Məhkəmə qərarları › İş №e-2-2(121)-801/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-801/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-801/2020 12.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin elektron hissəsinə aid olan “giriş” hissəsində iş üzrə iddiaçı qismində özünü, yəni İddiaçı göstərdiyi halda, iddia ərizəsinin elektron hissəsinə aid olmayan hissəsində iddiaçı qismində “xxxxxxxxxxxxxxx” MMC-ni göstərmiş və iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, iddia ərizəsi üzrə iddiaçının kim olması dəqiq göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsində iddiaçı dəqiq göstərilməli olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, iddia ərizəsindən 30 manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən deyil, x1 tərəfindən ödənilməsi görünür. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmiş olsa da, qanunla müəyyən edilmiş qaydada ödəməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsinin işdə iştirak edən digər şəxslər tərəfindən alınmasına dair sübut da təqdim edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən xəbərnamələr xəbərdarlıq məktubunun göndərilməsi ilə bağlıdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini işdə iştirak edən digər şəxslərə göndərmədiyindən və iddia ərizəsinin işdə iştirak edən digər şəxslər tərəfindən alınmasına dair sübut təqdim etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmahdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar