilən koordinatlar naturaya köçürülmüş və bu zaman iddia edilən 7.5 hektar ərazinin Bakı-Quba maqistral avtomobil yolunun 71-ci kmdə, sol tərəfdə yerləşdiyi, həmin torpaq sahəsinin yalnız 5.8 hektarında ASC tərəfindən yaşıllıqlar salındığı məlum olmuşdur. Yaşıllıqlar iddiaçı tərəfindən qeyd olunduğu kimi son zamanlarda deyil, magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılmasına dair ölkə başçısının tapşırıqlarına əsasən Xızı RİH-nin 56 saylı 03 iyun 2002-ci il tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə salınmışdır. Məktubda həmçinin qeyd olunmuşdur ki, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya JN-1450 nömrəli, 11.10.2005-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və 09.02.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı Çıxarış əsasında, 11.10.2005-ci il tarixdən daimi istifadə etmək üçün verilsə də, yaşıllıqlar salınana (2010-cu il) qədər torpaq sahəsi istifadəsiz qalmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (XV fəsil, Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı) "Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları’’na dair 73-cü maddəsinin birinci bəndinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 (iki) il ərzində istifadə edilmədikdə, həmin torpaq üzərindəki istifadə hüququna xitam verilir. İş materiallarında olan Xızı RİH-nin 56 saylı 03 iyun 2002-ci il tarixli sərəncamının surətindən görünür ki, sərəncamda Yeni meşə və yaşıllıqların salınması üçün Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma-Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi Şorabadın dəniz sahili qumluq ərazisindən 6 min hektar torpaq sahəsi ayrılması, ayrılan torpaq sahəsinin plan-sxeminin hazırlanması və bu sərəncamın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmasının xahiş edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə sorğusuna əsasən Xızı rayon İcra Hakimiyyətindən daxil olmuş rəsmi məlumatdan görünür ki, Xızı rayon Dövlət Arxivinin 16 iyul 2021-ci il tarixli 23 nömrəli məktubuna əsasən Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma-Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi Şorabadın dəniz sahili qumluq ərazisindən 6 min hektar torpaq sahəsi ayrılması ilə bağlı Xızı rayon İcra Hakimiyyəti başçısının 03.06.2002ci il tarixli 56 nömrəli sərəncamının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilməsini əks etdirən sənəd və sərəncamda qeyd olunan torpaq sahəsinin plansxemi Xızı rayon Dövlət Arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və həmin Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 11 oktyabr 2005-ci il tarixli, JN-1450 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” əsasında mübahisə predmeti olan torpaq sahəsinə iddiaçının istifadə hüququ yaranmış, sonradan həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə 09 fevral 2018-ci il tarixli, **********75 reyestr nömrəli çıxarış verilmişdir. 2010-cu ildə iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ qüvvədə olduğu halda "xxxx" ASC tərəfindən torpaq sahəsinin bir hissəsində yaşıllıqlar salınmışdır. Cavabdehin məktubunda həmin yaşıllıqların Xızı RİH-nin 56 saylı 03 iyun 2002-ci il tarixli sərəncamına uyğun olaraq salındığı bildirilsə də, məhkəmə sorğusu əsasında Xızı Rayon İcra Hakimiyyətindən daxil olmuş rəsmi məlumatda həmin sərəncamın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilməsini əks etdirən sənədin və sərəncamda qeyd olunan torpaq sahəsinin plan-sxeminin Xızı rayon Dövlət Arxivində aşkar edilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, sözügedən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ dövlət qeydiyyatına alınmış, lakin cavabdeh tərəfindən görülən yaşıllaşdırma işləri nəticəsində iddiaçının həmin torpaqlardan istifadə hüququ məhdudlaşdırılmışdır. Bu hal iş materialları və cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçının istifadəsində olan torpaqlar kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaqlardır. Hazırda isə həmin torpaq sahəsinin bir hissəsində yaşıllıqlar salınmışdır, bu isə bir tərəfdən iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozur, digər tərəfdən torpağın təyinatı üzrə istifadə olunmadığını təsdiq edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən və daimi istifadə hüququ ilə İddiaçı məxsus 7.50 ha ölçüdə torpaq sahəsinin yola paralel 5.80 ha hissəsindən cavabdehin öz vəsaiti hesabına ağacların çıxarılıb başqa yerə köçürülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilsin. Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən və daimi istifadə hüququ ilə İddiaçı məxsus 7.50 ha ölçüdə torpaq sahəsinin yola paralel 5.80 ha hissəsindən cavabdehin öz vəsaiti hesabına ağacların çıxarılıb başqa yerə köçürülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar