Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. Mülki aviasiya sahəsində sığorta tələbləri

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. Hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə qanunda müəyyən edilmiş qaydada öz məsuliyyətini sığortalamayan istismarçının hava gəmisindən istifadə etməsinə yol verilmir.

42.2. Digər dövlətlərdən Azərbaycan Respublikasına, Azərbaycan Respublikasından digər dövlətlərə və ya Azərbaycan Respublikasının ərazisində uçuşları həyata keçirən bütün istismarçıların hava gəmisindən uçuş məqsədilə istifadə nəticəsində, habelə xidmət təminatçıları tərəfindən aviasiya fəaliyyəti zamanı vurulan zərərə görə müvafiq olaraq aşağıdakıların sığorta etdirilməsi tələb olunur:

42.2.1. hava gəmisinin əmlak qismində sığortalanması;

42.2.2. hava gəmisinin bortunda uçuş, təlim-məşq və yoxlama aparılması zamanı hava gəmisinin heyətinin, habelə hava gəmisinin bortuna daxil olmağa icazəsi olan digər şəxslərin həyat və sağlamlığına vurulan zərərə görə məsuliyyət;

42.2.3. hava gəmisinin sərnişinlərinin həyatına və sağlamlığına, yaxud hava gəmisinin bortundakı əmlakına vurulan zərərə görə məsuliyyət;

42.2.4. yükgöndərənin və ya yükalanın hava gəmisinin bortundakı əmlakına vurulan zərərə görə məsuliyyət;

42.2.5. üçüncü şəxslərin həyat və sağlamlığına, yaxud əmlakına vurulan zərərə görə məsuliyyət;

42.2.6. aviasiya personalının və xidmət təminatçılarının peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı dəyən zərərə görə məsuliyyət.

42.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fərqli qaydalar müəyyən edildiyi hallar istisna olmaqla:

42.3.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, habelə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin istismar etdiyi digər dövlətə məxsus olan hava gəmisinin heyəti əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa;

42.3.2. bu Qanunun 42.3.1-ci maddəsində göstərilən hava gəmiləri ilə Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən daşınan sərnişinlər fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver