Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-861/2024 10.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1la aralarında bağlanmış 27 sentyabr 2022-ci il tarixli krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13493,45 (on üç min dörd yüz doxsan üç manat, qırx beş qəpik) manat məbləğində borc, 2472,61 (iki min dörd yüz yetmiş iki manat, altmış bir qəpik) manat məbləğində faiz bоrcu və 793,42 (yeddi yüz doxsan üç manat, qırx iki qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 16759 (on altı min yüz əlli doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində bоrcun, 140,28 (yüz qırx manat, iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və öhdəliyin icrasını təmin etmək məqsədilə zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi, hazırkı tələb kredit müqaviləsi üzrə borcun tutulmasından ibarətdir. Lakin iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 aprel 2024-cü il tarixində müvafiq elektron sistem vasitəsilə göndərilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdehlərə çatdırılmasını təsdiq edən sənədlərin (“Onlayn kargüzarlıq” sənədləri və onlara dair məktublar) məzmunları ilə müəyyən edilir ki, cavabdehlərə “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə bağlı iddia ərizəsi deyil, “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi göndərilmişdir. Başqa sözlə, həmin cavabdehlərə elektron qaydada göndərilən iddia ərizəsinin tam mətni iş materiallarına əlavə edilmədiyindən (iddia ərizəsinin deyil, məhz elektron qaydada göndərilən iddia ərizəsinin) məhkəməyə cavabdehlərə məhz “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinin, yoxsa hazırkı mübahisə ilə eynilik təşkil etməyən “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinin göndərilməsi məlum deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə (bir neçə cavabdeh olduqda, hər birinə) göndərilməli olması hazırda Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin bu sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilsə də, məhz hazırkı mübahisəyə dair iddia ərizəsinin cavabdehlərə göndərilməsi iş materialları ilə müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-861/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-861/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver