10.1. Atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir.
10.2. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
10.3. Atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
10.4. Atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsi mümkün olmadığı halda müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmasını müəyyən edə bilər.
10.5. Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər.
10.6. Atmosfer havasına zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi məqsədilə atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi və zərərli fiziki təsirin yol verilən həddi müəyyən edilir.
10.7. Bu Qanunun 10-cu maddəsində göstərilən normativləri və digər göstəriciləri, onların müəyyən edilməsi üsulları beynəlxalq standartlar, elmi-texniki tərəqqi və ekoloji vəziyyətin tələbləri nəzərə alınmaqla mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təkmilləşdirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilir.