Məhkəmə qərarları › İş №e-2(3-7)-1236/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1236/2026

02.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1236/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Müəyyən etdi: Iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Quşçular kəndində yerləşən, ##.##.1998-ci il tarixli ** saylı qeydiyyat nömrəsi ilə mərhum anası X2 məxsus olmuş və onun qanuni vərəsəsi olduğu fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı (hakim Elnur Yusifov) ilə ərizənin geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə həmin qərardaddan elektron kabinet vasitəsilə şikayət verərək, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Çünki iddiaçının tələbi ona çatacaq miras əmlakla bağlıdır və onun tərəfindən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Lakin, məhkəmə bu kimi halları nəzərə almamışdır. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Işə baxan birinci instansiya məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytararkən öz qərarında göstərmişdir ki, iddiaçı mübahisə predmeti olan əmlaka münasibətdə özünün mülkiyyət hüququnu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Kollegiya məhkəmənin baxılan iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənləri qeyd edir. Belə ki, məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X4rşı» ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin – iddiaçının mübahisə predmeti olan əmlaka münasibətdə özünün mülkiyyət hüququnu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir – mövqeyi əsaslı deyil. Yuxarıda qeyd olunduğu kimi, hazirki tələbə yəni – cavabdehlərin evdən əşyaları ilə birlikdə çıxarılması - tələbinə dair məhkəmədə mülki iddia qaydasında baxılması üçün hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Belə ki, işdə olan ##.##.2021-ci il tarixli AZ II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının anası X3 ##.##.2010-cu il tarixdə vəfat etmişdir. Iddiaçı mübahisəli evi notarial qaydada miras kimi qəbul etməsə də, gələcəkdə qeyd edilən evlə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Hazırkı iddia tələbi mülkiyyət hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmə icraatı qaydasında baxılır. Ona görə də, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Goranboy Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar