Məhkəmə qərarları › İş №e-2-2(123)-68/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-68/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-68/2021 15.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsi 17 sentyabr 2021-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyun 2021-ci il tarixli qərar əsasında cavabdehin həmin tarixə yaranan 344.78 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində **********4 saylı protokolla rəsmiləşdirilmiş 1 ədəd paltartikən maşını olmaqla, ümumilikdə 1200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcunun yarandığını, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verildiyini, lakin cavabdehə borc məbləğini ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğinin yenə də ödənilmədiyini, ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.06.2021-ci il tarixli Qərar çıxardığını, Qərar əsasında vergi ödəyicisinin 30.06.2021-ci il tarixə yaranan 644.78 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində ümumilikdə 1200,0 manat dəyərində olan 1 ədəd paltartikən maşın adlanan əmlakın siyahıya alındığını və bu barədə 12.07.2021-ci il tarixli, **********4 saylı Protokol tərtib edildiyini, protokola siyahıya alınmış əmlakın siyahısının əlavə edildiyini, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubunun göndərildiyini, cavabdehin 30.06.2021-ci il tarixə yuxarıda qeyd edilən borc məbləğindən dövlət büdcəsinə 344,78 manat ödənilməmiş borcunun qaldığını, vergi ödəyicisi Cavabdeh ilə vergi orqanı arasında 31.10.2017-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilə imzalandığını, cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi, həm də Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə 21.07.2020-ci il tarixli **********428700 nömrəli bildirişin göndərildiyini, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini dövlət büdcəsinə ödəmədiyini, həmçinin mövcud borcun ödənilməsi məqsədilə vergi ödəyicisinin "xxxx" ASC-nin Binəqədi filialındakı bank hesabına 02.06.2021-ci il tarixli, **********7 nömrəli sərəncam da göndərildiyini, lakin həmin borcun ödənilmədiyini bildirərək, 30 iyun 2021-ci il tarixli qərar əsasında cavabdehin həmin tarixə yaranan 344.78 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində **********4 saylı protokolla rəsmiləşdirilmiş 1 ədəd paltartikən maşını olmaqla, ümumilikdə 1200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çox olmasını və məhkəmənin uzaq məsafədə yerləşməsini nəzərə alaraq məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəblərinin üzrlü olması barədə sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, Allahyarova X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində qeydiyyatdan keçməklə, “Xüsusi geyim istehsalı” fəaliyyət növü ilə məşğul olur (VÖEN: **********, verilmə tarixi 01.11.2017-ci il). “Vergi borcunun ödənilməsinə dair 21.07.2020-ci il tarixli, **********428700 qeydiyyat nömrəli bildiriş”dən görünür ki, Cavabdeh 21.07.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 640,59 manat o cümlədən, vergilər üzrə 625,84 manat, maliyyə sanksiyaları üzrə 2.13 manat, faizlər üzrə 12.62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat məbləğində vergi borcu vardır. Göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. “Əmlakın siyahıya alınması haqqında” 12 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 1200 (bir min iki yüz) manat dəyərində 1 ədəd paltartikən maşın siyahıya alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” 30.06.2021-ci il tarixli, **********4 nömrəli qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi Cavabdeh məxsus ünvan 2 ünvanındakı əmlak siyahıya alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına verilmiş 02.06.2021-ci il tarixli, **********7 nömrəli Alınmalı Sərəncamdan görünür ki, həmin sənədlə müəyyən olunan məbləğin ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmişdir. 12 iyul 2021-ci il tarixli “Xəbərdarlıq”dan görünür ki, əmlakı siyahıya alınan vergi ödəyicisi Cavabdeh siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədiləməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi” haqqında 12 iyul 2021-ci il tarixli Aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən, siyahıya alınmış əmlak Cavabdeh tərəfindən məsul saxlanma üçün təhvil alınmışdır. Cavabdeh “Şəxsi hesab vərəqəsindən” görünür ki, onun 15.07.2020-12.08.2021-ci vergi ilində ödənilməli vergi borcunun həcmi 463,53 manat təşkil etmişdir. Cavabdeh 12.07.2021-ci il tarixli izahatında ünvan 1 ünvanında ona məxsus olan obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, başqa heç bir obyektinin olmadığını, fəaliyyət göstərən obyektdə olan əmlakların ona məxsus olduğunu və onları sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyini, əmlakın siyahıya alınmasının onun iştirakı ilə həyata keçirildiyini, malların satış sənədi olmadığı üçün onların qiymətinin onun tərəfindən qeyd edildiyini, siyahıya alınmış əmlakın saxlanılması üçün ona təhvil verildiyini, malların özgəninkiləşdirilməsinə, israf edilməsinə və korlanmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətin ona izah olunduğunu, sənədlərin bir nüsxəsini aldığını, əmlakın siyahıya alınması prosesi ilə bağlı heç bir narahatlığının olmadığını, doğruluğunu imzası ilə təsdiq edərək, izahatı özünün yazdığını və heç bir əlavəsinin olmadığını bildirmişdir. Elektron sənəd mübadiləsi haqqında ərizə və elektron sənəd mübadiləsi haqqında müqavilədən görünür ki, Cavabdeh vergi orqanı ilə elektron sənəd mübadiləsinin aparılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinə müraciəti üzrə tərəflər arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 31 oktyabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1-ci və 23.1.6-cı maddələrinə əsasən vergi orqanlarının müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək hüquqları vardır. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.3-cü madəsinin ikinci abzasına görə vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.14.1-ci maddəsinə əsasən siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur.Vergi qanunvericiliyinin pozulması dedikdə isə Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmış, həmin borc məbləğini dövlət büdcəsinə ödəməməsi səbəbindən iddiaçı təşkilat tərəfindən onun fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektində ümumilikdə 1200 (bir min iki yüz) manat dəyərində əmlakı siyahıya alınmışdır. Yaranmış borcun müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, qeyd olunan borc məbləğinin müvafiq vergi ilində dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bununla da iddiaçı cavabdehin vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb isə cavabdehin mübahisə edilməyən vəzifələrinə və yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin maddəyə dair formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının mahiyyətini açıqlayaraq qeyd etmişdir ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş maliyyə sanksiyalarının tətbiq edilməsi vergi vəzifələrinin yerinə yetirilməməsi nəticəsində büdcənin məruz qaldığı əmlak itkilərinin bərpa edilməsi məqsədi daşıyır. Başqa sözlə, vergi orqanları tərəfindən tətbiq edilən belə sanksiyalar bərpaedici xarakter daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 11.1-ci bəndi ilə izah edilir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin 30.06.2021-ci il tarixli qərarı əsasında Cavabdeh 344,78 (üç yüz qırx dörd manat, yetmiş səkkiz qəpik) manat vergi borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində bir ədəd paltartikən maşın olmaqla ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilməlidir. Belə ki, Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddia təmin edildiyindən, 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin 30.06.2021-ci il tarixli qərarı əsasında Cavabdeh 344,78 (üç yüz qırx dörd manat, yetmiş səkkiz qəpik) manat vergi borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində bir ədəd paltartikən maşın olmaqla ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar