Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Hava limanları və aerodromlar

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Beynəlxalq hava limanları, mülki aerodromlar dövlət, xüsusi və bələdiyyə, hərbi aerodromlar isə dövlət mülkiyyətindədir.

10.2. Mülki hava limanları və (və ya) aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, o cümlədən təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılmalıdır.

10.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada uyğunluq sertifikatı almayan hava limanlarının və (və ya) aerodromların istismarına yol verilmir.

10.4. Hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatı verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sertifikatlaşdırılmış hava limanlarına və (və ya) aerodromlara, yerüstü xidmət vasitələrinə nəzarəti həyata keçirir və müfəttiş yoxlamaları aparır.

10.5. Hava limanının və (və ya) aerodromun istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə uyğun olmadıqda, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin müəyyən olunmuş səviyyədə təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava limanının və (və ya) aerodromun istismarına dair məhdudiyyətlər tətbiq edir və ya istismarına qadağa qoyur.

10.6. Aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə xələl gətirməmək şərtilə, hava limanının və (və ya) aerodromun istismarçısına çatışmazlıqların aradan qaldırılması üçün müddət müəyyən edir. Bu müddət ərzində hava limanı və (və ya) aerodrom üçün müvafiq məhdudiyyətlər müəyyən edilə bilər.

10.7. Aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 10.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində aradan qaldırılmazsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş uyğunluq sertifikatı ləğv edilir.

10.8. Hava limanlarına və aerodromlara gedən yolların inşası, yenidən qurulması, abadlaşdırılması və istismarı, bu yollarda sərnişin nəqliyyatının müntəzəmliyi, habelə şəhərlərin və digər yaşayış məntəqələrinin hava limanları və aerodromlarla kommunikasiyası və telefon rabitəsi təmin edilir.

10.9. Hərbi və digər xüsusi rejimli zonaların yaxınlığında yerləşən hava limanlarının və aerodromların mühafizəsi dövlət tərəfindən təmin olunur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) buna nəzarət edir.

10.10. Hərbi və digər xüsusi rejimli zonaların yaxınlığında yerləşən hava limanları və aerodromların təhlükəsizliyinə təhdidlər yarandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin hava limanlarının və (və ya) aerodromların təhlükəsizliyi təmin olunana qədər mülki məqsədlər üçün istismarına məhdudiyyətlər tətbiq edir və ya onların fəaliyyətini dayandırır.

10.11. Mülki hava limanları və (və ya) aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə uyğun layihələndirilir və istismar olunur.

10.12. Hava limanları və aerodromlar hava gəmisinin istismarına hər hansı təhdid yarada biləcək şəxslərin, nəqliyyat vasitələrinin, o cümlədən heyvanların hərəkət zonasına girişinin qarşısının alınması üçün mühafizə vasitələri ilə təmin olunur.

10.13. Mülki, eksperimental və dövlət aviasiyasına xidmət edən hava limanları və (və ya) aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Mülki, dövlət və (və ya) eksperimental aviasiya hava gəmilərinin birgə baza yeri olan birgə bazalı aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır.

10.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət qeydiyyatına alınmış hava limanları və (və ya) aerodromlar həmin orqan (qurum) tərəfindən aparılan hava limanları və (və ya) aerodromların dövlət reyestrinə daxil edilir.

10.15. Aerodrom istismarçılarının və hava hərəkəti xidmətlərini təmin edən təchizatçının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan məlumat qeydiyyat sisteminə çıxışı təmin edilir.

10.16. Fəaliyyətinin növündən və həcmindən asılı olaraq, aerodrom istismarçısı uçuşların təhlükəsizliyinin idarə edilməsi üzrə toplanmış məlumat bazası əsasında müvafiq tələblərə uyğunluğu və təhlükəsizliyi təmin etmək üçün risklərin idarə edilməsi sistemini hazırlayır və daim təkmilləşdirir.

10.17. Hava limanlarının və aerodromların istismarçıları tərəfindən fövqəladə hallar üçün fəaliyyət planı tərtib edilir, xilasetmə və yanğınsöndürmə işlərinin təşkili üçün tədbirlər görülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver