Məhkəmə qərarları › İş №e-2(3-9)-1138/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1138/2026

03.09.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1138/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” Bank Olmayan Kredit X5 Cəmiyyəti cəlb olunmaqla cavabdeh Hacıqabul Rayon Notariat Ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *i-**** saylı reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (Hakim: Günel Əkbərli) iddia təmin edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək qeyd edir ki, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilməli dövlət rüsumu tam həcmdə ödənilməmiş, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən təqdim edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun olmamışdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə icra qeydinin ləğv edilməsinə dair tələb olmaqla icra qeydində müəyyən edilmiş tələb məbləği 28680,48 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.11-ci maddəsinə əsasən tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədə iddialarda iddianın qiyməti barəsində mübahisə edilən məbləğlə müəyyən edilir. Bu baxımdan hazırkı iş üzrə iddianın qiyməti 28680,48 manat hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli dövlət rüsumunun məbləği 120 manat və 10.000 manatdan yuxarı olan hissənin 0,3 faizi həcmində müəyyən edilir. Hazırkı iş üzrə iddia qiyməti 28.680,48 manat təşkil etdiyindən, həmin maddəyə əsasən ödənilməli dövlət rüsumu 176,04 manat olmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya şikayətinin verilməsinə görə ödənilməli dövlət rüsumu 8.1-ci maddədə nəzərdə tutulmuş dövlət rüsumunun 50 faizi həcmində müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumu 88,02 manat təşkil etmişdir. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cəmi 50 manat dövlət rüsumu ödənilmişdir ki, bu da qanunla müəyyən edilmiş məbləğdən əhəmiyyətli dərəcədə azdır. Bundan əlavə, apellyasiya şikayətinin forması və məzmunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti verilərkən həmin forma və məzmun tələblərinə ciddi riayət olunmalıdır. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində müəyyən edilmiş formaya uyğun tərtib edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl şəkildə doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar nəzərdə tutulmuşdur. Halbuki verilmiş apellyasiya şikayətindən görünür ki, 2, 3, 8, 9, 10 və 11-ci qrafalar ümumiyyətlə boş saxlanılmış, bəzi qrafaların isə ardıcıllığı pozulmuşdur (14-cü qrafadan sonra yenidən 6-cı qrafaya keçirilmişdir). MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi isə qətnamədən verilmiş apellyasiya şikayəti üzrə “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq ödənilməli dövlət rüsumunun tam həcmdə ödənilib-ödənilmədiyini, habelə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-də nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olub-olmadığını yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayəti geri qaytarılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə uyğun olaraq isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 402.2.1-ci maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Hacıqabul Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (apelyasiya şikayəti geri qaytarılması üçün) Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar