Məhkəmə qərarları › İş №e-2(3-6)-3673/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3673/2026

07.09.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3673/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı “hərracın nəticələrinə dair protokolun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 167.900 manat məbləğində müəyyən edilmişdir. Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında “xxxxs” MMC-nin təşkilatçılığı ilə ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “525-ci” qəzetdə elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından ipoteka predmeti təkrar hərraca 15 faiz aşağı qiymətə çıxarılmış, təkrar hərrac baş tutmadğından 25 faizdən az olmayan qiymətlə, yəni 107050,52 manata ipoteka saxlayan tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı son hərrac təşkil edilərkən bildirişlərin ona çatdırılmamasına, həmçinin qiymətin aşağı olduğuna istinad edərək hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair ****************** nömrəli protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ****/**** saylı, ##.##.2025 tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon icra və Probasiya şöbəsinin sifarişi əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, məhəllə 1028, ev 9C, mənzil 123 ünvanda yerləşən mənzili cavabdeh1 Ramiz qızına 107050,52 manata ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair ****************** nömrəli protokol ilə satılmışdır. Sözü gedən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair ****************** nömrəli protokol onun mülkiyyət hüquqlarlarını pozmaqla yanaşı cavabdehlərin əlbirliyi ilə hazırda real bazar qiyməti 220.000 manat olan mənzilin 107050,52 manata satılmaqla əsassız varlanmağa çalışmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, məhəllə 1028, ev 9C, mənzil 123 ünvanında yerləşən mənzil ilk dəfə ##.##.2025-ci il tarixdə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə ##.##.2025-ci il tarixdə bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci” qəzetin ##.##.2025-ci tarixli buraxılışında dərc olunmuşdur. Həmin hərracda əmlakın ilkin likvid satış qiyməti 167.900 manat müəyyən edilmişdir. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. ##.##.2025-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlakın minimum satış qiyməti 142.715 manat müəyyən edilmişdir. Təkrar hərrac barədə isə elektron portalda məlumat yerləşdirilmişdir. Həmin hərrac da baş tutmadığından ilkin satış qiymətinin 60 faizindən az olmayan qiymətlə tələbkar tərəfindən əldə olunmuşdur. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi barədə dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, ilk və təkrar hərracın keçirilməsi barədə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər həmin zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçıya göndərilmişdir. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir Digər tərəfdən yeni qaydalarla hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi 5 iş günü müddətində hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin elektron portalda yerləşdirilməsi müəyyən edilmişdir. Mövcud qaydalarda ümumiyyətlə borcluya poçt vasitəsi ilə bildiriş çatdırılması nəzərdə tutulmamışdır. Qanunvericilik normalarının tələblərinə əsasən hərrac təşkilatının öz öhdəliklərini yerinə yetirdiyi təqdirdə həmin bildirişlərin əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. İş materiallarına əlavə edilmiş, icra işinin materiallarından da göründüyü kimi, iddiaçı icra sənədindən məlumatlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, hərracın keçirilməsinə dair elanı portalda yerləşdirmək və bu barədə portalın öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hazırki iş üzrə hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərmiş, kütləvi informasiya vasitəsində “525-ci” qəzetdə, eləcə də cavabdeh2 MMC-nin rəsmi internet səhifəsində (“herrac.gov.az”) elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı əmlakın dəyərinin az olmasını, bu dəyəri müəyyən edən digər məhkəmə prosesi çərçivəsində mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. O da qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, icra sənədinin verilməsi ilə hərracın keçirilməsi arasında uzun müddət keçməmiş, bu isə kəskin qiymət artımının yaranmadığının, iş üzrə yenidən qiymətləndirmə keçirilməsi zərurətinin olmadığının göstəricisidir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərracın qanunsuz olması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, hərracın nəticələrinə dair protokolun ləğv edilməsi tələbinə dair iddia təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə mübahisələndirilən tələb ##.##.2025-ci il tarixli, ****************** nömrəli "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokol"un etibarsız hesab edilməsindən ibarət olmuşdur. Deməli, mübahisənin predmeti əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş borc məbləği və ya daşınmaz əmlakın ilkin bazar dəyəri deyil, məhz hərrac prosedurunun qanuniliyi və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasının hüquqi əsaslarının mövcud olub-olmaması olmuşdur. Məhkəmə isə iddia tələbinin predmetini düzgün müəyyən etmədən yalnız Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmlakın 167.900 manat məbləğində qiymətləndirilməsinə istinad etmiş və Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrini tətbiq etməklə iddiaçının arqumentlərini rədd etmişdir. Halbuki iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qiyməti deyil, həmin qətnamədən sonra keçirilmiş hərracın qanuniliyini və onun nəticəsində tərtib olunmuş protokolu mübahisələndirmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin müəyyən etdiyi 167.900 manat bazar dəyərinə malik daşınmaz əmlak son nəticədə cəmi 107.050,52 manat məbləğində ipoteka saxlayan tərəfindən əldə edilmişdir. Yəni əmlak müəyyən edilmiş bazar dəyərindən 60.849,48 manat aşağı qiymətə özgəninkiləşdirilmişdir. Məhkəmə bu halın iddiaçının Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququna təsirini, habelə bu qiymət fərqinin hərrac prosedurunun qanuniliyinə təsir edib-etmədiyini ümumiyyətlə araşdırmamışdır. Bundan əlavə, məhkəmə hərrac institutunun məqsədini formal şəkildə qiymətləndirmişdir. Hərrac prosedurunun əsas məqsədi yalnız icra sənədinin icrası deyil, eyni zamanda borclunun əmlakının mümkün olan ən əlverişli qiymətə həyata keçirilməsini təmin etməklə həm tələbkarın, həm də borclunun qanuni mənafeləri arasında tarazlığı qorumaqdır. Məhkəmə bu prinsipə ümumiyyətlə hüquqi qiymət verməmiş, yalnız formal prosedur qaydalarının yerinə yetirildiyini göstərməklə kifayətlənmişdir. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin hüquqi predmetini düzgün müəyyən etməmiş, maddi hüquq normalarını formal tətbiq etmiş, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı hüquqi prinsipləri nəzərə almamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Qətnamədən görünür ki, məhkəmə iddiaçının əsas arqumenti olan ##.##.2025-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması mərhələsi barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlandırılmaması faktına formal yanaşmışdır. Məhkəmə yalnız ##.##.2025-ci il tarixli bildirişin göndərildiyini, ##.##.2025-ci il tarixli "525-ci" qəzetdə elan dərc olunduğunu və təkrar hərrac barədə məlumatın elektron portalda yerləşdirildiyini göstərməklə kifayətlənmiş, lakin həmin bildirişlərin iddiaçıya faktiki olaraq təqdim edilməsini təsdiq edən mötəbər sübutların mövcudluğunu araşdırmamışdır. İş materiallarında bildirişlərin iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən poçt qəbzi, təhvil aktı, elektron təsdiq və ya digər mötəbər sübut mövcud olmadığı halda, məhkəmə yalnız onların göndərilməsini kifayət hesab etmişdir. Halbuki bildirişin hazırlanması və ya göndərilməsi onun qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməsi faktını təsdiq etmir. Məhkəmə sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə də əməl etməmişdir. İddiaçının təqdim etdiyi arqumentlər, xüsusilə son mərhələ barədə məlumatlandırılmaması, əmlakın 167.900 manat müəyyən edilmiş bazar dəyərinə baxmayaraq 107050,52 manat məbləğində ipoteka saxlayan tərəfindən əldə olunmasının hüquqi nəticələri, habelə bu pozuntuların iddiaçının hüquqlarına təsiri ayrıca qiymətləndirilməmişdir. Qətnamədə bu dəlillərin hansı hüquqi əsaslarla rədd edildiyi göstərilməmiş, yalnız cavabdehlərin mövqeyi təkrarlanmışdır. Məhkəmə həmçinin sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Bildirişlərin qanuna uyğun təqdim edilməsini sübut etmək vəzifəsi bu hala istinad edən cavabdehlərin üzərinə düşdüyü halda, məhkəmə faktiki olaraq həmin halın baş vermədiyini sübut etmək yükünü iddiaçının üzərinə qoymuşdur ki, bu da Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə ziddir. Nəticə etibarilə, məhkəmə iş üzrə hüquqi əhəmiyyət kəsb edən halları tam araşdırmadan, sübutları onların qarşılıqlı əlaqəsi baxımından qiymətləndirmədən, iddiaçının bütün dəlillərinə hüquqi qiymət vermədən və qətnaməni kifayət qədər əsaslandırmadan qərar qəbul etmişdir. Belə prosessual pozuntular qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını aradan qaldırır, buna görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 415.8. İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur

“İcra haqqında” Qanun:

62.1. Elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir. 62.2. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. 62.3. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar elektron hərraca çıxarıldıqda, sifariş formalaşdırıldığı gündən 5 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. 62.4. Elektron hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər iştirak edə bilərlər. 62.5. Elektron hərracda iştirak etmək istəyən şəxslər iştirak haqqını və beh məbləğini ödəməli və ya beh məbləğində bank qarantiyasını təqdim etməlidirlər. 62.7. Elektron hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara icra məmuru tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır. Maddə 62.8. İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir. 62.9. Elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir. 62.10. Elektron hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı elektron hərracda iştirakdan özü imtina etdikdə, habelə hərracda iştirak edən, lakin onu udmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır. 62.11. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. 62.12. maddəsinə əsasən Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir. 62.18. Aşağıdakı hallarda elektron hərrac baş tutmamış sayılır: 62.18.1. elektron hərracın iştirakçısı olmadıqda; 62.18.2. elektron hərracda iştirak edən şəxs (şəxslər) tərəfindən elektron hərrac bitənədək bu Qanunun 62.8-ci maddəsinə uyğun təklif verilmədikdə; 62.18.3. icra məmuru bu Qanunun 17.1-ci, 20.1-ci və 23.1.1-ci maddələri ilə müəyyən edilən hallarda icra sənədi üzrə icraatı elektron hərracın nəticələrinə dair protokol tərtib edilənədək dayandırdıqda, icraata xitam verilməsi barədə, yaxud icra sənədinin qaytarılması barədə qərar qəbul etdikdə.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli, № *-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası:

2.3. Təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir. Təşkilatçı elanı hərracın keçiriləcəyi tarixə ən geci 20 təqvim günü, bu Qaydanın 2.7ci bəndində göstərilən məhsul satışa çıxarıldıqda isə ən geci 5 təqvim günü qalmış yerləşdirməlidir. 2.4. Təşkilatçı tərəfindən verilən elanda sifarişdə göstərilənlərdən başqa Portala aşağıdakı məlumatlar əlavə edilir: 2.4.1. hərracda iştirak üçün müraciət müddəti; 2.4.2. hərracın başlanma və bitmə tarixi və vaxtı; 2.4.3. hərrac addımı (hərracın predmeti olan əmlakın minimum satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmayaraq); 2.4.4. hərracda iştirak üçün behin məbləği; 2.4.5. behin və əmlakın satış qiymətinin birdəfəlik ödənilməsi tələbi; 2.4.6. beh məbləğinin bank qarantiyası formasında təqdim edilə bilməsi ilə bağlı məlumat. 2.5. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar istisna olmaqla, təşkilatçı sifarişi aldığı gündən sonra 30 təqvim günündən gec olmayaraq ilk hərrac, ilk hərrac baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq birinci təkrar hərrac, bu hərrac da baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq ikinci təkrar hərrac avtomatlaşdırılmış qaydada keçirilir. 2.6. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar hərraca çıxarıldıqda, təkrar hərraclar barədə elanlar Portalda yerləşdirildiyi gündən sonra 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmamaqla avtomatlaşdırılmış qaydada keçirilir. 4.8. İlk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir. 4.10. Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir. 4.11. Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir.

“İpoteka haqqında” Qanun (Hərrac protokolunun verildiyi tarix qüvvədə olan)

41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

“F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ##.##.2025-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokol” özözlüyündə ayrıca və müstəqil şəkildə qiymətləndirilməli olan sənəd olmayıb, ipoteka predmetinin satışına yönəlmiş icra tədbirlərinin nəticəsi olaraq tərtib edilmişdir. Bu baxımdan həmin protokolun qanuniliyinin qiymətləndirilməsi zamanı ondan əvvəl həyata keçirilmiş hərrac prosedurunun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması müəyyən edilməlidir. İş materiallarından görünür ki, ipoteka predmetinin ilk hərracda satışı ilə bağlı ##.##.2025-ci il tarixdə müvafiq bildiriş tərtib edilmiş, bildiriş iddiaçının ünvanına göndərilmiş, habelə hərrac barədə elan ##.##.2025-ci il tarixli “525-ci” qəzetdə dərc edilmişdir. İlk hərrac ##.##.2025-ci il tarixdə keçirilmiş, alıcı olmadığından baş tutmamışdır. Bundan sonra ##.##.2025-ci il tarixə təkrar hərrac təyin edilmiş və bu barədə məlumat elektron portalda yerləşdirilmişdir. Təkrar hərrac da baş tutmadığından ipoteka predmeti qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilmişdir. Belə olan halda apellyasiya şikayətində irəli sürülən “iddiaçının hərrac barədə faktiki məlumatlandırılmaması” dəlili iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi haqlı olaraq bildirişlərin hazırlanaraq iddiaçının ünvanına göndərilməsini, hərrac barədə kütləvi informasiya vasitəsində elan dərc olunmasını və təkrar hərrac barədə məlumatın elektron portalda yerləşdirilməsini hərrac təşkilatının üzərinə düşən məlumatlandırma vəzifəsinin icrası baxımından qiymətləndirmişdir. Həmçinin Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətində bildirişlərin iddiaçı tərəfindən faktiki qəbul edilməsini təsdiq edən poçt qəbzi, təhvil aktı və ya elektron təsdiqin mövcud olmadığına istinad edilməsi də əsaslı hesab edilə bilməz. Belə ki, bildirişin qanunvericiliyə uyğun qaydada göndərilməsi ilə onun ünvan sahibi tərəfindən faktiki qəbul edilməsi eyni hüquqi hal deyildir. Hərrac təşkilatının qanunla üzərinə qoyulmuş vəzifəsi bildirişin göndərilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırmanın təmin edilməsindən ibarət olduğu halda, bildirişin ünvan sahibi tərəfindən faktiki oxunmaması və ya qəbul edilməməsi, özü-özlüyündə, hərracın nəticələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, iş materiallarından iddiaçının icra sənədinin mövcudluğundan və onun əsasında icra hərəkətlərinin həyata keçirilməsindən xəbərdar olduğu da müəyyən edilir. Bu hal nəzərə alındıqda, iddiaçının hərrac prosedurundan tamamilə xəbərsiz olması barədə apellyasiya şikayətində göstərilən mövqe inandırıcı hesab edilə bilməz. Apellyasiya şikayətinin digər əsas dəlili mənzilin əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 167.900 manat dəyərindən aşağı, 107.050,52 manata əldə edilməsinin iddiaçının mülkiyyət hüququnu pozması ilə bağlıdır. Məhkəmə Kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, daşınmaz əmlakın ilkin likvid satış qiyməti 167.900 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadıqdan sonra təkrar hərrac keçirilmiş və həmin hərrac da baş tutmadığı üçün əmlak qanunvericilikdə nəzərdə tutulmuş minimum qiymət həddindən aşağı olmayan qiymətlə ipoteka saxlayan tərəfindən əldə edilmişdir. Beləliklə, ipoteka predmetinin 107.050,52 manat məbləğində əldə edilməsi hərracın nəticəsi olaraq təsadüfi və ya özbaşına müəyyən edilmiş qiymət olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş hərrac mexanizminin tətbiqinin nəticəsidir. Bu baxımdan 167.900 manat məbləğinin əmlakın əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş dəyəri olması ilə 107.050,52 manat məbləğinin hərracın baş tutmaması nəticəsində ipoteka saxlayan tərəfindən əmlakın əldə edildiyi qiymət olması arasında fərq nəzərə alınmalıdır. İlkin satış qiymətinin sonradan hərracın nəticəsi olaraq tətbiq edilən qiymət ilə eyniləşdirilməsi düzgün deyildir. Həmçinin, iş materiallarından görünür ki, əmlakın 167.900 manat dəyərində olması əvvəlki məhkəmə araşdırmasının predmeti olmuş və həmin hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Buna görə həmin faktın hazırkı işdə yenidən mübahisələndirilməsi və yenidən sübut edilməsinə yol verilə bilməz. Birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə istinad etməsi bu baxımdan əsaslıdır. Apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilərək sübutların düzgün qiymətləndirilməməsinə dair dəlil ilə bağlı Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hərracın keçirilməsi ilə bağlı bildirişləri, qəzetdə dərc edilmiş elanı, elektron portalda yerləşdirilmiş məlumatları, hərracların baş tutmamasını və nəticədə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsini qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Həmin sübutların məcmusu hərrac prosedurunun pozulduğu nəticəsinə gəlmək üçün kifayət etmir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edilməklə sübutetmə yükünün düzgün bölüşdürülmədiyi ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən hərrac prosedurunun qanunsuz keçirilməsi barədə konkret halları və bu pozuntuların onun hüquqlarına təsir etdiyini sübut etmək vəzifəsi iddia tələbinin əsası kimi həmin hallara istinad edən tərəf olaraq onun üzərinə düşür və cavabdehin müəyyən sənədi təqdim etməsi də həmin sənəddə göstərilən halların mövcudluğunun iddiaçı tərəfindən sübut edilməsini istisna etmir. Hazırkı işdə isə iddiaçı hərrac prosedurunun qanunsuz keçirildiyini təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir. Eyni zamanda, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mənzilin real bazar qiymətinin 220.000 manat olması barədə iddiası da iddianın təmin edilməsi üçün hüquqi əhəmiyyət kəsb etmir. Belə ki hazırkı mübahisənin predmeti əmlakın yeni bazar qiymətinin müəyyən edilməsi deyil, keçirilmiş hərracın və onun nəticəsində tərtib edilmiş protokolun qanuniliyinin yoxlanılmasıdır. Əmlakın bazar dəyərinin sonradan artması və ya iddiaçının subyektiv qiymətləndirməsi hərracın keçirildiyi tarixdə qanunvericiliklə müəyyən edilmiş prosedurun pozulduğunu göstərən hal hesab edilə bilməz. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, mülkiyyət hüququnun Konstitusiya ilə qorunması mübahisəsiz olmaqla yanaşı, həmin hüquq qanunla müəyyən edilmiş icra və hərrac prosedurları çərçivəsində məhdudlaşdırıla bilər. İpoteka predmetinin borcun təminatı məqsədilə qanunla müəyyən edilmiş qaydada realizə edilməsi mülkiyyət hüququnun özbaşına pozulması kimi qiymətləndirilə bilməz. Bunun üçün konkret qanun pozuntusunun və həmin pozuntunun iddiaçının hüquqlarına real təsirinin müəyyən edilməsi zəruridir. Hazırkı işdə isə belə pozuntu müəyyən edilməmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin nəticələrini təkzib etmir. Birinci instansiya məhkəməsi hərracın keçirilməsi ilə bağlı qanuni əhəmiyyət daşıyan halları araşdırmış, təqdim edilmiş sübutları qiymətləndirmiş və hərracın keçirilməsi qaydalarının pozulmadığı qənaətinə gəlmişdir. İddiaçı isə hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsini tələb etsə də, həmin protokolun etibarsızlığını şərtləndirən konkret hüquqi və faktiki əsasları sübuta yetirə bilməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar