Məhkəmə qərarları › İş №e-2(3-1)-175/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2(3-1)-175/2026

25.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-175/2026 25.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiyası “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi (Açar sözlər: iddia ərizəsinin qaytarılması, prosessual müddətlər, nümayəndənin səlahiyyəti, elektron məhkəmə sistemi, etibarnamə,) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X5 ibarət tərkibdə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2026-cı il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 199.3 (bir yüz doxsan doqquz manat, otuz qəpik) manat məbləğində maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-04). b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.

2. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddəsinin tələbinə əsasən geri qaytarılması qərara alınmışdır (iş vərəqə 13-15).

II. Məhkəmənin hüquqi mövqeyi.

3. Işə baxan birinci instansiya mövqeyini onunla əsaslandırmışdı ki, iddia ərizəsini Nümayəndə, X2 tərəfindən ona verilmiş ## ###### 2025-ci il tarixli etibarnamə əsasında imzalamışdır. Iddia ərizəsində sonuncu qeyd edilən şəxsin idarə heyətinin sədri olması göstərilmişdir. Lakin etibarnamədə etibar edənin idarə heyətinin sədri Baş direktor olması qeyd edilsə də, onun vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından belə hərəkətləri həyata keçirmək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, prosessual norma ilə müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.

4. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

5. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. III. Məhkəmə aktından verilmiş şikayət. a) Qərardaddan verilmiş şikayət.

6. Iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ## ######## 2026-cı il tarixdə nümayəndəsi Nümayəndə vasitəsi ilə şikayətlə məhkəməyə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir (iş vərəqə 18-21). b) Şikayətin əsaslandırılması.

7. Iddiaçı tərəf şikayətini onunla əsaslandırmışdır ki, qərardadın həm faktiki, həm də hüquqi əsaslarla qanunsuz və əsassız olduğunu hesab edir. Məhkəmə tərəfindən iddia ərizəsinin mümkünlüyü məsələsinin həlli zamanı prosessual müddətlərə əməl edilməmişdir. Ilk növbədə qeyd edilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ##.##.2026-cı il tarixində məhkəməyə daxil olmuşdur. Lakin məhkəmə iddia ərizəsinin qaytarılması barədə qərardadı yalnız ##.##.2026-cı il tarixində, yəni ərizənin məhkəməyə daxil olduğu tarixdən 8 gün sonra qəbul etmişdir.

8. Bu hal, ən azı, məhkəmənin prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi baxımından qiymətləndirilməli və iddia ərizəsinin qaytarılması barədə qərarın qanuniliyinə təsir edən mühüm prosessual hal kimi nəzərə alınmalıdır. Prosessual müddətlər formal xarakter daşımır. Onların müəyyən edilməsində məqsəd məhkəmə icraatının sürətli, səmərəli və hüquqi müəyyənlik prinsiplərinə uyğun həyata keçirilməsini təmin etməkdir. Məhkəmənin qanunda nəzərdə tutulmuş müddətdən kənar hərəkət etməsi nəticəsində şəxsin məhkəməyə müraciət hüququnun həyata keçirilməsinə əlavə prosessual maneə yaradılması yolverilməzdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddia ərizəsinin ##.##.2026-cı il tarixində daxil olmasına baxmayaraq ##.##.2026-cı il tarixində geri qaytarılması ayrıca prosessual pozuntu kimi apellyasiya instansiyası tərəfindən qiymətləndirilməlidir.

9. Məhkəmə nümayəndənin və etibarnaməni verən şəxsin səlahiyyətlərini obyektiv olaraq yoxlama imkanına malik olduğu halda bunu etməmişdir.

10. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılmasını əsaslandırarkən etibarnaməni verən X2 “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Idarə Heyətinin sədri və Baş direktoru olmasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilmədiyini əsas götürmüşdür. Lakin məhkəmənin bu yanaşması həm prosessual qənaətlilik, həm də işin faktiki hallarının tam və obyektiv müəyyən edilməsi baxımından əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmənin qarşısında Nümayəndə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin işçisi olub-olmamasını müəyyən etmək üçün real və əlçatan imkanlar mövcud olmuşdur.

11. Ilk növbədə, nümayəndənin həmin hüquqi şəxslə əmək münasibətlərinin mövcudluğu əmək müqaviləsi bildirişi üzrə məlumatlarla yoxlanıla bilərdi. Mülki-Prosessual Məcəllənin 69.2ci maddəsinin məzmunundan da göründüyü kimi, hüquqi şəxsi məhkəmədə müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər təmsil edə bilərlər. Digər tərəfdən, məhkəmə etibarnaməni verən X2 Bankın rəhbəri olub-olmamasını da obyektiv şəkildə müəyyən edə bilərdi.

12. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi elektron resursunda kommersiya hüquqi şəxslərin reyestr məlumatlarının axtarışı üçün ayrıca elektron xidmət mövcuddur. Hüquqi şəxsin VÖEN-i üzrə müvafiq reyestr məlumatlarının əldə edilməsi yolu ilə həmin hüquqi şəxsin qanuni təmsilçisi barədə məlumatın müəyyən edilməsi mümkündür. (Taxes.Gov.Az) Beləliklə, məhkəmənin “etibarnaməni verən şəxsin bankın adından belə hərəkət etmək səlahiyyəti təsdiq edilməmişdir” nəticəsinə gəlməzdən əvvəl ən azı həmin şəxsin Bankın qanuni təmsilçisi olub-olmamasını rəsmi dövlət reyestr məlumatları əsasında yoxlaması mümkün idi. Bu halda məhkəmə üçün əhəmiyyətli olan sənədin iddia ərizəsinə əlavə edilibedilməməsi

13. deyil, etibarnaməni verən şəxsin faktiki olaraq Bank adından etibarnamə vermək səlahiyyətinin olub-olmamasıdır. Başqa sözlə, məhkəmə forma ilə məzmunu eyniləşdirmişdir. Əgər etibarnaməni verən şəxsin bankın qanuni təmsilçisi olması dövlət reyestrindən müəyyən edilirsə, onun tərəfindən verilmiş etibarnamənin hüquqi qüvvəsinin yalnız həmin reyestr məlumatını təsdiq edən sənədin ilkin iddia ərizəsinə əlavə edilməməsi səbəbindən şübhə altına alınması əsassızdır.

14. Daha əhəmiyyətlisi isə ondan ibarətdir ki, məhkəmə bu halı araşdırmadan birbaşa Mülki- Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə istinad etməklə iddianı geri qaytarmışdır. Halbuki həmin maddənin tətbiqi üçün əvvəlcə məhkəmə tərəfindən iddia ərizəsini imzalayan şəxsin həqiqətən səlahiyyətsiz olması müəyyən edilməlidir. Sadəcə olaraq müəyyən təsdiqedici sənədin iddia ərizəsinə əlavə edilməməsi şəxsin səlahiyyətsiz olduğunu sübut etmir. Bu iki anlayışın bir-birindən fərqləndirilməsi mühüm əhəmiyyət daşıyır: “səlahiyyəti təsdiq edən sənədin təqdim edilməməsi” “səlahiyyətin mövcud olmaması”.

15. Birinci instansiya məhkəməsi məhz bu fərqi nəzərə almamışdır. Üstəlik, iş elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Bu isə məhkəmənin təqdim edilmiş sənədləri, elektron məlumatları və zəruri hallarda digər rəsmi məlumat mənbələrini nəzərə almaq imkanını daha da genişləndirir. Məhkəmənin vəzifəsi formal çatışmazlıq aşkar edən kimi ən ağır prosessual nəticəni tətbiq etmək deyil, həmin çatışmazlığın həqiqətən iddianın məhkəməyə verilməsi hüququna mane olub-olmadığını müəyyən etməkdir.

16. Iddiaçı tərəf birinci instansiya məhkəməsinin prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 69.2, 151.3-cü və 152.1.2-ci maddələrinə istinad etmişdir.

c) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.

17. Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsaslı sayılmadığından, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş vərəqə 26-27). IV. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.

18. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “14” sentyabr 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ######## 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. b) Şikayətə qarşı etirazın dəlilləri.

19. Şikayətə qarşı etiraz daxil olmamışdı.

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

20. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

21. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

22. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

24. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

25. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

26. - 69.1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir;

27. - 69.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir;

28. - 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur;

29. - 128.1-ci maddəsinin tələbinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

30. 128.3-cü maddəsi ilə müəyyən edilir ki, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

31. - 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür;

32. - 151.3-cü maddəsinə görə məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır;

33. - 152.3-cü maddəsindən aydın olur ki, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir;

34. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. VII. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

35. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4cü maddəsindən irəli gəlir.

36. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli qərarları).

37. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X4rşı" iş üzrə 1975-ci il ## ###### tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).

38. Həmçinin həmin Məhkəmənin "X7rşı" iş üzrə 1985-ci il ## ### tarixli qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).

39. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” ## ####### 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1, 150.1 və 150.1.3-cü maddələrinin mahiyyətindən aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir.

41. Mülki iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya iddia ərizəsinin Nümayəndə tərəfindən imzalanmasına münasibətdə qeyd edir ki, həqiqətən də iş materiallarında ona etibarnamə vermiş şəxsin (X2) bank adından belə bir səlahiyyət vermək hüququna malik olmasını təsdiq edən hər hansı təsis sənədi, əmr və ya reyestr çıxarışı mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.3cü maddəsinin imperativ tələbinə görə, əgər ərizə nümayəndə tərəfindən verilirsə, onun səlahiyyətlərini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Səlahiyyət verən şəxsin müvafiq hüquqi şəxsin qanuni təmsilçisi olmasını təsdiqləyən sənədin iddia ərizəsinə əlavə edilməməsi, ərizəni imzalayan şəxsin səlahiyyətsizliyi prezumpsiyasını yaradır. Bu isə, öz növbəsində, Mülki-Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün birmənalı əsasdır.

42. Şikayətçinin dəlillərinə baxmayaraq, kollegiya vurğulayır ki, hüquqi şəxsin qanuni təmsilçisinin kimliyini və onun səlahiyyət dairəsini "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə avtomatik və ya birbaşa olaraq müəyyən etmək mümkün deyil.

43. Şikayətçinin nümayəndənin (Nümayəndə) bankın işçisi olması səbəbindən məhkəmənin əmək müqaviləsi bildirişi üzrə (elektron sistemlərdən) onun səlahiyyətli olmasını yoxlamalı olması barədə dəlilinə gəldikdə isə, kollegiya bu yanaşmanı qüsurlu hesab edir və rədd edir. Doğrudur, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər təmsil edə bilərlər. Lakin diqqətə alınmalıdır ki, şəxsin sadəcə hüquqi şəxsin işçisi olması ona avtomatik olaraq həmin hüquqi şəxsin adından iddia ərizəsi imzalamaq və məhkəməyə müraciət etmək hüququ (səlahiyyəti) vermir.

44. Qanunvericiliyin tələbinə görə, işçiyə bu cür prosessual səlahiyyət məhz hüquqi şəxsin qanuni təmsilçisi (rəhbəri) tərəfindən verilməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi nümayəndənin bankın işçisi olub-olmamasını deyil, ona bu səlahiyyəti (etibarnaməni) verən şəxsin (X2) Bankın adından belə bir sənəd vermək hüququnu təsdiq edən təsis sənədinin (və ya reyestr çıxarışının) əskikliyini mübahisələndirmişdir.

45. Buna görə də, məhkəmə hər hansı formada nümayəndənin bankla əmək münasibətlərində olmasını müəyyən etsəydi belə, bu hal iddia ərizəsinə Mülki-Prosessual Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə uyğun olaraq etibarnaməni verən şəxsin səlahiyyətini təsdiq edən sənədin əlavə edilməməsi qüsurunu aradan qaldırmazdı və səlahiyyətsizlik prezumpsiyasını istisna etməzdi.

46. Şikayətdə göstərilən hakim tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində axtarış aparılaraq Bank rəhbərinin səlahiyyətlərinin müəyyən edilməli olması barədə dəlilə gəldikdə isə, kollegiya bunu tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə əsaslanır. Qanunvericilik hakimin üzərinə tərəflərin məhkəməyə təqdim etməli olduğu sübutları və ya nümayəndənin səlahiyyətini təsdiq edən reyestr məlumatlarını kənar internet resurslarından axtarıb tapmaq kimi prosessual vəzifə qoymur.

47. Xüsusilə diqqətə alınmalıdır ki, iddiaçı "X1 Azərbaycan" QSC məhkəmədə müvafiq sahədə ixtisaslaşmış peşəkar hüquqşünas tərəfindən təmsil olunur. Iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə tam uyğun şəkildə formalaşdırılması, o cümlədən iddianın mümkünlüyü üçün zəruri olan ilkin sənədlərin məhkəməyə təqdim edilməsi birbaşa iddiaçının və onu təmsil edən peşəkar nümayəndənin vəzifəsidir. Məhkəmənin tərəfin əvəzinə sübut və ya sənəd toplayaraq onun prosessual çatışmazlıqlarını aradan qaldırması məhkəmənin obyektivliyi və qərəzsizliyi prinsiplərinə zidd olardı. Buna görə də, öz prosessual vəzifələrini lazımi qaydada icra etməyərək zəruri sənədi məhkəməyə təqdim etməyən tərəf bunun yaratdığı hüquqi nəticələrə (ərizənin qaytarılmasına) özü qatlanmalıdır. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Mülki- 48. Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin təqdim edilmiş iddia ərizəsində qeyd edilən qanuni tələblərə tam riayət olunmamış, iddia tələbinin əsaslandırılması baxımından zəruri olan faktlar və onları təsdiq edən sübutlar tam və dəqiq şəkildə sadalanmamışdır.

49. Bütün bu sadalananlar, həm nümayəndənin səlahiyyətini təsdiq edən sənədin olmaması, həm də Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinin pozulması iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 152.1-ci maddəsinə əsasən geri qaytarılması üçün birmənalı olaraq kifayət edən qanuni əsaslardır. Lakin məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosessual qanunvericilik bu prosessual hərəkətin (ərizənin qaytarılmasının) icrası üçün məhkəməyə qəti və bərpaedilməz bir müddət müəyyən etmişdir.

50. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.3-cü maddəsinə görə, məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, həmin iddia ərizəsi qəbul edilmiş sayılır. Qanunverici burada "iş günü" deyil, birmənalı olaraq "5 gün" (təqvim günü) meyarını müəyyən etmişdir. Prosessual müddətlərin dəqiq tətbiqi məhkəməyə əlçatanlıq və hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsi üçün həlledici əhəmiyyətə malikdir.

51. Iş materiallarından və "Elektron məhkəmə" informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə ## ###### 2026-cı il tarixdə elektron qaydada təqdim etmişdir. Lakin "Elektron məhkəmə" informasiya sisteminin qeydiyyat tarixinə əsasən, bu müraciət həmin gün saat 18:16-da, yəni rəsmi iş vaxtı başa çatdıqdan sonra sistemə daxil olmuşdur. Mülki prosessual qanunvericiliyin və elektron sənəd dövriyyəsi qaydalarının tələblərinə görə, iş vaxtından sonra daxil olmuş sənədlər növbəti iş günü daxil olmuş hesab edilir. Buna görə də, iddia ərizəsinin məhkəməyə daxil olma tarixi hüquqi baxımdan ## ###### 2026-cı il hesab edilməlidir.

52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu qaydaya əsasən, 5 günlük prosessual müddətin axını ## ###### 2026-cı il tarixdən başlamış və müvafiq olaraq 21, 22, 23, 24 və 25 avqust tarixlərini əhatə etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsi üçün qanunla müəyyən edilmiş sonuncu gün ## ###### 2026-cı il (çərşənbə axşamı) tarixinə təsadüf etmişdir.

53. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə mübahisələndirilən qərardadı yalnız ## ###### 2026-cı il tarixdə, yəni qanunla müəyyən olunmuş 5 günlük müddət bitdikdən sonra qəbul etmişdir. Bu isə o deməkdir ki, məhkəmə öz prosessual hərəkətini vaxtında icra etməmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun aliliyi prinsipini özündə ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin II və III hissələrinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

55. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

56. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

57. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

58. Nəticə etibarilə, iddia ərizəsində qeyd edilən məzmun pozuntularının mövcudluğuna baxmayaraq, məhkəmə qanunla müəyyən edilmiş 5 günlük müddətdə ərizəni geri qaytarmadığı üçün, Mülki-Prosessual Məcəllənin 151.3-cü maddəsinin imperativ tələbinə əsasən, həmin iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edilmiş hesab olunur. Məhkəmənin qəbul edilmiş sayılan iddia ərizəsini sonradan geri qaytarmaq səlahiyyəti yoxdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı prosessual hüquq normalarının kobud pozuntusu ilə qəbul edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli və iddia ərizəsi baxılması üçün eyni məhkəməyə göndərilməlidir.

59. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1 və 385.1.1-ci maddələrinin mahiyyətinə görə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir.

60. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə yuxarıda sadalanan nöqsanların (Mülki- 61. Prosessual Məcəllənin 149-cu və 150.1.3-cü maddələrinin tələblərinin pozulması) mövcud olmasına baxmayaraq, ərizə qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə məhkəmənin icraatına qəbul edilmiş sayıldığından, birinci instansiya məhkəməsi sonrakı mərhələdə mülki prosessual qanunvericiliyin digər bir normasını, yəni 259.0.12-ci maddəsini rəhbər tutmalıdır.

62. Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

63. Yəni, məhkəmə iddia ərizəsini birbaşa geri qaytarmaq əvəzinə, işə baxarkən iddiaçı tərəfə (onun peşəkar nümayəndəsinə) ərizədəki çatışmazlıqları – xüsusən də səlahiyyət verən şəxsin (X2) bankın qanuni təmsilçisi olmasını təsdiq edən sənədi (təsis sənədi, əmr və s.) məhkəməyə təqdim etməsi və iddia tələbinin əsaslarını, sübutlarını dəqiqləşdirməsi üçün müvafiq müddət verməlidir. Iddiaçı hakim tərəfindən müəyyən edilmiş bu müddət ərzində qeyd olunan nöqsanları aradan qaldırmazsa, yalnız o halda iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir.

64. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və iş (iddia ərizəsi) baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

65. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

66. - “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından verdiyi şikayət təmin edilməli;

67. - Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı tam ləğv edilməli;

68. - “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı mülki prosessual qanunvericilikdən irəli gələn hərəkətləri yerinə yetirmək üçün mülki iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalıdır.

69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

70. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

71. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

VIII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

qərara aldı: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından verdiyi şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı tam ləğv edilsin. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı mülki prosessual qanunvericilikdən irəli gələn hərəkətləri yerinə yetirmək üçün mülki iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar