Məhkəmə qərarları › İş №e-2(5-112)-193/2026

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-193/2026

05.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-193/2026 05.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 18 aprel 2025-ci il tarixində bağlanmış MŞŞ/Ş1-2025-00619 nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, barışıq sazişinin uşaqların himayəsi və aliment tələbinə dair hissədə təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında nikahın pozulması, uşağın himayəsi, ata ilə ünsiyyət və aliment tələbi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar tərəflər mediasiya prosesinə müraciət etmişlər. Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən həyata keçirilən mediasiya prosesi nəticəsində 18 aprel 2025-ci il tarixində MŞŞ/Ş1-2025-00619 nömrəli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən, uşaqlar ananın himayəsinə verilmiş, uşaqlarla ünsiyyət qaydaları və 3 ay ərzində aliment ödənişi tərəflər arasında razılaşdırılmışdır. Həmin saziş tərəflərin könüllü razılığı ilə bağlanmış, üçüncü şəxslərin hüquqlarını pozmur və qanunvericiliyə zidd deyildir. Barışıq sazişi Maraqlı şəxs1 tərəfindən könüllü icra edilmədiyindən məcburi icra olunması üçün məhkəmə tərəfindən təsdiq edilməsi zəruridir. Belə ki, Maraqlı şəxs1, tərəflər arasında razılaşdırılmış aliment məbləğini ödəməmiş, uşaqları müəyyən edilmiş vaxta Ərizəçi təhvil verməmişdir. Sonuncu dəfə isə, 4 gün uşaqları ananın razılığı olmadan öz yanında saxlamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs1 barışıq sazişindəki alimentdən 200 manat ödəniş etdiyini, qalan alimentdən ödəniş etmədiyini, uşaqları görüş üçün götürüb geri qaytarmadığını bildirmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında aliment borcunun olmadığını, qəbzləri təqdim edə bilmədiyini, uşaqları ərizəçinin evində it olduğundan gətirib ona təhvil vermədiyini, barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını, qalan borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞŞ/Ş1-2025-00619 nömrəli barışıq sazişindən görünür ki, tərəflər İddiaçı Maraqlı şəxs1 və cavabdeh X4 birgə Nigahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 himayəsinin ana X3 verilməsinə hər iki tərəf razılaşdı. Tərəflər Maraqlı şəxs1 və cavabdeh X4 birgə Nigahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 atayla ünsiyyət hüququnun hər həftənin Cümə, Şənbə və Bazar günləri görüşün təşkil olunmasına hər iki tərəf razılaşdı. Tərəflər saat intervalının Cümə günü 17:00-dan Bazar günü 17:00-dək ünsiyyətin təşkil olunmasına hər iki tərəf qərar verdilər. Bayram və rəsmi tətil günləri, istər Şənbə günü, istərsə də Bazar gününə təsadüf edərsə uşaqlar ananın yanında qalacaq. Uşaqların doğum günləri həftənin istənilən gününə təsadüf edərsə ananın yaninda qalacaq və həmin günlərin atanın istədiyi günlə əvəz olunmasına tərəflər qərar verdilər. Bundan əlavə olaraq 25 iyul 2025-ci il və 27 iyul 2025-ci il tarixlərində uşaqlar anada olacaq. Tərəflər Maraqlı şəxs1 və cavabdeh X5 birgə Nigahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 yaşayışı üçün nəzərdə tutulan aliment tələbi hər ay hər bir uşaq üçün 150 azn toplamda 300 azn aliment məbləğini yalnız sazişin imzalandığı gündən 3 ay ərzində aprel, may, iyun ayları üçün tətbiq olunacaq. Balakən Rayon Məhkəməsinin e-2(019)-604/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindın görünür ki, iddiaçı X4 ilə cavabdeh Maraqlı şəxs1 arasında xx.xx.2019-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 258 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 2025-ci ilin iyul ayından başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci ildə doğulmuş X6 və xx.xx.2023-cü ildə doğulmuş X1 üçün cavabdeh Maraqlı şəxs1 iddiaçı X2 xeyrinə hər ay hər uşaq üçün - sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Maraqlı şəxs1 və X4 birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 himayəsinin ana X3 verilməsinə hər iki tərəf razılaşmış, tərəflər X4 və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 yaşayışı üçün nəzərdə tutulan aliment miqdarının hər ay hər uşaq üçün 150 AZN məbləğinin toplamda 300 azn aliment məbləğinin yalnız sazişin imzalandığı gündən 3 ay ərzində aprel, may, iyun ayları üçün ödənilməsinə hər iki tərəf razılaşmış, sazişin imzalandığı vaxtdan təmin olunması qeyd edilmiş və bu barədə tərəflər arasında xx.xx.2025-ci il tarixli MŞŞ/Ş1-2025-00619 nömrəli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Alimentdən 200 manat ödəniş etmiş, qalan borcunu ödəməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin alimentə və uşaqların himayəsinə dair barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Şəki 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: uşağın himayəsi - tərəflər İddiaçı Maraqlı şəxs1 və cavabdeh X5 birgə Nigahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 himayəsinin ana X3 verilməsinə hər iki tərəf razılaşdı; aliment tələbi - Tərəflər Maraqlı şəxs1 və X4 birgə Nigahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 yaşayışı üçün nəzərdə tutulan aliment tələbi hər ay hər bir uşaq üçün 150 azn toplamda 300 azn aliment məbləğini yalnız sazişin imzalandığı gündən 3 ay ərzində aprel may iyun ayları üçün tətbiq olunacaq. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Şəki 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞŞ/Ş1-2025-00619 nömrəli barışıq sazişi uşağın himayəsi və aliment hissəsində təsdiq edilsin. Tərəflər Maraqlı şəxs1 və Şamxalova (Əhmədova) Marcina Mahamahacıyevnanın birgə nikahından dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 himayəsi ana Şamxalova (Əhmədova) Marcina Mahamahacıyevnaya verilsin. Maraqlı şəxs1 və Şamxalova (Əhmədova) Marcina Mahamahacıyevnanın birgə nikahından dünyaya gələn xx.xx.2020-ci il doğumlu X7 və xx.xx.2023-cü il doğumlu X8 yaşayışı üçün hər ay hər bir uşaq üçün 150 AZN toplamda 300 AZN aliment məbləği yalnız sazişin imzalandığı gündən 3 ay ərzində aprel, may və iyun ayları üçün tətbiq olunsun. Aliment üzrə edilmiş ödənişlər nəzərə alınsın. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar