Məhkəmə qərarları › İş №e-2(3-6)-3085/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3085/2026

09.09.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3085/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-3085/2026 (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili İsayev Zamiq Fəxrəddin oğlunun, cavabdeh Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 42, ** saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.1999-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 42, ** saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh Cavabdeh onun oğludur, həmin mənzildə formal olaraq qeydiyyatdadır, 10 ilə yaxındır ki, həmin mənzildə yaşamır. Cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır, həmin mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh onunla bir övlad kimi maraqlanmır, onu saymır, əlaqə saxlamır. Mənzildə formal olaraq qeydiyyatda olduğuna görə cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır, həmçinin bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 42, ** saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 228.1, 228.5ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı Səidə Hüsenovanın doğma oğludur. Cavabdeh Nicat Hüsseynzadə sözügedən mənzildə doğulub, boya başa çatmışdır. Qeyd edir ki, Cavabdeh ünvan 2 ünvanında ipotekaya mənzil almağı onun qeydiyyatda olduğu mənzildən istifadə hüququna xitam verilməsinə əsas deyildir. Çünki Nicat həmin mənzildə uzun illər boyu yaşayıb və istifadə edib, hal-hazırda da həmin mənzildən istifadə edir. Sözügedən mənzildə Nicatın şəxsi əşyaları var və ora mütəmadi olaraq gedib gəlir. Mənzil ata babası trəfindən Nicata verilmiş, lakin Nicat həmin vaxt azyaşlı olduğuna görə anasının, yəni iddiaçı İddiaçı adına rəsmiləşdirilmişdir. Bildirir ki, cavabdeh Cavabdeh ipotekaya götürdüyü mənzilin qalan pulunu ödəyə bilməsə, bank tərəfindən həmin mənzil onun əlindən alınacaq. Bu halda cavabdeh Cavabdeh hansı ünvana qeydiyyata düşməlidir? Qətnamə qəbul edilərkən məhkəmə bu xüsusatları nəzərə almalı idi.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili vəkil1 apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 10 il boyunca evdə yaşamasa da, davamlı anasının yanına gəlib getmişdir. Qeydiyyatdan çıxmaq istəmir. Adına olan ev ipotekadadır və bu da bir riskdir.

9. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 7 yaşında olarkən boşanmış və evdən çıxmışdır. 1999-cu ildə mənzil adıma rəsmiləşdirilərkən cavabdeh də həmin vaxt qeydiyyata düşüb.

10. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili İsayev Zamiq Fəxrəddin oğlu apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh anası ilə maraqlanmır.

Tətbiq edilən hüquq

Azərbaycan Rеspublikası Kоnstitusiyası.

11. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

## ####### 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi

15. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

17. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

18. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının hədləri çərçivəsində dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 42, ** saylı mənzilin mülkiyyətçisidir, cavabdeh isə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan oğludur. İddiaçı cavabdehin artıq 10 ilə yaxın müddət boyunca mübahisəli mənzildə yaşamadığını və bu səbəbdən istifadə hüququnun saxlanmasına dair zərurətin mövcud olmadığını bildirmiş, cavabdeh isə iddianı qəbul etməyərək mənzilə ehtiyacının aradan qalxmadığını qeyd etmişdir.

29. İddianın əsaslılığına dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş OM seriyalı, ****** saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə *** saylı reyestr kitabında 140360-cı səhifədə 30/12878 nömrəsi ilə ##.##.1999-cu il tarixdə qeydiyyat aparılmışdır.

30. Nəticə etibarilə, işin mübahisəsiz halıdır ki, hazırki iş üzrə iddiaçı İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun mülkiyyət hüquqlarına hansısa formada xitam verilməmişdir.

31. Bundan başqa iş materiallarından və tərəflərin izahatlarından görünür ki, cavabdeh Cavabdeh evin iddiaçının adına rəsmiləşdirildiyi 1999-cu ildən mübahisəli mənzilə qeydiyyata düşmüş və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (## ####### 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir.

32. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

33. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur.

34. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.

35. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

36. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

37. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tuturaq qeyd edir ki, həm iddiaçının, həm də cavabdehin izahatlarından göründüyü kimi, cavabdeh Cavabdeh ailə qurması ilə əlaqədar olaraq artıq 7-8 ildən çoxdur ki, mübahisəli ünvanda deyil, öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 81, ** saylı mənzildə yaşayır. Cavabdeh mübahisəli mənzildən köçməsi ilə bağlı faktı özü də inkar etməmiş, əks arqumentini iddiaçının evinə davamlı baş çəkməsi, o cümlədən mülkiyyətində olan mənzilin ipoteka ilə yüklü edilməsi ilə əsaslandırır, ki, bu halların heç biri hazırki halda onun mənzildən istifadə hüququnun saxlanması üçün əsas təşkil etmir.

38. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi cavabdeh mübahisəli mənzildə nəinki 6 ay, azı 7-8 il boyunca yaşamadığından və hazırki mənzilə ehtiyacının müəyyən olunmaması səbəbindən onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin qeyd edilənlər hazırki halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.

39. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

40. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

41. Bu halda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab edir ki, cavabdeh Dadaşova Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri onu ödəmiş şəxsin özünə aid edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar