Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Aerodromyanı ərazi və onun istifadəsinə dair məhdudiyyətlər

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəzarət həyata keçirilir.

11.2. Aerodrom istismarçısı uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aerodromyanı ərazidə və onun yaxınlığında gözqamaşdırıcı işıqların, rabitə, naviqasiya və müşahidə sistemlərinin normal işinə mənfi təsir göstərə bilən hərəkətli və ya sabit obyektlərin, cihazların, radiasiya mənbələrinin və hər hansı digər maneənin yerləşdirilməsinə nəzarəti təmin edir.

11.3. Aerodromyanı ərazinin hüdudlarında yaşayış məntəqələrinin layihələndirilməsi, inşası, habelə sənaye, kənd təsərrüfatı və digər obyektlərin inşası və yenidən qurulması uçuşların təhlükəsizliyinə dair tələblərə riayət olunmaqla, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır və aerodrom istismarçısı tərəfindən risklərin idarə edilməsi həyata keçirilir.

11.4. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılıq verməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

11.5. Aerodromyanı ərazinin hüdudlarında məskunlaşma, daşınmaz əmlak obyektlərinin qanunsuz istifadəsi, habelə sanitariya və əhalinin sağlamlığının qorunması qaydalarının pozulması aşkar edildikdə, aerodrom istismarçısı bu barədə rəy hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), aerodromun yerləşdiyi ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və bələdiyyəyə göndərir.

11.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 11.4-cü maddəsində nəzərdə tutulan razılıq əsasında, yaxud öz təşəbbüsü ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qanunun və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin pozulması hallarını araşdıraraq, aerodromyanı ərazidə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver