10.1. Ailə kəndli təsərrüfatına dövlət himayəsi digər təsərrüfatçılıq subyektləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada şamil edilir.
10.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr müvafiq proqramlar çərçivəsində ailə kəndli təsərrüfatının dəstəklənməsinə maliyyə vəsaiti nəzərdə tuta bilərlər və ailə kəndli təsərrüfatının inkişafı üçün aşağıdakı istiqamətlərdə kömək göstərə bilərlər:
10.2.1. istehsal və sosial infrastrukturunun formalaşması və yerlərdə ailə kəndli təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat təşkilatları şəbəkəsinin təşkili və inkişaf etdirilməsinin stimullaşdırılması;
10.2.2. aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkilinin, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və ləvazimat ilə təminatın, mütərəqqi texnika və texnologiyaların tətbiqinin dəstəklənməsi, ekoloji təmiz istehsalın təşviqi;
10.2.3. ailə kəndli təsərrüfatına güzəştli kreditlərin verilməsinin və lizinq xidməti göstərilməsinin dəstəklənməsi;
* (10.2.3-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
10.2.4. ailə kəndli təsərrüfatında məşğulluğun artırılmasını təmin edən xalq sənətkarlığının, yaşıl turizmin, ənənəvi və qeyri-kənd təsərrüfatı fəaliyyət sahələrinin inkişaf etdirilməsinin dəstəklənməsi;
10.2.5. ailə kəndli təsərrüfatı üzvlərinə elmi və informasiya-məsləhət xidməti göstərilməsinin, onların peşə hazırlığı və yenidən hazırlığının təşkili;
10.2.6. nailiyyətlərin nümayişi, öyrənilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə müsabiqələrin, sərgilərin, seminarların və təcrübə mübadiləsinin təşkil edilməsi;
10.2.7. ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkaların təşkil edilməsi;
10.2.8. ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi;
10.2.9. daxili bazarın monitorinqinin aparılması və haqsız rəqabətin qarşısının alınması və digər istiqamətlərdə.