Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3477/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər doğma ana-övlad münasibətlərindədir və hazırda iddiaçı cavabdeh Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə ləyaqətsiz vərəsə elan edilməsinin əsası kimi ona qarşı ardıcıl şəkildə psixoloji və fiziki zorakılıq tətbiq etməsinə, müxtəlif vaxtlarda, o cümlədən qonşuların gözü qarşısında ona qarşı fiziki güc tətbiq etməklə onu ağır və alçaldıcı ifadələrlə təhqir etməsinə, yaşadığı mənzilə icazəsiz daxil olmaqla, mənzil toxunulmazlığını kobud şəkildə pozaraq evinə basqınlar etməsinə, bu hərəkətlərin təsadüfi və ya emosional davranışlar olmamaqla cavabdehin onun üzərində qorxu, təzyiq və itaət mühiti yaratmağa yönəlmiş məqsədli davranışlarının tərkib hissəsi olmasına, xüsusən bu cür davranışların əsas məqsədinin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzili ələ keçirmək niyyətinin olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin uzun müddət ərzində iddiaçıya qarşı nümayiş etdirdiyi sistemli, məqsədli və qəsdən yönəlmiş əxlaqsız, zorakı və hüquqa zidd davranışlarla birbaşa bağlıdır. Belə ki, cavabdeh iddiaçının birbaşa övladı olmasına baxmayaraq, valideyn–övlad münasibətlərinin mahiyyətinə, ailə əxlaqına və cəmiyyətin qəbul etdiyi davranış normalarına tam zidd olaraq, iddiaçıya qarşı ardıcıl şəkildə psixoloji və fiziki zorakılıq tətbiq etmişdir. Cavabdeh müxtəlif vaxtlarda, o cümlədən qonşuların gözü qarşısında iddiaçıya qarşı fiziki güc tətbiq etmiş, onu ağır və alçaldıcı ifadələrlə təhqir etmiş, iddiaçının yaşadığı mənzilə icazəsiz daxil olmuş, mənzil toxunulmazlığını kobud şəkildə pozaraq evinə basqınlar etmişdir. Bu hərəkətlər təsadüfi və ya emosional davranışlar olmayıb, cavabdehin iddiaçı üzərində qorxu, təzyiq və itaət mühiti yaratmağa yönəlmiş məqsədli davranışlarının tərkib hissəsi olmuşdur. Qeyd edilən əməllər təkcə ailədaxili mübahisə xarakteri daşımır, eyni zamanda iddiaçının Konstitusiya ilə qorunan şəxsiyyət toxunulmazlığına, şərəf və ləyaqətinə, həyat və sağlamlığına qarşı real və davamlı təhlükə yaratmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı yaşlı və şəkərli diabet xəstəlikdən əziyyət çəkən şəxs olmaqla bu cür davranışlar onun səhhətinə və psixoloji durumuna birbaşa mənfi təsir göstərmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, cavabdeh iddiaçını açıq şəkildə ölümlə hədələmiş, bu hədələri isə konkret maddi maraqla əlaqələndirmişdir. Cavabdeh dəfələrlə açıq formada bəyan etmişdir ki, onun əsas məqsədi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzili ələ keçirməkdir. Cavabdeh birbaşa olaraq “onsuz da səni öldürüb evi ələ keçirəcəyəm, yeganə övladın mənəm və tək vərəsə də özüməm” kimi ifadələr işlətməklə, həm iddiaçının həyatına qarşı qəsdin mövcudluğunu, həm də bu qəsdin arxasında duran miras məqsədini açıq şəkildə ortaya qoymuşdur. Bu ifadələr cavabdehin davranışlarının yalnız əxlaqsız deyil, eyni zamanda cinayət xarakterli niyyətlərə əsaslandığını sübut edir. Cavabdehin bu zorakı davranışlarından biri zamanı iddiaçı öz həyatı və sağlamlığı üçün real təhlükə yarandığını əsas götürərək 102 Zəng Mərkəzinə müraciət etməyə məcbur olmuş, nəticədə hadisə ilə bağlı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılmışdır. Bu fakt cavabdehin hərəkətlərinin subyektiv iddia deyil, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış real hadisə olduğunu təsdiq edir. İddiaçının nümayəndəsi tərəfindən polis orqanına ünvanlanmış vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, icraat materialları yalnız məhkəmənin rəsmi sorğusu əsasında təqdim edilə bilər ki, bu da məhkəmə baxışı zamanı həmin materialların iş üçün əhəmiyyət kəsb etdiyini göstərir. Bundan əlavə, iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən və gündəlik həyatda kənar köməyə ehtiyac duyduğundan, evdə səyyar sosial xidmətlərdən yararlanmaq məqsədilə * saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Lakin cavabdeh bu prosesə də qəsdən müdaxilə edərək, “DOST” Mərkəzinə yalan məlumatlar vermiş, guya iddiaçıya özü tərəfindən qulluq göstəriləcəyini bildirmiş və bununla da iddiaçının dövlət tərəfindən nəzərdə tutulmuş sosial xidmətlərdən istifadə etməsinə faktiki olaraq mane olmuşdur. Reallıqda isə cavabdeh iddiaçıya qulluq etməmiş, əksinə, onun tibbi və sosial ehtiyaclarını bilərəkdən laqeyd qoymuşdur. Cavabdehin bu davranışları iddiaçını sosial dəstəkdən məhrum etməklə onu daha asılı vəziyyətə salmaq, tək buraxmaq, iradəsini sındırmaq və gələcəkdə mirasla bağlı planlarını reallaşdırmaq məqsədi daşımışdır. Bu hal da cavabdehin iddiaçıya qarşı münasibətinin humanist və ailəvi deyil, sırf şəxsi maddi maraqlara əsaslandığını göstərir. Bu məsələ ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən * saylı Bakı “DOST” Mərkəzinə ünvanlanmış vəkil sorğusuna rəsmi cavabın verilməməsi isə cavabdehin müdaxiləsinin real inzibati nəticələr doğurduğunu təsdiqləyir. Yuxarıda sadalanan faktiki hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində nəzərdə tutulmuş “ləyaqətsiz vərəsə” anlayışının bütün hüquqi əlamətlərini tam şəkildə ehtiva edir və cavabdehin vərəsəlik hüququndan məhrum edilməsini şərtləndirən əsaslı hüquqi səbəblərin mövcudluğunu təsdiq edir. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, habelə vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur və nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Qanunverici bu normada ləyaqətsizliyin formalarını alternativ qaydada müəyyən etmiş və hər hansı birinin mövcudluğunu vərəsəlik hüququnun itirilməsi üçün kifayət hesab etmişdir. Hazırkı iş üzrə cavabdehin davranışları bir neçə istiqamətdə eyni vaxtda Mülki Məcəllənin 1137-ci maddəsinin dispozisiyasına uyğun gəlir. Birincisi, cavabdeh iddiaçıya qarşı fiziki zorakılıq tətbiq etməklə, onu mütəmadi olaraq təhqir və hədələrə məruz qoymaqla, habelə açıq şəkildə ölümlə hədələməklə iddiaçının həyatına və sağlamlığına qarşı qəsdən təhlükə yaratmışdır. Bu hərəkətlər hüquqi mahiyyətinə görə yalnız ailə münasibətlərinin pozulması deyil, eyni zamanda miras qoyanın şəxsiyyətinə qarşı yönəlmiş ağır əxlaqsız davranışlar olmaqla Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulan “qəsdən cinayət və ya digər əxlaqsız hərəkət” anlayışına tam uyğundur. Cavabdehin “səni öldürüb evi ələ keçirəcəyəm” məzmunlu ifadələri həmin hərəkətlərin məqsədli və miras yönümlü xarakter daşıdığını açıq şəkildə göstərir. İkincisi, cavabdehin bu zorakı və təhdidedici davranışları iddiaçının sərbəst iradəsini formalaşdırmaq və ifadə etmək imkanlarını faktiki olaraq məhdudlaşdırmış, onun gələcəkdə miras məsələləri ilə bağlı qərar qəbul etməsinə psixoloji təzyiq yolu ilə mane olmuşdur. Bu isə Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulan “miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmə” halının klassik hüquqi təzahürüdür. Qanunverici miras qoyanın iradəsinə yalnız formal sənədlərlə deyil, həm də psixoloji və fiziki məcburiyyət yolu ilə edilən müdaxilələri qadağan edir. Üçüncüsü, cavabdeh iddiaçının sosial və tibbi baxımdan həssas vəziyyətindən sui-istifadə edərək onun evdə səyyar sosial xidmətlərdən yararlanmasının qarşısını almışdır. * saylı Bakı “DOST” Mərkəzinə bilərəkdən yalan məlumat verməklə iddiaçının dövlət tərəfindən nəzərdə tutulmuş sosial təminat hüquqlarını məhdudlaşdırmış, onu tək və asılı vəziyyətdə saxlamışdır. Bu hərəkətlər iddiaçının həyat şəraitini süni şəkildə ağırlaşdırmaqla onun iradəsinə təsir göstərməyə, gələcək əmlak münasibətləri üzrə qərarlarını cavabdehin maraqları istiqamətində yönləndirməyə xidmət etmişdir ki, bu da 1137-ci maddənin məzmunu baxımından əxlaqsız davranış kimi qiymətləndirilməlidir. Dördüncüsü, cavabdehin davranışlarında birbaşa maddi maraq mövcuddur. Cavabdeh özünü iddiaçının yeganə vərəsəsi kimi təqdim etmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzili əldə etməyi əsas məqsəd kimi qarşıya qoymuşdur. Bu məqsəd naminə zorakılıq, təhdid və psixoloji təzyiq vasitələrindən istifadə etməsi onun əməllərinin təsadüfi deyil, əvvəlcədən düşünülmüş və vərəsəlik hüququnun ələ keçirilməsinə yönəlmiş olduğunu sübut edir. Beşincisi, cavabdehin hərəkətləri hüquq-mühafizə orqanlarının müdaxiləsini zəruri etmiş, iddiaçı 102 Zəng Mərkəzinə müraciət etməyə məcbur qalmış və hadisə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma predmetinə çevrilmişdir. Bu hal cavabdehin davranışlarının real təhlükə yaratdığını və subyektiv iddialar deyil, obyektiv araşdırma mövzusu olduğunu təsdiq edir. İcraat materiallarının yalnız məhkəmə sorğusu əsasında təqdim edilə bilməsi isə bu sübutların məhz hazırkı mülki iş üçün əhəmiyyətli olduğunu göstərir. Mülki Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hallar həmin məhrumiyyətdən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırkı iddia da məhz bu norma əsasında təqdim olunmuşdur və cavabdehin ləyaqətsiz vərəsə elan edilməsi nəticəsində mirasın taleyinə dair hüquqi nəticələr birbaşa iddiaçının maraqlarına toxunduğundan iddiaçı bu tələblə çıxış etməkdə tam prosessual hüquqa malikdir. Beləliklə, işin faktiki halları ilə Mülki Məcəllənin 1137 və 1139-cu maddələrinin hüquqi tələbləri arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcuddur və cavabdehin davranışları onun vərəsəlik hüququndan məhrum edilməsini zəruri edən hüquqi əsaslar kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 1137-ci maddəsi təşkil etsə də, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Hazırki işdə cavabdehin hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulmuş halların olması öz təsdiqini tapmır. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər ana övlad olmaqla aralarında yaranan mübahisə cavabdehin oğlunun sonuncu ilə münasibətlərinin pozulmasına və oğulun anası ilə deyil, atası və ya nənəsi-iddiaçının yanında yaşamaq istəməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbləri ilə bağlı həmçinin qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcələsinin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin verilməsinə səbəb cavabdehin uzun müddət ərzində iddiaçıya qarşı nümayiş etdirdiyi hüquqa, əxlaqa və ailə münasibətlərinin fundamental prinsiplərinə zidd davranışlar, iddiaçının şəxsiyyətinə, sağlamlığına, mənəvi rahatlığına və sərbəst iradəsinə qarşı yönəlmiş hərəkətləri olmuşdur. İddiaçı yaşlı, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, gündəlik həyatında müəyyən sosial dəstəyə və qayğıya ehtiyacı olan bir şəxsdir. Cavabdeh isə onun doğma qızıdır. Normal ailə münasibətlərində övladın valideyninə qayğı göstərməsi, onun rifahını və təhlükəsizliyini təmin etməsi gözlənildiyi halda, cavabdehin davranışları tam əks istiqamətdə inkişaf etmiş, o, uzun müddət ərzində iddiaçıya qarşı davamlı şəkildə psixoloji təzyiq, təhqir, hədə-qorxu və mənəvi zorakılıq xarakterli hərəkətlər etmişdir. İddia ərizəsində də göstərildiyi kimi, cavabdeh müxtəlif vaxtlarda iddiaçının yaşadığı ünvana gələrək mübahisələr yaratmış, onun şəxsiyyətini alçaldan ifadələr işlətmiş, qonşuların və digər şəxslərin yanında onu təhqir etmiş, mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Bu hallar təsadüfi və ya ani emosional davranışlar deyil, uzun müddət davam edən sistemli münasibətin tərkib hissəsi olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı özünü təhlükəsizlikdə hiss etməmiş, daim psixoloji gərginlik və qorxu şəraitində yaşamağa məcbur olmuşdur. İddiaçı məhkəmədə göstərmişdir ki, cavabdeh dəfələrlə onun ölümündən sonra yaşayış sahəsini əldə edəcəyini bildirmiş, özünü yeganə vərəsə kimi təqdim etmiş və bu məqsədlə müxtəlif təzyiq vasitələrindən istifadə etmişdir. Cavabdehin işlətmiş olduğu ifadələr, onun davranışlarının ümumi xarakteri və hadisələrin inkişaf ardıcılığı göstərir ki, tərəflər arasında yaranmış münasibətlər sadəcə ailədaxili mübahisə deyil, həm də gələcək əmlak və vərəsəlik maraqları ilə əlaqədar yaranmış ciddi qarşıdurma xarakteri daşımışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərin gərgin olmasını faktiki olaraq qəbul etsə də, həmin münasibətlərin mahiyyətini və səbəblərini düzgün qiymətləndirməmişdir. Məhkəmə əsas diqqəti cavabdehin azyaşlı övladı ilə bağlı mübahisələrə yönəltmiş, lakin iddianın predmetini təşkil edən halların əksəriyyətini araşdırmadan kənarda saxlamışdır. Halbuki iddia tələbi cavabdehin övladı ilə bağlı mübahisələrə deyil, onun iddiaçıya qarşı uzun müddət ərzində nümayiş etdirdiyi davranışların hüquqi nəticələrinə əsaslanmışdır. Məhkəmə tərəfindən araşdırılmış sübutlardan da görünür ki, tərəflər arasında münasibətlər uzun müddətdir ciddi şəkildə pozulmuşdur. Lakin məhkəmə bu münasibətlərin niyə pozulduğunu, cavabdehin davranışlarının hansı nəticələrə səbəb olduğunu və həmin davranışların iddiaçının iradəsinə təsir edib-etmədiyini tam araşdırmamışdır. Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl öz təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar keçirmiş, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində bu barədə ətraflı məlumat verilmiş və polis materialarının məhkəmə qaydasında tələb olunmasının zəruriliyi göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin istiqamətdə iş üzrə mühüm əhəmiyyət daşıyan sübutların əldə olunması üçün kifayət qədər təşəbbüs göstərməmiş, hadisələrin tam mənzərəsini müəyyən etməmişdir. Məhkəmə həmçinin cavabdehin iddiaçının sosial təminat hüquqlarına müdaxilə etməsi ilə bağlı halları da tam araşdırmamışdır. İş materialarında olan “DOST” Mərkəzinin məktubundan görünür ki, iddiaçı evdə səyyar sosial xidmət almaq üçün müraciət etmişdir. Lakin məhkəmə yalnız sosial xidmətin hansı səbəbdən göstərilməməsi məsələsini araşdırmış, cavabdehin həmin prosesdə rolu, onun verdiyi məlumatların xarakteri və iddiaçının sosial dəstək alma imkanlarına təsiri barədə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları ayrıayrılıqda qiymətləndirmiş, lakin onların qarşılıqlı əlaqəsini və ümumi mənzərəni nəzərə almamışdır. Halbuki cavabdehin davranışları vahid sistem təşkil etmiş, iddiaçının həyatına, sağlamlığına, psixoloji vəziyyətinə və sərbəst qərarvermə imkanlarına təsir göstərmişdir. Bu hallar bir-birindən təcrid olunmuş epizodlar deyil, uzun müddət davam edən münasibətlərin və təzyiqlərin tərkib hissəsi olmuşdur. Bundan əlavə, məhkəmə cavabdehin etiraz ərizəsində göstərdiyi çoxsaylı iddiaları faktiki olaraq sübut kimi qəbul etmiş, lakin həmin iddiaların əksəriyyətinin hər hansı obyektiv sübutlarla təsdiq olunub-olunmadığını araşdırmamışdır. Cavabdehin iddiaçı barədə irəli sürdüyü ittihamlar əsasən subyektiv mülahizələrdən ibarət olmuş, lakin məhkəmə bu hallara tənqidi yanaşmamışdır. İddiaçı hesab edir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları araşdırmamış, tərəflər arasında uzun müddət ərzində formalaşmış münasibətlərin mahiyyətini düzgün müəyyən etməmiş, cavabdehin hərəkətlərinin xarakterini və nəticələrini tam qiymətləndirməmişdir. Nəticədə işin faktiki hallarına uyğun olmayan, natamam araşdırmaya əsaslanan qətnamə qəbul edilmişdir. Beləliklə, iddiaçı birinci instansiya məhkəməsinin yalnız tərəflər arasında müəyyən ailədaxili mübahisələrin mövcudluğu barədə gəldiyi nəticəni qəbul etsə də, həmin mübahisələrin səbəbləri, cavabdehin iddiaçıya qarşı davranışlarının xarakteri, onun psixoloji və mənəvi təzyiqləri, sosial təminat hüquqlarına müdaxiləsi, iddiaçının təhlükəsizliklə bağlı narahatlıqları və bu hərəkətlərin gələcək vərəsəlik maraqları ilə əlaqəsi barədə məhkəmənin gəldiyi nəticələri qəbul etmir və həmin halları əsaslı şəkildə mübahisələndirir. İddiaçı hesab edir ki, iş üzrə bütün faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırıldığı təqdirdə cavabdehin davranışlarının hüquqi mahiyyəti düzgün müəyyən ediləcək və iş üzrə fərqli nəticəyə gəlinəcəkdir. Bundan başqa qətnamədən görünür ki, məhkəmə 1137-ci maddənin tətbiqini faktiki olaraq yalnız vəsiyyətnamə ilə bağlı hallarla məhdudlaşdırmış, yaxud miras qoyanın son iradəsinə birbaşa müdaxilə hallarının mövcudluğunu tələb etmişdir. Halbuki normanın məzmunundan açıq şəkildə görünür ki, qanunverici yalnız vəsiyyətnaməyə müdaxilə hallarını deyil, həm də miras qoyanın şəxsiyyətinə, onun iradə sərbəstliyinə, həyat və sağlamlığına qarşı yönəlmiş, vərəsəlik hüququ əldə etmək məqsədi daşıyan əxlaqsız və hüquqazidd davranışları da ləyaqətsiz vərəsəlik institutu çərçivəsində qiymətləndirmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhz cavabdehin miras qoyanın şəxsiyyətinə qarşı yönəlmiş sistemli təzyiq, hədə-qorxu, təhqir, psixoloji zorakılıq və əmlak əldə etmək niyyəti ilə bağlı davranışları göstərilmişdir. Məhkəmə isə həmin halların mövcud olub-olmamasını araşdırmaq əvəzinə normanın tətbiq dairəsini əsassız şəkildə daraltmışdır. Bununla da Mülki Məcəllənin 1137-ci maddəsinin həqiqi hüquqi məzmunu təhrif edilmişdir. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş “digər əxlaqsız hərəkət” anlayışını da düzgün şərh etməmişdir. Qanunverici həmin ifadədən istifadə etməklə ləyaqətsiz vərəsəliyin əsaslarını yalnız cinayət məsuliyyəti yaradan əməllərlə məhdudlaşdırmamış, həm də ailə münasibətlərinin əsaslarını kobud şəkildə pozan, miras qoyanın şəxsiyyətinə və iradə sərbəstliyinə qarşı yönələn davranışları da bu anlayışın əhatə dairəsinə daxil etmişdir. Birinci instansiya məhkəməsi isə faktiki olaraq “digər əxlaqsız hərəkət” anlayışını tətbiq etməmiş, həmin normanı yalnız cinayət xarakterli hərəkətlər kontekstində qiymətləndirmişdir. Halbuki iddia ərizəsində və məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya qarşı uzun müddət davam edən psixoloji təzyiq göstərməsi, təhqir etməsi, hədələməsi, yaşayış yerinə müdaxilə etməsi, sosial müdafiə imkanlarının məhdudlaşdırılması ilə bağlı faktlar irəli sürülmüşdür. Bu halların hər biri ayrıca və məcmu halda “digər əxlaqsız hərəkət” anlayışı baxımından qiymətləndirilməli olduğu halda məhkəmə həmin normanı tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1139-cu maddəsini də düzgün tətbiq etməmişdir. Həmin maddəyə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hallar bu məhrumetmədən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qətnaməsində bir tərəfdən 1139-cu maddəyə istinad etmiş, digər tərəfdən isə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu faktiki olaraq məhdudlaşdıran hüquqi mövqe ifadə etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ləyaqətsiz vərəsəlik məsələsi əsasən miras qoyanın ölümündən sonra aktuallaşır. Halbuki qanunun məzmunundan belə nəticə çıxmır. Əksinə, 1139-cu maddənin məqsədi məhz ləyaqətsizliyə səbəb olan halların məhkəmə tərəfindən müəyyən edilməsini təmin etməkdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin davranışlarının hüquqi qiymət almasını və gələcəkdə vərəsəlik münasibətlərinə təsir göstərə biləcək halların məhkəmə qaydasında müəyyən edilməsini tələb etmişdir. Məhkəmə isə həmin normanın məqsədini və funksiyasını düzgün müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsindən irəli gələn mülkiyyət hüququnun müdafiəsi prinsipini də nəzərə almamışdır. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Vərəsəlik hüququ mülkiyyət hüququnun tərkib hissəsidir və mülkiyyət hüququnun gələcək taleyinin müəyyən edilməsinə xidmət edir. Miras qoyanın öz əmlakı ilə bağlı sərbəst iradəsinin qorunması mülkiyyət hüququnun mühüm elementlərindən biridir. Cavabdehin davranışlarının məhz iddiaçının əmlakı ilə bağlı iradəsinə təsir göstərməyə yönəldiyi barədə dəlillər irəli sürüldüyü halda məhkəmə bu halları mülkiyyət hüququnun müdafiəsi aspektindən ümumiyyətlə qiymətləndirməmişdir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin hüquqi məzmununu da nəzərə almamışdır. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır və heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu norma yalnız mövcud mülkiyyətin deyil, həm də şəxsin öz mülkiyyəti barədə sərbəst qərar vermək imkanının müdafiəsinə xidmət edir. Miras qoyanın əmlakı ilə bağlı iradəsini təhdid, qorxu və təzyiq yolu ilə formalaşdırmağa cəhd göstərilməsi həmin konstitusion təminatların mahiyyətinə ziddir. Birinci instansiya məhkəməsi bu aspekti tamamilə diqqətdən kənarda saxlamışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni də düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi həmin qərarda vurğulamışdır ki, ləyaqətsiz vərəsəlik institutunun əsas məqsədi miras qoyanın iradəsinin, onun hüquq və mənafelərinin, habelə vərəsəlik münasibətlərində ədalət prinsipinin qorunmasından ibarətdir. Birinci instansiya məhkəməsi isə həmin hüquqi mövqenin yalnız formal hissəsinə istinad etmiş, lakin qərarın mahiyyətini təşkil edən hüquqi məqsədləri nəzərə almamışdır. Nəticədə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi düzgün tətbiq edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1137-ci maddəsi, 1139-cu maddəsi, Konstitusiyanın 13-cü və 29-cu maddələri, habelə Konstitusiya Məhkəməsinin vərəsəlik hüququna dair formalaşdırdığı hüquqi mövqelər düzgün tətbiq edilməmiş, həmin normaların məzmunu dar və formal şəkildə şərh edilmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlinmişdir. Bu isə Mülki Prosessual Məcəllənin apellyasiya qaydasında qətnamənin ləğvi üçün nəzərdə tutduğu əsaslardan biri olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini zəruri edir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin yalnız nəvə ilə bağlı münasibətlərdən qaynaqlandığı nəticəsinə gəlmişdir. Lakin iş materiallarında belə nəticəni qəti şəkildə təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda məhkəmə cavabdehin davranışlarında əmlak marağının olmadığını göstərmişdir. Halbuki bu nəticəni birmənalı şəkildə təsdiq edən sübutlar da iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi bir sıra nəticələr tədqiq edilmiş sübutlardan deyil, fərziyyələrdən və ehtimallardan irəli gəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələblərinə ziddir. Hazırkı qətnamədə isə iddiaçının bir sıra mühüm arqumentlərinə ümumiyyətlə münasibət bildirilməmişdir. Xüsusilə cavabdehin iddiaçıya qarşı təhdid xarakterli davranışları, sosial xidmət məsələlərinə müdaxilə etməsi, iddiaçının iradəsinə təsir göstərmək cəhdləri və digər mühüm hallar üzrə məhkəmə tərəfindən ətraflı hüquqi qiymətləndirmə aparılmamışdır. Bu isə qətnamənin əsaslandırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Nəhayət, məhkəmə Mülki Prosessual Məcəllənin 220-ci maddəsinin tələblərinə də əməl etməmişdir. Həmin normaya görə qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin müəyyən etdiyi hallar, həmin halları təsdiq edən sübutlar, məhkəmənin bu və ya digər sübutu qəbul etməsinin və ya rədd etməsinin səbəbləri, habelə tətbiq etdiyi qanunlar göstərilməlidir. Hazırkı qətnamədə isə iddiaçı tərəfindən irəli sürülmüş bir sıra mühüm halların hansı səbəbdən qəbul edilmədiyi, həmin halların niyə etibarsız hesab edildiyi və iddiaçının arqumentlərinin hansı hüquqi əsaslarla rədd edildiyi kifayət qədər əsaslandırılmamışdır. Qətnamədə ümumi və abstrakt mülahizələr yer alsa da, konkret sübutların niyə rədd edilməsinə dair ətraflı hüquqi motivasiya göstərilməmişdir. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sübutların əldə edilməsinin zəruriliyi göstərilmişdir. Xüsusilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində aparılmış araşdırma materiallarının, 102 xidmətinə edilmiş müraciətlərə dair məlumatların, habelə digər aidiyyəti sənədlərin iş materiallarına əlavə olunmasının vacibliyi iddia ərizəsində və məhkəmə baxışı zamanı dəfələrlə vurğulanmışdır. Lakin məhkəmə həmin materialların əldə olunması istiqamətində kifayət qədər prosessual tədbirlər görməmiş, nəticədə iş üçün əhəmiyyətli ola biləcək sübutlar araşdırılmamış qalmışdır. Məhkəmə yalnız mövcud sənədlərlə kifayətlənmiş, iddiaçı tərəfindən göstərilən halların obyektiv yoxlanılması üçün zəruri olan əlavə sübutların əldə edilməsini təmin etməmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin məqsədinə və mahiyyətinə zidd olmuşdur. Bundan başqa iddiaçı tərəfindən polis materiallarının yalnız məhkəmə sorğusu əsasında təqdim edilə biləcəyi bildirildiyi halda məhkəmə həmin materialların işə əlavə olunmasını təmin etməmişdir. Sonradan isə həmin sübutların olmamasını iddianın əsassızlığı kimi qiymətləndirmişdir. Belə yanaşma prosessual bərabərlik və ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138-ci maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2011-ci il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçının "ləyaqətsiz vərəsəlik" tələbinin əsasını ailədaxili gərginliyi, uzunmüddətli münaqişələri, təhdid və ya psixoloji təzyiq olması Mülki Məcəllənin 1137-ci maddəsi təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, ailədaxili münaqişələr, tərəflərin bir-birindən incik düşməsi, soyuq münasibətlər, hətta məişət zəminindəki təhqir və ya mübahisələr miras qoyanın "son iradəsinə qəsd" hesab olunmur və qanunverici bunu ləyaqətsiz vərəsəlik üçün əsas kimi tanımır. Bundan başqa iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin "konfliktin səbəblərini və sonrakı davranışı geniş araşdırmadığını" qeyd etsə də, Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə yalnız mübahisənin hüquqi predmetinə daxil olan halları araşdırmağa borcludur. Mübahisənin predmeti isə ləyaqətsiz vərəsəlikdir və hazırki işdə cavabdehin hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulmuş halların olması öz təsdiqini tapmır.
İddiaçı apellyasiya şikayətinin “cavabdeh dəfələrlə açıq formada əsas məqsədi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən mənzili ələ keçirmək” olmasına dair dəlillərinə Məhkəmə Kollegiyası qiymət verərək qeyd edir ki, iddiaçı öz mülkiyyətində çıxarışa əsasən əmlakının olmasına dair sübutlar təqdim etməmişdir. Buna dair sübutla olmuş olsa idi belə, hazırki qanunvericiliyin tələblərinə görə ləyaqətsiz vərəsə kimi tanınmasına əsas ola bilməz. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.